Hadisələrin inkişafı, yeni dünya düzəninin
formalaşdırılması ilə bağlı Qərbin cəhdləri göstərir ki, Rusiya
yavaş-yavaş geri çəkilməkdədir.
Bu sözlər sabiq dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a
açıqlamasında yer alır. Sankt-Peterburq görüşünün tam məqsədinə
nail olmadığını deyən politoloqun qənaətinə görə, Rusiya bununla
iplərin tamamilə onun əlində olduğunu və bir növ supergüc kimi
müəyyən bölgələrə nəzarət etdiyini sanki Qərbə nümayiş etdirdi:
"Həmsədrlərin görüşün yalnız son raunduna buraxılması, onlara
səlahiyyətlərini tam icra etməyə imkan verilməməsi bütün Qərb
dünyasına siyasi bir mesaj idi. Putinin bir neçə gün öncə dünyanın
taleyinin ABŞ-dan asılı olduğunu etiraf etməsinə baxmayaraq,
əslində, bu, Rusiyanın Amerikaya yenidən barmaq silkələməsi və
əzələ nümayişidir. Əgər Moskva bu görüşlər silsiləsini belə ağır və
istəklərinə uyğun şəkildə apararsa, bu xətt bir yerdə qırılacaq.
Çünki Bakı görüş naminə görüş keçirmək fikrində deyil və bütövlükdə
Azərbaycanın taleyini həll etmək kimlərəsə tapşırılmayıb. Rusiya
Qarabağın iqtidarını tamamilə əlinə almaq prinsipi ilə bu məsələni
həll edə bilməz. Görüşün təfərrüatı ilə bağlı bəzi detallar hələ
açılmayıb. Yəni diplomatik bəyanat hələ heç nə demək deyil. Söhbət
problemin mərhələli, yoxsa paket həll variantından gedir. Moskvanın
dərdi ermənilərlə birlikdə Dağlıq Qarabağın statusu məsələsidir.
Çox güman ki, danışıqlar bu kontekstdə gedib, ancaq rayonların
qaytarılmasının açıq və birmənalı formada vurğulanmaması və bunun
yekun nəticədə elan edilməməsi görüşün əhəmiyyətini heçə
endirdi".
Politoloq bildirib ki, hazırda əsas vurğu, diqqət tərəflər
arasında etimad mühitinin yaradılmasına və böyük sülh sazişinə
yönəldilməlidir:
"Rusiya danışıqların gedişi ilə bağlı açıq bəyanat verməli və
yaxın vaxtlarda sülh yaratmaq prosesinin yol xəritəsini bəyan
etməlidir. Ən azından Azərbaycan ictimaiyyətinə bəlli olmalıdır ki,
işğal edilmiş ərazilərimizin azad edilməsinin xəritəsi necə təşkil
olunub. Yəni söhbət 5+2 prinsipindən, yoxsa başqa məsələdən gedir.
Ermənilərin işğal edilmiş ərazilərimizdən çıxarılmasının dəqiq yol
xəritəsini bilməliyik. Əks təqdirdə əlaqələr üzülə, ordu quruculuğa
daha ciddi surət ala bilər. Azərbaycan müharibə tərəfdarı deyil.
Biz əlverişli beynəlxalq şəraitin yetişməsini gözləyirik.
Hadisələrin inkişafı, yeni dünya düzəninin formalaşdırılması ilə
bağlı Qərbin cəhdləri göstərir ki, Rusiya yavaş-yavaş geri
çəkilməkdədir. Bu prosesdə isə Azərbaycan üçün yeni perspektiv və
şanslar açılır. Çox da uzaq olmayan bir vaxtda bunun şahidi
olacağıq və o zaman Azərbaycan hökm edən tərəf olacaq".
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin
iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə
Sankt-Peterburqda üçtərəfli görüşü baş tutub. Prezidentlər
danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa
gəliblər. Görüşün yekun bəyanatında atəşkəs rejiminə riayət
olunması xüsusi vurğulanıb.