Yuxarı

Tərs şillədən acı xəbər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elnarə Tofiqqızını xatırlarkən...

...Qəfil xəbər tərs sillə kimi tutdu məni, hələ də zərbə dəyən tərəfimin ruhunu hiss etmirəm. Əvvəl gözlərimə inanmadım, sonra ağlıma sığışdırmadım. Bəlkə yüz dəfə oxudum, şəkillərə baxdım, ağladım, ağladım... Əfsus, elə göz yaşlarım kimi heç nəyi dəyişməyə qadir olmayan acizliyim yandırıb tökdü məni. Başladı yaddaşım geri saymağa…

Tanışlıq

Onunla ilk dəfə BSU-nun pilləkənlərində qarşılaşmışdıq. İlk dəfə gördüyüm xanım saf gözləri, qədd-qaməti və xoş təbəssümü ilə diqqətimi çəkdi. Elə həmin gün konfrans zalının qarşısında təkrar qarşılaşdıq.

Mən: – Bir gündə 2 təsadüf olmaz, - dedim.

O, gülə-gülə: – Deməli təsadüf deyil!" – cavabını verdi.

Nə yaxşı ki, bu bir təsadüf olmadı və bir ömür unutmayacağım bir insanı tanımaq, sevmək, güvənmək imkanım oldu.

Elnarə xanıma "böyük bacım" deyərdim. Yaşıd olsaq da.. Arada gülüb deyirdi, yaxşı ki, xanbacı demirsən…Bakı Slavyan Universitetindəki otağı dərs başlayana qədər istirahət, dərs bitdikdən sonra Elnarə xanımla məsləhət otağım olurdu. Çay iç deyərdi.. və həmişə səbəbi vardı. Uzaq yoldan gəlmisən, uzaq yola gedəcəksən.

Ortaq məxrəclərimiz çox idi - uşaqlar, güllər, bijuteriyalar.

Ən çox uşaq psixologiyasi haqqında danışardıq… hər ikimiz üçün maraqlı idi, Bir gün uşaqlarımızı görüşdürmək, fərqli mühit və dünyagörüşlərdə tərbiyə alan, böyüyən uşaqların düşüncə tərzlərini müqayisə etmək planımızda var idi.

Gülləri çox sevərdi. Otağı gül təravətinə bürünərdi. Güllərdən həvəslə danışardıq.

Dibçəkdə bir yarpaq solanda dərd edərdi. Bir dəfə yeni açmış dibçək gülün göstərdi ki, gör nə qəşəngdi. Hec unutmayacağım bir məsləhət verdi: Güllər zərifdi, yaxından qoxulama, əzilər. Güllərə belə qıymırdı.

İri qaşlı bijuteriyaları sevərdi, xüsusilə qırmızı rəngli. Mənsə qırmızı rəngi sevməzdim. Mənə irad tutardı, qırmızını müdafiə edərdi, "ürəyimiz də qırmızıdı axı", deyərdi.

Dəyərləndirməyi sevərdi.. Gözəl gördüyü hər şeyi qiymətləndirər, könlümüzü xoş edərdi, əslində hər şeyi gözəl görərdi.

Paylaşmağı sevərdi… Kitablarını, kosmetikasını ürəklə təklif edərdi.

Ailədə Anka deyildiyini bilirdim. Özündən soruşmağa zaman imkan vermədi, qardaşından soruşdum ki, niyə Anka?

"Ata nənəm "Uzaq sahillərdə" filminə baxandan sonra deyib ki, oğlumun qızı olsa, adını Anjelika qoyacam. Onda atam hələ subay imiş. Sonra atam evlənib, qızı olub, bu adı yazdırmağa gedəndə VVAQ şöbəsində deyiblər ki, bu ad müsəlman adı deyil. Onda anam deyib ki, ailədə Anka deyərik. O vaxtdan bütün ailə ona Anka deyirdi, o bizim başımızın tacı Ankamız idi".

"Anka" bəzi mənbələrdə simurq quşu, zümrüd quşu, bəzi mənbələrdə dövlət quşu mənasındadır. Elnarə xanım özü boyda dövlət idi - zəngin, güclü…

Xatirələrim də bax beləcə, düşündüklərim kimi, qırıq kəsik, qarmaqarışıqdı.

Acılarımın çox az hissəsini ifadə edə bilirəm. Sözsüz ağrıdı bu. Cəsarətsizəm… İki körpənin məsum gözlərinə baxa bilməyəcək, ana laylasına həsrət balarını ata laylası ilə ovutmağa məhkum ataya " Allah səbir versin" deyə bilməyəcək qədər cəsarətsiz...

Müstəqil.az

Tarix
2016.05.21 / 11:54
Müəllif
Aynur Cavid
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla