Ermənistan sərhədini qanunsuz keçərək Zəngəzurun Şəki kəndində qadına xəsarət yetirdiyi iddia edilən Azərbaycan Ordusunun əsgəri Nəsimi Rəhim oğlu Musayevə qarşı Gorus məhkəməsində cinayət işi açılıb. İş Zəngəzur məhkəməsinin hakimi Hraç Dajuntsa həvalə edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Nəsimi Musayev 28 yanvar 2026-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 777 saylı hərbi hissəsində hərbi xidmətə başlayıb:
“N.Musayev xidməti vəzifəsi ilə əlaqədar olaraq MM 5087 seriya nömrəli, 1961-ci il istehsalı olan AKM tipli avtomatı, 7,62 mm (7,62×39) kalibrli 140 ədəd döyüş və 10 ədəd təlim (boş) patronu, həmçinin bir ədəd süngü-bıçağı ilə 26 sentyabr 2026-cı il tarixində, saat 20:00-dan 22:00-dək Azərbaycan Respublikasının Laçın rayonunda yerləşən 29 nömrəli döyüş mövqeyində xidmət aparıb.
Həmin vaxt N.Musayev dövlət sərhədini Zəngəzur rayonunun İşxanasar qəsəbəsinin inzibati ərazisindən keçərək qanunsuz olaraq Ermənistan Respublikasının ərazisinə daxil olub.
Eyni zamanda, N.Musayev yuxarıda qeyd olunan odlu silahı, sursatları və soyuq silah olan süngü-bıçağı Ermənistan Respublikasının dövlət sərhədindən gömrük nəzarətindən kənar keçirərək, onların daşınması üçün müəyyən edilmiş qaydaları, o cümlədən qadağanı pozub.
N.Musayev Ermənistan ərazisinə daxil olduqdan sonra Zəngəzur rayonunun Sisian icmasının Şəki kəndinə çatıb və orada 30 sentyabr - 1 oktyabr 2026-cı il tarixləri arasında həmin qəsəbənin 6-cı küçəsindəki 20 nömrəli evin sakinlərinin iradəsinə məhəl qoymadan qanunsuz olaraq adıçəkilən mənzilə daxil olub.
N.Musayev qeyd olunan fərdi evdəki əmlakı oğurlamaq niyyəti ilə gizli şəkildə otaqlardan birindəki çarpayıdan 12 000 dram dəyərində “Xiaomi” markalı mobil telefon, 5 000 dram dəyərində ağıllı saat və bir cüt şalvar, qonaq otağından 9 000 dram və bank kartı, evin giriş qapısından isə müxtəlif növ iki cüt ayaqqabı götürərək, mənzilin sahibi Ani Avetisyana ümumilikdə 26 000 dram məbləğində maddi ziyan vurub.
2026-cı il oktyabrın 1-də, saat 14:00 radələrində, həmin ünvanda yaşayan azyaşlılar Rozi Armeni Avetisyan və Kajik Armeni Avetisyan qeyd olunan mənzilə qayıdıblar. N.Musayev R.Avetisyan və K.Avetisyanı AKM markalı avtomatla hədələyərək, qonaq otağındakı divanda oturmağa və mobil telefonlarını təhvil verməyə məcbur edib.
Bu vaxt, qızı Rozi Avetisyanla telefon söhbəti zamanı mənzildə silahlı bir şəxsin olduğunu öyrənən Ani Kajiki Avetisyan həmin mənzilə gəlib.
N.Musayev Ani Avetisyanın sağlamlığına ciddi zərər vurmaq, həmçinin Rozi və Kajik Avetisyanların həyat və ya sağlamlığını təhlükə altına atmaq məqsədilə, mənzilin daxilində yuxarıda qeyd olunan tüfəngdən altı dəfə atəş açıb. Atəşlərdən biri Ani Avetisyanın sol bud nahiyəsinə dəyərək deşici güllə yarasına səbəb olub. Bundan sonra o, Ani Avetisyanı çarpayıya yıxaraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib və bununla da qəsdən onun həyatı üçün təhlükəli olan bədən xəsarətləri yetirib. Bu xəsarətlər nəticəsində sol əlin birinci barmağının əsas falanqasının subtotal amputasiyası, 3-cü və 4-cü barmaqların uc falanqalarının cırılmış yaraları, sümüklərdə kənar sınıqlar və yanıqlar, sağ ön qolun aşağı üçdə bir hissəsinin ön səthində cızıqlar, sol qolda və sağ biləkdə göyərmələr, sol ön qolda qansızma, həmçinin sol budun aşağı üçdə bir hissəsində, bud sümüyünün diafiz hissəsinin aşağı üçdə birinin çoxqəlpəli sınığı, əzələlərin və sinir-damar dəstəsinin zədələnməsi ilə müşayiət olunan və güclü qanaxmaya səbəb olan deşici güllə yarası qeydə alınıb.
Nəsimi Musayev yuxarıda qeyd olunan əməlləri törətdikdən sonra Şəki kəndinin Sisian icmasının 6-cı küçəsindəki 26 saylı evin yanında yerləşən mal-qara tövləsinin ərazisində gizlənib və həmin gün saat 16:15-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tapılaraq həbs edilib”.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
N.Musayev 26 sentyabrda hərbi hissəni özbaşına tərk edib.
Bundan əvvəl onun azaraq Ermənistana keçdiyi, ac olduğu üçün boş olan evə girdiyi, yemək yediyi, ev yiyələrinin isə ona hücum çəkdiyi, bıçaqla xəsarət yetirdiyi və buna görə də məcbur qalıb atəş açdığı haqda məlumat yayılmışdı.
Buna görə də N.Musayevdən “evə girən oğru” kimi bəhs edilməsi təəccüb doğurur.