Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Noyabr 2017


Ərdoğanın ABŞ mesajı: Türkiyə sərhədində nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ-ın Suriya ilə bağlı siyasətini sərt tənqid edib və hər iki ölkənin qoşunlarının Suriyadan çıxarılmasının vacib olduğunu bildirib. Ərdoğanın fikrincə, Yaxın Şərq problemlərinin hərbi yolla həlli doğru deyil.

Maraqlı məqam Ərdoğanın Suriya məsələsində ABŞ və Rusiyanı eyni anda tənqid etməsi oldu. Bu tənqidin Rusiya Prezidenti Vladimir Putinlə görüşdən əvvəl səsləndirilməsi kifayət qədər diqqət çəkib.

Məsələ ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ərdoğanın belə sərt bəyanat səsləndirməsinin səbəbləri nədir?

- Hazırda supergüclərin qarşıdurması Suriyada proseslərin ləng inkişaf etməsinə, bəzi yerlərdə hətta qarşıdurmaların da yaranmasına səbəb olur. Ərdoğan bu mənada yeni bir ideya irəli sürür. Onun ideyası isə Rusiya və ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarması ilə həm ətraf dövlətlərin, həm də bölgənin özünün prosesləri daha sürətlə nizamlaya biləcəyindən ibarətdir. Doğrudur, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu əlavə izah verərək, Ərdoğanın söylədiklərini bir qədər yumşaltmağa çalışdı. Amma Türkiyə üçün Rusiyanın və Amerikanın buradakı hərəkətləri heç də ürəkaçan deyil və proseslərin inkişafına yardım göstərmir. Məsələn, ABŞ bölgədə hazırda Türkiyə üçün təhlükə kəsb edən bir sıra hərəkətlər edir. O, burada olan bütün kürd qüvvələri “Demokratik Qüvvələr” adı altında birləşdirərək, onları silahlandırır. Hətta Türkiyənin pilotsuz uçuş aparatları vasitəsilə Afrin və Türkiyəyə yaxın sərhəd bölgələrində ABŞ-ın kürdlərə müasir hərbi ləvazimatlar və ağır texnikalar göndərdiyi müəyyən edilib. Bu da onu göstərir ki, kürdlər və ABŞ burada sürətlə ordu quruculuğu ilə məşğul olurlar. Bu, həm də Suriyanın ərazi bütövlüyü üçün təhdiddir. Çünki onlar tez-tez Suriyanın federallaşdırılmasından və buradakı kürdlərə də bəlli bir muxtariyyət və dövlət qurumu yaratmalarına izn verilməsindən danışılır.

- Suriyadakı kürdlər də “müstəqillik iddiası” səsləndirə bilərmi?

- Bəli. Çünki İraq Kürd Muxtariyyətində olduğu kimi, buradakı kürdlər də hücumlar təşkil edərək, müəyyən əraziləri tuturlar və həmin əraziləri kürd bölgəsi hesab etməyə başlayıblar. Məsələn, Rakkanın tutulmasında da kürdlər müəyyən rol oynadı. Rakka tutulduqdan və oradan İŞİD-in son üzvü qovulduqdan sonra da kürdlər həmin bölgədə qalırlar. Xatırlayırsınızsa, hətta onlar Rakkadan İŞİD-in son üzvünü çıxardıqdan sonra burada böyük bir bayram şənliyi təşkil edərək, Abdullah Öcalanın portretini şəhərin baş meydanından asmışdılar. Bütün bunlar dünya mediasında yayıldı. Daha sonra Türkiyə buna görə ABŞ-a etiraz etdi. Bütün bunlar onu göstərir ki, ABŞ Türkiyə ilə münasibətləri soyuduqca bölgədə Türkiyəyə alternativ bir dövlət, yaxud da muxtar qurum formalaşdırmağa çalışır.

- Qabil müəllim, Suriyanın şimal bölgəsi demək olar ki, bütünlüklə ABŞ-ın və kürdlərin nəzarəti altındadır. Bu, Türkiyə üçün hansı təhdidlər yaradır və Türkiyə hökuməti bu proseslərin qarşısını necə alacaq?

- Məhz bu nəzarət hesabına onlar burada 6 hərbi baza qura biliblər. Həm də burada hərbi hava bazalarının yaradılmasının ilkin addımları olan xüsusi uçuş meydançalarının tikilməsi prosesi də sürətlə gedir. Artıq bir neçə ağır təyyarənin enməsini təmin edəcək uçuş meydanlarının hazırlanıb amerikalılara təhvil verilməsi ilə bağlı məlumatlar da var. Bütün bunlar Türkiyə üçün böyük təhlükədir. Ərdoğanın Soçiyə səfəri, Putinlə görüşməsi, Suriya məsələsini müzakirə etməsi elə bu proseslərdən irəli gəlir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın və ABŞ-ın öz qoşunlarını Suriyadan geri çəkməsi ilə bağlı bəyanatı daha çox ABŞ-a istiqamətlənmiş mesajdır. Çünki Türkiyənin sərhədlərinə yaxın bölgələrdə ABŞ daha fəaldır və kürdlərin olduğu bölgəyə ABŞ-ın yardımı daha çoxdur. Bu nöqteyi-nəzərdən Türkiyə daha çox ABŞ-dan ehtiyatlanır və bu qarşıdurma getdikcə artır. Rusiyanın özü də Suriyada müəyyən aktiv fəaliyyətindən sonra son zamanlar yalnız raket atəşləri ilə bəzi bölgələrin vurulması hesabına öz fəallığının qaldığını nümayiş etdirməyə çalışır. Amma bütövlükdə Amerikanın bölgədə təsir qüvvəsi daha da artır. Rusiyanın iqtisadiyyatında olan çətinliklər Suriyadakı qoşunları geniş miqyasda maliyyələşdirməyə imkan vermir. Çox güman ki, Ərdoğan Rusiyanın hərbiçilərini bu bölgədən geri çağırması ilə bağlı bəyanatı ilə ya rusların daha aktiv fəaliyyətə keçməsini, ya da onların bölgəni tərk etməsi ilə ABŞ-ın da buranı tərk edəcəyi şüarını gündəliyə gətirir. O, bununla bölgə əhalisini bu istiqamətə kökləməyə çalışır.

- İŞİD-in artıq bölgədən tamamilə təmizlənməsinə baxmayaraq, Suriyada vəziyyət hələ də normallaşmamış qalır. Bundan sonra hansı prosesləri müşahidə edə bilərik?

- Suriyada əməliyyatlar daha mürəkkəb fazaya daxil olub. İŞİD meydandan çıxsa da, bütövlükdə Suriyanın və İraqın problemləri həllini tapmır. İran bölgədə fəal olsa da, burada ciddi işlər həyata keçirə bilmir, əksinə, o, İsraillə toqquşma ərəfəsindədir. Türkiyə isə fəal əmliyyatlara meyil göstərmir, yalnız bəyanatlar, fikirlər söyləməklə kifayətlənir. Bir sözlə, bölgə yenidən mürəkkəb mərhələyə qədəm qoyub. Burada da qeyri-müəyyənlik həlledici amillərdən biri kimi özünü göstərir.

Tarix
2017.11.15 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
loading...
Digər xəbərlər

"Reket"lərlə mübarizə: Media kapitanları danışdı - Video

İlham Əliyev sərəncam imzaladı

Lavrov Bakıda kimlərlə görüşəcək - XİN

Qarabağ həlli mümkün olmayan problemdir? – Malaşenko

Putinin əsas planı: Türkiyə ilə yaxınlıq səbəbi...

Lavrovun Bakı səfəri: bu, müharibədən yaxşıdır – Deputat

Putinlə Qarabağı müzakirə etdik, 5 rayon… - Ərdoğan

Moskva və Ankaranın “Qarabağ testi” - Şərh

Ərdoğan-Putin görüşü: Bu şəhər azad olunur

Bu gün Milli Dirçəliş günüdür

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla