"Qalib gələcəkmi cahanda kamal?"
Azərbaycan ədəbiyyatının nəhəng simalarından olan Səməd Vurğunun
bircə misrasına müraciət etmək kifayət edir ki, bir-birindən
dəyərli fikirlər incitək sıralanaraq düşüncələrinə hakim
kəsilsin...
Yuxarıda iqtibas etdiyim misradakı "kamal" sözü ilə ustad Kamal
Abdullanın adı arasında paralellər, uyğunluqlar apararaq həmin
ritorik sualı məxsusi şəkildə cavablandırmaq istəsəm də, şairimizin
daha bir misrasının pıçıltısını eşidirəm: "Qızılı örtsə də qara
torpaqlar, Yenə qiymətini özündə saxlar!" Doğrudur, Caviddən,
Müşfiqdən tutmuş kommunist rejiminin son nəfəsinədək nə qədər
istedadlarımız dəyərini özündə saxlasalar da, "vaxtında"
qədr-qiymətini ala bilməyərək "qara torpaqlar altında" qaldılar...
Amma nə xoş halımıza ki, bu gün Azərbaycanımızın azad, müstəqil
günlərini görə bildik və artıq istedadlarımız dünyada
tanınır...
Əslində, yazıçı Kamal Abdullanın "tanınması" tarixi lap həmin
Sovet dönəmindən başlayıb. Hələ namizədlik və doktorluq
dissertasiyaları ilə tanış olan elmi ictimaiyyət, ədəbiyyatşünaslıq
meydanına ciddi, güclü, yeni yanaşma tərzi olan bir alimin
gəldiyini qəbul etdi. Daha sonra bədii yaradıcılıq sahəsində
çoxvariantlı, müxtəlif qatlarda və zamanlarda baş verən hadisələri
bir süjet halında təqdim edən nəsr əsərləri onun novator yazıçı,
dünya ədəbiyyatı korifeylərinin yaratdıqları əsərlər səviyyəsində,
lakin Azərbaycan mühiti, milli təfəkkür meydanı daxilində təqdim
edən qüdrətli bir nasir olduğunu göstərdi. Kamal Abdulla Azərbaycan
ədəbiyyatı üçün yeni olan priyomları, təhkiyə tərzini o qədər milli
müstəvidə təqdim edir ki, onları az qala folklor nümunəsi kimi
qəbul edirsən, sanki qədim dastan, yaxud nağıl oxuyursan. Amma bu
"nağıl"ların vərdiş etmədiyimiz adları olan qəhrəmanları bizə
müasir, qlobal problemlərin həlli barədə çox mətləbdən söz
açır...
Deyəsən, nəzərdə tutduğum niyyətdən çox uzaqlara getdim... Axı
,mən onun əsərlərindəki bədii xüsusiyyətləri açmaq iddiasından çox
uzağam. Sadəcə, onu bildirmək istəyirəm ki, əsil istedad öz
qiymətini mütləq alır! Bu gün Kamal Abdullanın çoxlu ölkə və
beynəlxalq mükafatlar almasına adi hal kimi baxılır və məsələyə
haqqın qələbəsi kimi yanaşılır. Xüsusən, "Yarımçıq əlyazma"
romanına görə İtaliyada ədəbiyyat ödülünün təqdim olunması bütün
ölkə üçün xoş xəbər oldu. İndi də akademik Kamal Abdullanın Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü
– akademiki seçilməsi ədəbiyyat adamlarını bir daha istedadın
təntənəsiylə tanış etdi. Zənnimcə, Kamal Abdullanın belə uğurları
hələ davam edəcək...
Bildiyimiz kimi, beynəlxalq aləmdə ən nüfuzlu ədəbiyyat ödülü
Nobel mükafatıdır. Mayası Azərbaycan neftindən qaynaqlanan bu
mükafatı türkiyəli yazıçı Orxan Pamuk alanda həm qürur duyduq, həm
də, açığını desəm, bir az qısqanclıq keçirdik. Məgər bizdə buna
layiq yazıçı yoxdur?..
Bəli, var! Hazırda bu yolda məhz akademik Kamal Abdulla inamla
irəliləyir. Mükafatın prosedurunu təsəvvür belə edə bilməsəm də,
qalib gəlmiş əsərləri oxuduqca, onları Kamal Abdullanın əsərləri
ilə müqayisə etdikcə bu fikir bir daha möhkəmlənir.
Nobel mükafatını çoxdan haqq etmiş böyük yazıçı, alim, dövlət
xadimi, akademik Kamal Abdulla bu mükafatı da alandan sonra yazımın
əvvəlində Səməd Vurğundan misal gətirdiyim misradakı "kamal" sözünü
böyük hərflə yazaraq, Azərbaycanı dünyaya fəxrlə təqdim edəcəyimiz
günü görmək arzusuyla!..