Ana səhifə Gündəm |
Bu gün Bakı Dövlət Universitetində 28 May- Respublika
Gününə həsr olunmuş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdən əvvəl
Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən
Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi
olub.
Açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru, akademik
Abel Məhərrəmov, Azərbaycan Respublikası Prezidentinin
İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov, Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) başkan
yardımcısı Ali Maskan, Türkiyənin Azərbaycandakı səfiri Alper
Coşkun, KİVDF-nin sədri Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və
universitetin professor-müəllim heyəti iştirak edib.
Mərasimdə çıxış edən rektor A.Məhərərmov bildirib ki, 1928-ci ildən
jurnalist kadrları hazırlayan jurnalistika fakültəsinin tarixində
daha bir əlamətdar hadisə qeyd edilir.
"1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun
təşəbbüsü və Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA)
dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim və tələbələrin
ixtiyarına verilir. Rektor deyib ki, studiya əsaslı təmir olunub,
texniki imkanları genişlənib, ötən ay isə əməkdaşları TRT kanalında
təlim-təcrübə keçiblər".
Rektor onu da əlavə edib ki, studiyanın yaradılmasında əsas məqsəd
tələbələrə praktik vərdişlər aşılanmasıdır.
"Jurnalistika fakültəsinin 88 yaşı var, universitetin özündən 10
yaş cavandır. Fakültə yaranandan tədrisin aparılmasında praktik
vərdişlərin aşılanması əsas məqsədimiz olub. Bu gün o istəyimizə
nail olduq, artıq tələbələrimiz bu studiyada praktik vərdişlərə
yiyələnəcəklər".
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti tarixi
mütəxəssislər tərəfindən çoxdan öyrənilir.
1918-ci ilin mayın 28-də Xalq Cumhuriyyətinin yaradıldığını
xatırladan Ə.Həsənov qeyd edib ki, Xalq Cumhuriyyətinin qurucuları
səhv edərək o zaman Aleksandropol quberniyası adlanan İrəvan
xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə
gediblər: "Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini
ciddi şəkildə qoymuşdular və yaradacaqdılar da. Amma niyə bu,
Azərbaycan ərazisində - İrəvan xanlığında oldu? Bu məsələ
Azərbaycan hakimiyyəti və müasir dövrümüzün araşdırıcıları
tərəfindən Xalq Cumhuriyyətinin fəaliyyətində mənfi hal kimi təqdim
olunur".
Ə.Həsənov deyib ki, o zaman Osmanlı imperiyasının İrəvan xanlığının
itirilməsində bizə vermədiyi dəstək Bakının azad olunmasında ortaya
qoyuldu və Osmanlı imperiyası İrəvanın itirilməsindəki günahlarını
Bakının azad edilməsində kompensasiya etdi.
Ə.Həsənov əlavə edib ki, o zaman Azərbaycan Xalq Cumhuriyyətinin
diplomatik fəaliyyəti bizim indi düşündüyümüz vəziyyətdə deyildi:
"O zaman səfirliklərimiz yox idi, Xarici İşlər Nazirliyi
tanınmırdı, xaricdə faktiki olaraq, bizi dövlət kimi qəbul
etmirdilər".
Xalq Cumhuriyyətinin uğurlarından da danışan Ə.Həsənov qeyd edib
ki, Osmanlı Ordusunun iştirakı ilə Bakı şəhəri işğaldan azad olundu
və sonrakı dövrdə milli paytaxta çevrilə bildi: "Xalq Cumhuriyyəti
hökumətinin Bakıya köçürülməsi və ondan sonra burada fəaliyyət
göstərməsi Xalq Cumhuriyyəti qurucularının həm bu günki, həm
gələcək tarix, həm də Azərbaycan xalqı qarşısında da ən böyük
xidmətlərindən biridir. Çünki İrəvan və başqa ərazilər itirilən
kimi Bakı da itirilə bilərdi. 23 ay fəaliyyət göstərən Xalq
Cumhuriyyətinin digər əsas uğuru Azərbaycan dövlətinin əsas
təsisatlarının yaradılması olub. Ümummilli lider Heydər Əliyev
1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün
təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demoktratik
idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş
cəmiyyəti normaları, onların qurduğu bazar iqtisadiyyatı
prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları - bütün
sahələr üzrə Xalq Cumhuriyyətinin müvafiq təsisatlarına sahib
çıxdıq".
Ə.Həsənov deyib ki, Xalq Cumhuriyyətinin o dövrdəki iflası qaçılmaz
idi: "İndi bəziləri günahlandırır ki, Türkiyə bizə sahib olmadı.
Bəziləri deyir ki, Türkiyə Rusiya ilə sazişə gedərək Xalq
Cumhuriyyətini qurban verdi. Sözün həqiqi mənasinda Türkiyə o zaman
da, indi də Azərbaycanın əsas müttəfiqi olub. Amma o dövrdə
çıxarılan qərarlar indi mübahisə doğurur. Xalq Cumhuriyyəti o
dövrdə əsasən, bolşevik Rusiyasının diqqət mərkəzində idi".
Müasir dövrün də bəzi tarixi məsələlərinə diqqət çəkən Ə.Həsənov
deyib ki, o dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti "türkün
türkdən başqa dostu yoxdur" deyərək Azərbaycanda etnik qarşıdurmaya
rəvac vermişdi: "Bəzi etnik azlıqlar - talışlar, kürdlər Azərbaycan
Xalq Cəbhəsi hakimiyyətinə etibar etmirdi. Bu insanlar Azərbaycanda
hansı statusla yaşamalı idilər? Ancaq ümummilli lider Heydər
Əliyevin çağırışı ilə Azərbaycan ərazisindəki bütün vətəndaşların
milli birlik platforması elan edildi və bunu təməl prinsipi kimi
qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını
işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu,
azərbaycançılıq ideologiyası idi".
Ə.Həsənov deyib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə qayğı göstərir.
Tarix
2016.05.26 / 20:51
|
Müəllif
Axar.az
|