Yuxarı

Sərkisyan Qarabağda lokal toqquşmaya zəmin yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyanla ötən gün Cenevrədə keçirilən görüşün nəticələri ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Prezidentlərin görüşündən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqların əvvəlki mərhələlərdən fərqi nə olacaq?

- Xarici işlər nazirlərinin və həmsədrlərin birgə bəyanatından belə anlaşılır ki, prezidentlərin görüşündə münaqişənin həlli ilə bağlı hər hansı bir yenilik baş verməyib. Bəyanatda iki məqama diqqət çəkmək olar: Danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlərin görülməsi, xarici işlər nazirlərinin işçi görüşünün keçirilməsi və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımların atılması.

Xarici işlər nazirlərinin işçi görüşünün keçirilməsi o deməkdir ki, prezidentlərin görüşü sadəcə danışıqların bərpa edilməsinə xidmət edib. Münaqişənin tənzimlənməsi ilə bağlı müzakirələr isə xarici işlər nazirlərinin işçi görüşündən sonra baş tuta bilər. Bu da, şübhəsiz ki, ehtimal olaraq qalır. Çünki işçi görüşdən sonra ortaya çıxacaq mənzərəni, qoşunların təmas xəttindəki vəziyyətini indidən müəyyənləşdirmək mümkün deyil.

Təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımların atılmasını isə bir neçə aspektdən dəyərləndirmək olar. Ola bilsin ki, ATƏT təmas xəttində monitorinqləri intensivləşdirəcək, yaxud müşahidəçilərin sayını artıracaq. Amma bütün bunların da effektiv nəticə verəcəyini düşünmürəm. Çünki gərginliyə səbəb olan amil işğal faktıdır və bu fakt aradan qalxmayınca lokal toqquşmalardan qaçmaq mümkün olmayacaq.

- Görüşdən sonra Ermənistan prezidentinin açıqlamaları prosesin sülh yolu ilə həllinin mümkünlüyünü sual altına alır. S.Sərkisyanın bu çıxışlarının məqsədi nədən ibarətdir?

- Serj Sərkisyanın ənənəvi ritorikanı davam etdirdiyi açıq-aşkar görünür. Sərkisyan görüşdə münaqişənin həlli ilə bağlı hər hansı bir razılaşmanın olmadığını bildirir və qeyd edir ki, heç bir halda Dağlıq Qarabağın Azərbaycanın sərhədləri daxilində mövcudluğunu qəbul etməyəcəklər.

Ola bilsin ki, Ermənistan prezidentinin bu açıqlaması öz ölkəsinin ictimai rəyinə hesablanıb və Sərkisyan bununla baş nazir postuna adlamaq üçün özünü “açar fiqur” kimi təqdim etməyə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistanın maraqlarının qarantı olduğunu vurğulamağa çalışır. Şübhəsiz ki, biz prezidentlərin təkbətək və xarici işlər nazirlərinin, həmsədrlərin iştirakı ilə keçirdikləri görüşlərin detalları haqqında məlumatlı deyilik və yalnız mətbuata açıqlanan məqamlara diqqət çəkə bilərik. Görüşün ictimailəşdirilən detallarında isə yalnız danışıqlar prosesinin davam etdiriləcəyinə, təmas xəttində gərginliyin azaldılacağına dair vədlər nəzərə çarpır. Təbii ki, bütün bunların qarşılığında bir sıra suallar ortaya çıxır: Gərginliyin azaldılacağına dair vədlərə əməl etmək nə dərəcədə mümkün olacaq və bu şifahi razılamanın Ermənistanın təxribatları nəticəsində pozulmayacağı realdırmı? Ötən illərin təcrübəsini nəzərə alsaq, Cenevrədə bərpa olunan danışıqların yenidən dalana dirənməyəcəyinə kim zəmanət verə bilər? Bu proses daha neçə il uzanacaq? Əgər danışıqlar hər hansı bir nəticə verməzsə, o zaman işğalçıya qarşı hansı addımlar atılacaq?

İndiki şəraitdə danışıqların bərpa edilməsinin bir neçə məqsədə xidmət etdiyi mənzərəsi yaranır:

1. Minsk prosesinin xilasına

2. Həmsədrlərin Ermənistana qarşı sanksiya tətbiq edib-etməmək dilemmasından müəyyən müddətə də olsa yayınmasına

3. Hərbi əməliyyatların başladılması, münaqişənin genişlənməsi təhlükəsinin qarşısının alınmasına...

- Sərkisyanı danışıqlara getməyə nə məcbur etdi?

- Bu məsələyə aydınlıq gətirmək üçün Sərkisyanın danışıqlara nə üçün getmək istəmədiyini müəyyənləşdirmək lazımdır. Ermənistan prezidenti çox güman ki, ilk növbədə aprel döyüşlərindən öncəki vəziyyətin bərpa olunması iddiası ilə çıxış edirdi. Şübhəsiz ki, bu mümkün olmadığı üçün iddiaların sırasında başqa məqamlar da vardı. Məsələn, Rusiyanın Azərbaycana satdığı silahların qarşılığında Moskvanın Ermənistana hərbi dəstəyinin ictimailəşdirilməsi, Azərbaycanın Rusiyadan və İsraildən aldığı silah-sursat, hərbi texnikanın Ermənistan cəmiyyətində yaratdığı narahatlığın aradan qaldırılması üçün müvafiq addımların atılması və s. Azərbaycan da öz növbəsində müəyyən addımlar atmağa nail oldu, İsrail və Belarusla hərbi əməkdaşlığı genişləndirmək barədə razılıq əldə etdi. Rusiya isə przidentlərin görüşü öncəsi Ermənistana daha 100 milyon dollarlıq hərbi kredit ayırdı və bu faktın rəsmi İrəvanın ölkədaxili təbliğatda istifadə etməsi üçün müəyyən imkanlar yaratdı.

- Son zamanlar Ermənistan və Rusiyanın iştirak etdiyi proseslərdən hansı nəticəni çıxarmaq olar?

- Moskva nəyin bahasına olursa olsun, Azərbaycanın Qərblə münasibətlərinin pozulmasına çalışır və bunun üçün yenə də Ermənistandan istifadə edir. Ermənistanın Avropa İttifaqı ilə saziş məsələsinin gündəmə gətirilməsi də Azərbayanla Avropa İttifaqı arasında formalaşmaqda olan münasibətlərin korlanması üçündür. Ola bilsin ki, Ermənistanın Avropa İttifaqı ilə sazişində elə məqamlar yer alsın ki, Azərbaycan bununla razılaşmasın və Bakı ilə Brüssel arasında yaranmış və kifayət qədər ciddi perspektivi olan münasibətlər dalana dirənsin. Nəzərinizə çatdırım ki, Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatların vasitəsilə aparılan kampaniyaların arxasında Rusiyanın, Ermənistanın və erməni diasporunun dayandığı şübhə doğurmur. Çox zaman Rusiya bunu erməni diasporu vasitəsilə həyata keçirir. Məsələn, Avropa Şurasının baş katibi Tomas Yanqlandın Rusiya, Ermənistan və erməni diasporu ilə əlaqələrinə dair çoxsaylı faktlar var. Əgər araşdırılma aparılarsa, şübhə etmirəm ki, AŞPA-da Azərbaycana qarşı qəbul olunan qətnamələrə səs verən bir çoxlarının kürəyində Rusiyanın əlini görmək mümkün olar. Rusiya beynəlxalq təşkilatların idarəçilik və səsvermə mexanizmlərindəki boşluqlardan məharətlə istifadə edir.

Bəlkə də bir-biri ilə əlaqəli olduğu nəzərə çarpmayan bütün bu məqamları ümumiləşdirsək, danışıqlar prosesinin bərpasına zəmin yaradan zəncir həlqələrinin sırasını müəyyənləşdirə bilərik…

Tarix
2017.10.18 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla