Yuxarı

Əhməd bəy Ağaoğlunun öz əli ilə yazdığı həyatı... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl həyata gözlərini qapayaraq aramızdan əbədiyyən ayrılan mütəfəkkir və mühərrir Əhməd bəy Ağaoğlu həyatının bəzi məqamlarını qələmə alıb. Mərhumun "Məşhur adamlar” ensiklopediyasına tərcümeyi-hal kimi yazdığı yazı bizə ensiklopediyanın müəllifi, İstanbul millət vəkili İbrahim Ələddin Kövsa tərəfindən verilib. Əhməd bəy Ağaoğlunun əziz xatirəsini təkrar yada salmağa əsas olan bu həyat notlarını eynən nəşr edirik.

***

1869-cu ildə Azərbaycanın Qarabağ vilayətində doğuldum. Atamın adı Haşım bəy, nəsil adımız Ağaoğludur. Babam torpaq sahibi idi. İlk və orta təhsilimi rus gimnaziyasında aldım. Eyni zamanda, evimizdə fars və ərəbcəni də öyrəndim. 1888-ci ildə gimnaziyanı bitirərək, Peterburqa getdim. Amma Peterburqun havası mənə düşmədi, buna görə Parisə yollandım. Parisdə 1889-cu ildən etibarən Sarbon Universitetinin tarix və filologiya şöbəsində təhsilimi davam etdirdim və həmçinin, hüquq fakültəsinə daxil oldum. Bu əsnada ilk kərə osmanlı fikir insanları ilə təmaslarım yarandı və Əhməd Rza bəylə aramızda sıx bir əlaqə quruldu.

1891-ci ildə "Nouvelle Revue”lə və "Revue Bleu” adlı Paris məcmuələrində Şərqə aid məqalələr yazmağa, həmçinin, Qafqazda, Tiflis şəhərində nəşr olunan "Kavkaz” adlı rusca nəşr olunan qəzetə şərhlər göndərməyə başladım. 1892-ci ildə Londonda keçirilən Şərqşünaslar Konqresində (Konqres des Orientalistes) iştirak etdim və orada şiə məzhəbinin tədqiqinə, mənbəələrinə aid məruzə oxudum (Les Crijiunes de la Religion Şiite). Bu əsər Kembric Universitetində nəşr edildi.

1894-cü ildə təhsilimi bitirərək, məmləkətimə döndüm, amma İstanbulda 6 ay qaldım və bir çox mümtaz şəxslərlə görüşdüm. Əsasən də Münif paşa və Murad bəylə təmaslar, şəxsi əlaqələr qurdum.
Qafqaza döndükdən sonra Tiflisdə yerləşdim. Yenə də "Kavkaz” qəzetinə məqalələr yazmağa davam etməklə bərabər, Tiflis gimnaziyasında fransız dilindən dərs dedim. 1896-cı ildə Şuşa gimnaziyasına fransız dili müəllimi təyin olundum, lakin Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev Bakıda rusca nəşr olunan "Baku” qəzetini satın alaraq, məni baş redaktorluğa dəvət etdi. (Görünür, bu tərcümeyi-halı Ə.Ağaoğlu xəstələndiyi bir vaxtda qələmə aldığından səhvə yol verir. H.Z.Tağıyev "Baku” deyil, "Kaspi” qəzetini satın alıb və Şuşadan Ə.Ağaoğlunu Bakıya dəvət edib - A.A).

Bu vaxt eyni zamanda Bakı gimnaziyasına fransız dili müəllimi təyin olundum. Bakıda bu vəzifələrdə çalışaraq, həmçinin Bakı bələdiyyə üzvü seçildim. O vaxtlar Azərbaycan-türk ləhcəsində "Axund və islam” adlı ilk əsərimi yazdım. Bu əsərin mövzusu türk ictimai həyatının tədqiqindən, sünni-şiə məsələlərindən bəhs edirdi. Digər tərəfdən isə dini-əxlaqi məsələlərə toxunulurdu. Mollalar bundan məmnun olmadılar. Məni təhlükə hesab etdilər. Bütün bunlara rəğmən, mənim israrımla Hacı Zeynalabdin rus hökumətindən türkcə yeni qəzet çıxarmaq xahişi etdi. Fəqət, 1904-cü ildə, yəni Yaponiya hərbi əsnasında hökumətin mövqeyi zəiflədiyindən türkcə qəzet nəşr etmək imkanı yarandı.

Bu ilk türkcə qəzetin adı "Həyat” idi. Mənimlə bərabər, qəzetin baş redaktorluğunda İstanbul tibb fakültəsinin müəllimi Hüseynzadə Əli bəy də bulunurdu. Fəqət, mən ikinci sənə bu qəzetdən ayrıldım. (Burada da yanlışlıq var. Ə.Ağaoğlu "Həyat” qəzetinin 100-cü sayından sonra Əli bəy Hüseynzadədən ayrılıb, elə həmin 1905-ci ilin dekabrından "İrşad” qəzetini çıxarmağa başlayıb - A.A). Özüm ayrıca türkcə "İrşad” və rusca "Proqress” adında iki qəzet çıxarmağa başladım.

"İrşad”a Misir və Parisdəki bəzi türk yazarlar da məqalələr göndərirdi. Amma Əbdülhəmid buna mane oldu. Qəzetçilik fəaliyyətimi davam etdirməklə bərabər, əhali arasında maarifi yaymaq üçün "Nəşri-maarif” cəmiyyəti təsis etdim. Eyni zamanda, əməli-siyasi mücadilədə iştirak etmək üçün "Difai” adında bir siyasi cəmiyyət quraraq, xalqı rus və erməni təcavüzündən müdafiəyə başladım. Bir neçə dəfə həbs edilsəm də, qorunmağa müvəffəq oldum.

Nəhayət, Rusiyada irtica qüvvətləndiyindən, fəaliyyət və qurtuluş imkanları qalmadığından, Qafqazı tərk etdim və Türkiyəyə qaçmağa qərar verdim. Həmin zamanlar ailə qurmuşdum, üç uşağım da vardı. Türkiyəyə 1909-cu ilin mayında gəldim. Burada tanıdığım "İttihad”çılar məni maarif müfəttişi təyin etdirdilər. Həmçinin, "Süleymaniyyə” klubuna başqan seçdirdilər. Türkiyədə jurnalistlik fəaliyyətimə o zaman İstanbulda fransızca nəşr olunan "Jeune Turc” qəzeti ilə başladım. Bir müddət sonra "Tərcümani-həqiqət” qəzeti baş redaktorluğa dəvət etdi. Eyni zamanda da əvvəlcə mənim evimdə qurulan "Türk yurdu” məcmuəsinin başlıca yazarlarından oldum.

Maarif müfəttişliyində çox az qaldım. 1909-cu ilin təşrini-əvvəl ayında universitetə rusca müəllim, eyni zamanda, ilk dəfə təsis edilən "Türk-moğol” tarix müəllimliyinə təyin olundum. Balkan hərbi əsnasında "Böyük kabinə” tərəfindən həbs edildim. Fəqət, üç ay həbsdə qaldıqdan sonra azad edildim, 1912-ci ildə həm "İttihad” cəmiyyətinin məclis üzvlüyünə, həm də Karahisardan vilayət vəkili seçildim. Hərbi ümumidə (yəni I Dünya savaşında - A.A.) çıxarılan fransızca qəzetin baş redaktorluğuna gətirildim. Hərb ümumi əsnasında Almaniyaya bir heyətin tərkibində göndərildim (Turan heyəti nəzərdə tutulur - A.A.). 1917-ci ildə Azərbaycana gedən türk ordusunun siyasi müşaviri təyin olundum (Ə.Ağaoğlu 1917-ci ildə deyil, 1918-ci ildə Azərbaycan istiqlal savaşına hərbi yardıma gələn Qafqaz İslam ordusu komandanının siyasi müşaviri olub - A.A.).

1918-ci ildə Azərbaycana yollandım. Sonra Fərid paşa hökuməti tərəfindən tutularaq ingilislərə təslim edildim. 1919-cu ildən 1921-ci ilə qədər Maltada əsir oldum. 1921-ci ildə həbsdən qurtarıb, Ankaraya getdim. Orada əvvəl məni Qaradəniz vilayəti sahillərinə və Şərq vilayətlərini öyrənməyə göndərdilər, həmin yerləri dolaşdım. Sonra mətbuat ümumüdiri təyin olunduğumdan Ankaraya geri döndüm. Burada həmçinin "Hakimiyyəti-milliyyə” qəzetinin rəhbərliyinə gətirildim. Zəfərdən sonra millət vəkili oldum. Eyni zamanda da Ankara hüquq fakültəsində "Hüququn əsasları” fənnindən dərs dedim. Bu vəzifələrim 1931-ci ilə qədər davam etdi. 1931-ci ildə qurulan "Sərbəst firqə"yə daxil oldum. Bu firqə dağıldıqdan sonra İstanbul Universitetinə "Hüquq tarixi” fənni üzrə müdir təyin edildim. Fəqət, universitetdəki dəyişikliklərə görə işdən azad olundum.

Yazdığm əsərlər:

Fransızca

1) "Societe Orientale” ("Nouvelle Revue” de neşr)
2) "Les Origines de la Religion Chite”

Rusca:

3) "İslamiyyətə görə qadın və islamiyyətdə qadın”

Türkcə

Azərbaycan ləhcəsində:

4) "İslam və axund”
5) "Üç mədəniyyət”
6) "Təşkilati-əsasiyyə qanunu şərhi”
7) "Hüquqi-əsasiyyə nəzəriyyəsi”
8) "Təşkilati-əsasiyyə qanununun tarixçəsi”
9) "Sərbəst insalar ölkəsində”
10) "Hüquq tarixi” (I cild)
11) "Dövlət və fərd”
12) "İranda XV əsrdən bəri türk hökumətləri”
13) "Etrusk mədəniyyəti”
14) "İlk Roma ailəsi və ilk türk ailəsi arasında müqayisə”

Bundan başqa müxtəlif qəzetlərdə və məcmuələrdə bir çox etüdlər və məqalələr çap etdirmişəm.

Qeyd: Ə.Ağaoğlunun öz əli ilə yazdığı həyatını Şərq qəzetinin baş redaktoru Akif Aşırlı təqdim edib.

Tarix
2017.01.14 / 01:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla