Yuxarı

İlham Əliyev 5 sərəncam, 5 fərman imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:59

Prezident İlham Əliyev Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: 2017-ci ildə dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ xalq artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Leopoldoviç Rostropoviçin anadan olmasının 90 illiyi tamam olur.

Mstislav Rostropoviç müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkardır. O, violonçel ifaçılığı tarixində yeni bir dövr açmış və ən mötəbər konsert salonlarında simfonik orkestr dirijoru kimi çoxsaylı çıxışları ilə ümumbəşər mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir. Öz doğma vətəni Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsi və onun musiqi sənətinin inkişaf etdirilməsi sahəsində Rostropoviçin müstəsna xidmətləri vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli musiqiçi və ictimai xadim Mstislav Rostropoviçin Azərbaycanda 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***
İlham Əliyev V.D.Bayramovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vaqif Deryuş oğlu Bayramov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

***

İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda vurğulanır: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aşağıdakı şəxslər 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilsin:

Cəfərov Məmməd Hüseyn oğlu

Elyazov Mübariz Elyaz oğlu

Xəlilov Aslan Xası oğlu.

***
İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

20:01

Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:

Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında;

Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında;

“Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi barədə;

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında;

20:46

İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə qərara alıram:

1. Penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdirilsin. Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılsın.

2. Cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələri tətbiq olunsun.

3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada çəkilməsi və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin edilsin, bu sahədə korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün tədbirlər görülsün.

4. İctimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısı alınsın, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin edilsin.

5. Azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanları araşdırılsın, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması üçün tədbirlər görülsün.

6. Penitensiar xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması, vəzifələrə təyinatın daha çevik və qısa müddətdə aparılması, əməkdaşların bilik, bacarıq və praktiki vərdişlərinin inkişaf etdirilməsi, işçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, habelə onların sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər görülsün.

7. Penitensiar müəssisələrin etibarlı mühafizəsinin təşkil edilməsi məqsədilə penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsi təmin olunsun.

8. İbtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin.

9. Cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilsin, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməsin, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlər görülsün.

10. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər:

10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması;

10.2. cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi;

10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması;

10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi;

10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

11.1. probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.2. elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birlikdə hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.3. “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemini təşkil etsin, həmin sistem vasitəsilə cəzaları icra edən orqan və müəssisələr arasında real vaxt rejimində qarşılıqlı məlumat mübadiləsini təmin etsin, informasiya sisteminə məlumatlar toplanarkən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların müəyyən etdiyi meyarları nəzərə alsın;

11.4. ictimai işlər növündə cəza çəkən məhkumların iş yerlərində dəqiq qeydiyyatının təşkil edilməsi, həmin işlərdən yayınmanın qarşısının alınması və işlənmiş vaxtın dəqiq uçotunun aparılması üçün tədbirlər görsün;

11.5. məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.6. azadlıqdan məhrum edilmiş məhkumların və həbs edilmiş şəxslərin saxlanma şəraitinə, yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarəti gücləndirsin;

11.7. bu Sərəncamın 3-6-cı hissələrində nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etsin və nəticəsi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

12. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki:

12.1. həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılsın;

12.2. böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatlar müstəsna hallarda həbsin tətbiq edilməsinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilsin.

13. Məhkəmələrə tövsiyə edilsin ki:

13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar;

13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar;

13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar;

13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər.

14. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etsin.

15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsini təmin etsin.

16. Yerli icra hakimiyyəti orqanları tərəfindən ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahıları təxirəsalınmadan müəyyən olunsun və həmin siyahıların mütəmadi olaraq icra məmurları ilə razılaşdırılması təmin edilsin.

17. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

17.1. elektron nəzarət vasitələrinin tətbiqi ilə əlaqədar maliyyələşmə məsələlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğunun təklifləri əsasında həll etsin;

17.2. məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanması və təminatına dair Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin müddəalarına riayət olunmasının təmin edilməsi məqsədilə tikinti və təchizat işlərinin yerinə yetirilməsi üçün vəsaitin ayrılması mümkünlüyünə baxsın;

17.3. ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasını təsdiq etsin;

17.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Tarix
2017.02.10 / 20:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla