Sankt-Peterburq görüşü
müsbət qiymətləndirilsə də, hələ ortada heç bir uğur yoxdur. Bu
müsbətin uğura çevrilib-çevrilməməsi isə sonrakı hadisələrin
inkişafından asılı olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq
Rasim Musabəyov deyib. Sankt-Peterburq görüşünün nəticələrini şərh
edən deputatın sözlərinə görə, əslində, Anjey Kaspşikin
missiyasının genişləndirilməsi daha öncədən məlum idi:
"Çünki Azərbaycan buna Vyanada razılıq vermişdi. Əsas məsələ
danışıqlar prosesinin bundan sonra davamı və nəticəsidir.
Sankt-Peterburq görüşü müsbət qiymətləndirilsə də, hələ ortada hər
hansı bir uğur yoxdur. İndi bu müsbətin uğura çevrilib-çevrilməməsi
isə sonrakı hadisələrin inkişafından asılı olacaq. Yəni siyasi
proseslərin gedişatı bu görüşün nəticələrinə bağlıdır. Fikir verin,
Sankt-Peterburqda heç istənilən atmosfer də yox idi. Azərbaycan və
Ermənistan prezidentlərinin bir-birlərinin əllərini belə sıxmaq
istəməməsi bunu sübut edir".
Politoloqun qənaətinə görə, Rusiya görüşünün ilkin nəticələri
real vəziyyəti dəyişməyəcək:
"Azərbaycan təkidlə konkret məsələlərin həlli ilə bağlı
danışıqların bərpasını və prosesin uzanmadan həyata keçirilməsini
tələb edir. Bu razılaşma əldə olunub. Çünki Ermənistan təmas
xəttində nəzarətin möhkəmlənməsi ilə bağlı təkid etsə də,
araşdırmalarla bağlı olan tələblərin heç biri yaxın buraxılmadı.
Kaspşikin missiyasını genişləndirməsinə isə Bakı çoxdan razılıq
vermişdi. Onun 6 nəfər köməkçisi var idi, indi lap 12 nəfər olsun.
Bu, real nəzarəti dəyişmir, təmas xəttində atəşkəsin qorunması bu
dəfə də tərəflərdən asılı olacaq".
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin
iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə
Sankt-Peterburqda üçtərəfli görüşü baş tutub. Prezidentlər
danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa
gəliblər. Görüşün yekun bəyanatında atəşkəs rejiminə riayət
olunması xüsusi vurğulanıb.