Sankt-Peterburqda Azərbaycan
və Ermənistan prezidentləri Rusiya prezidenti Vladimir Putinin
iştirakı ilə görüşdü. Bundan əvvəl ABŞ, Fransa və Rusiyanın
iştirakı ilə Vyanada görüşən tərəflər atəşkəsin rejiminin
gücləndirilməsi məsələsi ilə bağlı razılığa gəlmişdilər. Bu
razılaşmadan sonra təmas xəttində sakitlik bərpa olundu, lakin bu,
tərəflərin fikir ayrılığının aradan qalxması demək deyil. Bunun
ardından, iyunun 20-də tərəflər Vladimir Putinin vasitəçiliyi ilə
görüşdü və münaqişənin həll edilməsi ilə bağlı qarşılıqlı arzular
ifadə olundu, həmçinin, danışıqların davam etdirilməsi üzrə razılıq
əldə edildi. Lakin bütün bu görüşlər qədim münaqişədə böyük
nailiyyət əldə olunacağını öncədən xəbər vermir.
Publika.az xəbər
verir ki, bu barədə ABŞ kəşfiyyatının "kölgəsi" hesab olunan
"Stratfor" mərkəzinin prezidentlərin Sankt-Peterburq görüşü ilə
bağlı şərhində deyilir.
Məşhur amerikalı analitik Corc Fridmanın rəhbərlik etdiyi mərkəz
qeyd edir ki, liderlərin vədlərinə baxmayaraq, münaqişə zonasında
vəziyyətin stabil qalacağına zəmanət yoxdur: "Ermənistan faktiki
olaraq bu ərazilərə nəzarət edir və Azərbaycana güzəştə getmək
istəmir. Aprel döyüşləri ilə bütün dünyanın diqqəti bu regiona
kilidləndi. Azərbaycan bu döyüşlərlə müəyyən əraziləri geri ala
bildi, lakin bu müharibənin siyasi dividenti daha çox oldu. Belə
ki, münaqişə yenidən alovlandığı üçün beynəlxalq ictimaiyyət məcbur
də olsa prosesi gücləndirdi, diplomatik fəaliyyət artdı".
Məqalədə bildirilir ki, bu münaqişədə Rusiyanın vəziyyəti daha
mürəkkəbdir: "Rusiya Ermənistanla strateji tərəfdaşlığa baxmayaraq,
Azərbaycanla da yaxın əlaqələrə malikdir. Təsadüfi deyil ki, aprel
eskalasiyasında o Ermənistan tərəfindən çıxış etmədi. Əslində
Rusiyanın məqsədi aşkardır. Ruslar Dağlıq Qarabağda idarəolunan
münaqişə formalaşdırmaq istəyirlər. Bu da Moskvanın qaynayan
münaqişə üzərindən regionda arbitr olmaq imkanı verir. Bu
strategiyanın digər hədəfi, xarici qüvvələrin regiona təsirini
cilovlamaq, yəni Türkiyə və Qərbin Azərbaycan və Ermənistanla
yaxınlaşmasına imkan verməməkdir".
"Stratfor" sülh danışıqlarının davam etməsinə baxmayaraq,
regionda müharibə ehtimalının qaldığına diqqət çəkir.
"Hələlik, vasitəçilik fəaliyyəti gücləndirilmiş formada işləyir.
Atəşkəsin pozulmasının intensivliyinin qarşısı alınıb. Lakin bu
nisbi sülhün davam etməsinə zəmanət verilmir. Əgər, Azərbaycan
danışıqların mənasız yerə uzandığını hiss etsə, onun səbri tükənə
bilər. Bu isə regionda yeni müharibə dalğası deməkdir", - mərkəz
yazıb.