Ana səhifə Planet |
Qardaş Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan
böhranın aradan qalxmasını ən çox istəyən dövlət olub. Türkiyə ilə
Rusiya arasında münasibətlərin müsbətə doğru həllində Azərbaycanın
böyük rolu var.
Bu sözləri Publika.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük
Millət Məclisin (TBMM) keçmiş sədri, parlamentin hakim Ədalət və
İnkişaf Partiyasının (AKP) Ankaradan seçilən millət vəkili Cəmil
Çiçək bildirib.
C.Çiçək deyib ki, Türkiyə Azərbaycanın bu səylərini alqışlayır və
yüksək qiymətləndirir: "Məhz buna görə də Türkiyənin baş naziri
Azərbaycana təşəkkürünü çatdırdı. Biz Azərbaycanın bu səylərini əsl
qardaşlıq nümunəsi hesab edirik. Doğrudan da Azərbaycan regionun
ciddi söz sahibi olan dövlətidir. Eyni zamanda, Azərbaycan regionun
strateji əhəmiyyətli dövlətidir. Ümid edirəm ki, Rusiya ilə Türkiyə
arasında münasibətlərin normallaşması prosesi Qarabağ münaqişəsinin
həlli istiqamətində də baş verəcək".
Sabiq spiker həmçinin qeyd edib ki, Türkiyə Cümhuriyyəti yaranandan
bəri xarici siyasətimizin əsasını ölkədə və dünyada sülhün mövcud
olması təşkil edir: "Çünki müharibələrin və münaqişələrin nə qədər
böyük problemlər yaşatdığını yaxşı bilirik. Ona görə də biz məcbur
qalmayanadək, haqqımız və hüququmuz tapdalanmayana qədər hər kəslə
sülh olmasına çalışarıq. Xüsusilə də Türkiyə öz coğrafiyasından
baxdıqda, ətrafında nə qədər böyük münaqişələrin yaşandığını görür.
Türkiyə Suriya və İraqdakı müharibələrin acısını yaşayır. Bütün
bunlara görə də Türkiyə hər zaman sülhün tərəfdarı olub və bütün
dövlətlərlə münasibətlərin normal olmasına çalışıb. Ancaq
zaman-zaman Türkiyədən asılı olmayan səbəblərə görə bir sıra
dövlətlərlə münasibətlərdə soyuqluq yaşanıb".
C.Çiçək vurğulayıb ki, Türkiyə nə Rusiya, nə də İsraillə
münasibətlərin pisləşməsini arzu edib: "Amma buna rəğmən Türkiyə
ilə Rusiya və İsrail arasında məlum problemlər yaşanıb. Hazırda
münasibətlərin normallaşması üçün tərəflər arasında yaxşı iradə
mövcuddur və ortaq danışıqlar aparılır. Ümid edirəm ki, bu
normallaşma prosesi Türkiyənin və digər dövlətlərin indiyədək
itirdiklərini qaytarmaq üçün fürsət olacaq. Türkiyə bu istiqamətdə
səylərini əvvəllər olduğu kimi, indi davam etdirir. İnanıram ki, bu
addım münaqişə yaşayan digər ölkələr üçün də nümunə olacaq. Çünki
bu gün dünyada təkcə Türkiyə ilə Suriya və ya Rusiya arasında
problem yoxdur. Çox təəssüf ki, Türkiyənin yerləşdiyi regionda
sabitlik pozulub. Türkiyənin qonşusu olan İraq və Suriyada baş
verən hadisələr dünyaya məlumdur.
Eyni zamanda, Kipr məsələsi də Türkiyə üçün çox əhəmiyyətlidir.
Kipr problemi 50 ildir ki, davam edir. Kiprdə də ədalətli sülhün
reallaşmasını ümid edirik. Bütün bunlar təkcə Türkiyə üçün deyil,
bütövlükdə region üçün də əvəzsiz qazanc və faydalar
gətirəcək".
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə də toxunan
C.Çiçək təəssüflə bildirib, Qarabağ münaqişəsinin indiyədək həll
olunmaması utancvericidir:
"Çox təəssüf ki, 20 ildən artıqdır ki, Cənubi Qafqazda mövcud olan Qarabağ münaqişəsi ədalətli həllini tapmayıb. Bu qədər müddət ərzində Azərbaycan torpaqlarının haqsız yerə işğalı hələ də aradan qaldırılmayıb. Bu gün Azərbaycandan olan qardaş və bacılarımızın hüquqları tapdalanır. Qarabağdan qaçqın düşən insanlar bizim qardaş və bacılarımızdır. Çox təəssüf ki, dünyanın gözü önündə bu işğal baş verir, ancaq işğalçı dayandırılmır. Təəssüf ki, dünya birliyi bu problemə ədalətsiz və qərəzli yanaşır. Çünki Qarabağın işğalı haqsızlıqdır və bütün dünya da bunu sözdə qəbul edir. Ancaq əməldə də işğalçılığına görə Ermənistana cavab verilməlidir.
Ümid edirəm ki, Qarabağda da Azərbaycanın ərazi bütövlüyünün və azərbaycanlıların hüquqlarının təmin olunması istiqamətində əbədi sülh prosesi başladılacaq".
Tarix
2016.06.30 / 18:18
|
Müəllif
Axar.az
|