Yuxarı

İnsanlar bu qutu ilə bir-birilərini sevindirirlər

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şokolad qutusu

“...Sevincimin həddi-hüdudu yox idi. Sanki göylərdə uçurdum. 30 illik zəhmətimə layiqincə qiymət vermişdilər. Mənim üçün yaradıcılıq gecəsi də təşkil etmişdilər (Yeri gəlmişkən, dilimizdəki “yaratmaq” feilini başqa bir sözlə əvəz etmək lazımdır. Çünki yaratmaq Tanrıya məxsus bir vəsfdir. Yaratmaq yoxdan var etməkdir. Axı insan yoxdan var edə bilmir. İnsan yalnız hazır şeylərə şəkil verə bilir). Orada kimlər yox idi ki? Hətta xaricdə təhsil alan, yüksək vəzifələrdə çalışan şagird və tələbələrim də bu tədbirə təşrif buyurmuşdular. Çıxış edən natiqlər mənə təriflər yağdırırdılar. Hətta mənə həsəd aparan, məni sevməyən insanlar da şənimə mədhiyyələr deyirdilər. Hamı orada idi: ibtidai sinif müəllimim, valideynlərim, yeniyetməlik çağında sevdiyim qız öz həyat yoldaşı ilə, mənimlə kiçik məsələlər üstündə mübahisə edən qonşularım, məni toydan-toya, yasdan-yasa görən qohumlarım, evimin damını təmir etdiyim üçün məni “qanun naminə” cəzalandırmış sahə müvəkkilimiz... Təkcə arvadımı görə bilmirdim. Amma haradansa gələn səsini aydın eşidirdim. Məni çağırırdı. Mən hər tərəfə göz gəzdirsəm də, onu görə bilmirdim. Amma hiss edirdim ki, çox yaxınımdadır. Hətta ətrini duyur, təmasını hiss edirdim...”

- Dur daha, bəsdir yatdın. Bu qədər də yatmaq olar? Dur bazara get, evdə heç nə yoxdur. – Bu, arvadımın səsi idi. Mənim üçün təşkil edilmiş məclis iştirakçıları isə birlikdə bir andaca buxarlanıb yox oldular. Gözümü açıb özümü dəmir yaylı, cırıldayan köhnə çarpayımda gördüm. Bayaq gördüklərimin yuxu olduğuna kədərləndim, amma sağ olduğuma, arvadımın səsini eşitdiyimə sevindim. Hə, deməli, bu gün bazar günüdür. İş yoxdur. Demək, ona görə bu qədər çox yatmışam. Saata baxdım. Səkkiz tamam idi. Namaza qalxa bilməmişdim. Təəssüflə başımı buladım. Görünür, arvadım da yatıb qalmışdı, yoxsa məni mütləq qaldırardı. Dünən qaynımın nişanından gec gəldik. Gecə saat ikidə yatdıq. Səs-küy beynimizi çox yordu, ona görə də gec oyanmışıq. Deyirlər, namaz saatında görülən yuxular şeytanidir. Mən gördüyüm yuxunun şeytani və ya rəhmani olduğuna qərar verə bilmədim. Çünki arvadım məni səhər yeməyinə dəvət etdi. Əl-üzümü yuyub süfrəyə oturdum. Mən yedikcə arvadım bazardan alacağım şeyləri xatırladır, onların çəkisini və keyfiyyətini başa salırdı. Lobyanın sıyrımı çox çıxanını, badımcanın tumlusunu, soğanın cücərmişini, pomidorun özəklisini, ətin sümüklüsünü almamalı idim. Gedəndə də özümlə mütləq tərəzi götürməli idim. Çünki, “ənənəyə” görə, alverçi satdığı malı minimum yüz qram əksik verməli idi. Bazarda alver edən bir tanışım bunu özünəməxsus tərzdə belə izah edirdi: bazarkoma, sanepidemstansiyaya, müfəttişə, yanğın söndürənə, sahə müvəkkilinə, süpürgəçiyə, keşikçiyə pul verməliyik. Hələ malı gətirəndə yoldakı post patrulları demirəm. İndi özün hesabla, hər biri yüz qramdan neçə qram edir? Səkkiz yüz, ya da doqquz yüz qram, hətta bəlkə də bir kiloqram. Amma biz cəmi-cümlətani yüzcə qram atırıq. Ona da danışırsınız, utanmaz-utanmaz tərəzi də gətirirsiniz.

Küçəyə çıxdım. Binamızın yanındakı zibilxanadan həmişəki kimi tüstü çıxırdı. Süpürgəçilər zibili uzağa daşımağın dərdindən zibilxanaya yığıb yandırırdılar. Vay o günə ki, yandırdıqları zibilin içində plastik əşya olsun. Onun dərdindən yayda pəncərələri açmaq olmur. Balkona sərilmiş paltarlar isə his iyi verir. Lakin deyəsən, bu hal yalnız məni narahat edirdi, qonşularımın heç vecinə də deyildi.

Diribaş qonşularımdan biri həyətimizin bir tərəfində avtomobil dayanacağı düzəltmişdi. Digər təqaüdçü qonşum gecələr burada saxlanan on beş-iyirmi maşının və adı əslində “Afiq market” olan lakin “A”-sı pozulduğu üçün “fiq market” kimi görünən balaca köşkün keşiyini çəkirdi. Dayanacaqdakı avtomobillərin bəzisi çox bahalı idi. Digərləri də ucuz deyildi. Başqa məsələlərdə olduğu kimi, maşın almaqda da qonşularım sanki bir-biri ilə yarışırdılar. Bir-birinin bəhsinə kreditlə maşın alır, ailəsinin boğazından kəsdiyi pulla kredit ödəyir, ödəyə bilmədikdə isə satmaq üçün müştəri axtarırdılar. Bunun səbəbini qonşularımdan biri mənə belə izah etmişdi: beş günlük dünyadır. Arzu etdiyim maşını da sürə bilməyəcəmsə, daha bu nə yaşamaq oldu? Beş günlük dünyada iki gün maşın sürməklə xoşbəxt olacağını zənn edən bu insanlar əslində öz nəfslərinin qulu idilər. Xarici şirkətlər xalqımızın məhz bu cəhətindən əməlli-başlı faydalanırdılar. Təmir materialları, ev avadanlıqları, cer-cehiz, məişət əşyaları, pal-paltar, qızıl-ziynət əşyaları, daha nələr, nələr... Hamısı da xarici marka. Hələ qəbir yerlərini demirəm. Ev qiymətinə! Başdaşı xarici mərmərdən olan, üzərində mərhumun digərlərindən daha əzəmətli olduğunu gözə soxmaq üçün qoyulmuş heykəli bulunan qəbirləri görəndə elə bilirsən ki, qədim Romada, Panteon məbədindəsən. Fərq yalnız ondadır ki, buraya dəfn olunanlar müsəlman adlanır.
Həyətdən çıxıb avtobus dayanacağına tərəf getdim. Bazara gedən avtobusu gözləməyə başladım. Birdən ağlıma gəldi ki, həftənin bazar günü ilə bazar arasında bir əlaqə var. Həftəmizdəki günlərin qəribə adları var. Bəziləri fars dilindən götürülüb. Həftəmizin iki əsas günü var: cümə axşamı, buna adına günü də deyirlər və əsasən yas mərasimi ilə bağlıdır. Bir də bazar günü, bu da yəqin həftəlik alış-veriş etmək üçün belə adlandırılıb.

Beynimi məşğul edən bu zəhlətökən fikirlərdən qurtulmaq üçün ətrafıma göz gəzdirməyə başladım. Bu vaxt gözüm yan tərəfdə parlaq bir şeyə sataşdı. Arada xeyli məsafə var idi deyə, nə olduğunu tam görə bilmirdim. Amma çox parlaq idi. Günəşin şüası düz üzərinə düşür, onu daha da parıldadırdı. Hər bir insan kimi, mənim də ağlıma ilk gələn şey onun qızıl bəzək əşyası ola bilməsi fikri idi. Ətrafıma baxdım, mənim kimi avtobus gözləyən iki-üç adam var idi. Bazara gedən avtobus yaxınlaşmaqda idi. Mən həm avtobusa minmək istəyir, həm də parıldayan şeyi görmək istəyirdim. Nəyə qərar verəcəyimi bilmirdim. Xoşbəxtlikdən avtobus dolu idi. Buna görə də bu avtobusu buraxmağa qərar verdim. Daha doğrusu, qalıb parıldayan şeyə baxmaq istədiyimdən bu fikri özümə təlqin etdim. Yavaş-yavaş parıltıya doğru getdim. Ayaqqabımın burnu ilə parıldayan şeyə toxundum. Bu, otların arasında yalnız bir hissəsi görünən, üzərinə soğan, badımcan, alma qabıqları tökülmüş bahalı şokolad qutusu idi. Bunu yəqin ki, zibilxanaya getməyi şəninə sığışdırmayan “mədəni” qonşulardan biri balkondan aşağı tullamışdı. Süpürgəçilər hər səhər deyinə-deyinə, binanın önünü zibilləyənlərin əcdadına söyə-söyə bu zibilləri bir yerə toplayıb yandırırdılar. Yəqin elə buna görə də sakinlərin çoxu şikayət edə bilmirdilər. Çünki evinin önünü zibilləməyən çox az insan vardı.

Mən parıldayan qutuya diqqətlə baxdım. Xaricdə istehsal olunan və çox baha qiymətə satılan taxta şokolad qutusu idi. Sözün düzü, belə qutu bizim evə gəlib çıxmamışdı. Çünki nə onu almağa pulumuz, nə də onu bizə yaraşdırıb bağışlayan qohumumuz vardı. Lakin dünən qaynımın nişanına apardığımız xonçaların birində bu qutunun eynisini görmüşdüm. Hər kəs ona heyran-heyran baxıb təriflədiyindən dəyərli olduğunu anlamışdım. Onu qaynım üçün İsveçrədə yaşayan dostu göndərmişdi. İkiqatlı qutunun birinci qatı gümüşü, ikinci qatı isə qızılı rəngli haşiyələrlə qabartma şəklində işlənmişdi. Üzəri sanki qədim Avropa saraylarının günbəzini xatırladırdı. Bu qutunun hazırlanması üçün hansısa ağacın kəsilməsi labüddür. Yəqin ki, qutunu əl əməyi ilə hazırlamışdılar, bu da onun qiymətini daha da artırırdı. Məşhur İsveçrə şokoladları da qutunun içinə girəndə qiymət ikiyə qatlanır. Bu cazibədar qutu və dadlı şokoladlar yəqin ki, neçə insanı sevindirir. Sevən gənc sevgilisini, nişanlı gənc nişanlısını, ideal ər arvadını, mehriban ata övladlarını, arvadbaz kişi aşnasını, müdir katibəsini, düşüncəli insanlar dost-əqrabalarını bu qutu ilə məmnun edirlər. Əlbəttə ki, imkan daxilində. Bu qutu “hə” cavabı alınan elçiliklərdə açılır, insanların sevincinə sevinc qatır. Qutudakı şokoladların pozitiv enerji ilə yükləndiyinə, xeyir-dua ilə ovsunlandığına inanan insanlar onların subaylara düşərli olacağını, uğur gətirəcəyini, onları ailə qurmağa təşviq edəcəyini düşünür və “nişan konfeti” adı ilə yaxınlarına paylayırlar. Bəzən bu qutu küsülüləri barışdırmaq üçün bir vəsilə olur. Bəzən də adı “hörmət” olan kiçik rüşvət kimi hansısa katibəyə, məmura və ya müəllimə təqdim olunur. Bir sözlə, şokolad qutusunun rəmzi mənası sevgi, mehribanlıq, şəfqət, dilxoşluq, ülfət və rüşvət olsa da, bir şey dəyişməzdir: istifadə olunduqdan sonra bu qutunun gedəcəyi yer zibillikdir. Təyinatı bitmiş qutu lazımsız, gərəksiz bir zibil kimi yandırılmağa məhkumdur. Məclisdə qutuya heyranlıqla baxan, onu görüb sevinən insanlar zibilliyə atılmış həmin qutunun yanından laqeydliklə, saymazyana keçirlər. Əldən-ələ gəzən qutuya artıq əllə toxunmağa iyrənirlər. Ona ancaq süpürgəçilər əlcəklə və ya süpürgə ilə toxunur, yaxud da içərisində bir şey tapmaq ümidi ilə və ya qızınmaq məqsədi ilə yandırmaq üçün küçə sərsəriləri toxunurlar.

Mən birdən-birə ibtidai sinif müəllimimi xatırladım. Ağ saçlı, gülər üzlü, mehriban, qayğıkeş bir qadın idi. Xətrimi çox istəyirdi, bəlkə də mənə belə gəlir, əslində, bütün şagirdlərini çox sevirdi. Bir zamanlar mənə görə dünyada hər şeyin ən doğrusunu bilən yeganə insan o idi. İbtidai sinfi bitirəndə ondan ayrılacağım üçün çox kədərlənmişdim. Bizim sinifdən bir neçə nəfər onuncu sinfə kimi həftədə bir-iki dəfə müəllimimizə baş çəkər, onunla söhbət edərdik. Lakin sonralar ali məktəbə qəbul üçün hazırlıqlar hamımızın başını qatdı. Qəbul sevincini yaxınlarımızla bölüşəndə müəllimimiz yada düşmədi. Bir gün küçədə təsadüfən rastlaşdığımda məni təbrik etdi. Sən demə, uşaqlarımızın imtahan nəticələrindən xəbər tutubmuş. Kimin hara qəbul olduğunu bilirmiş. Ona baş çəkmədiyimə görə çox utandım. Lakin o, bu barədə bircə kəlmə də demədi. Yenə də əvvəlki tək məğrur bir görkəmlə mənə baxıb gülümsədi. Heç dəyişməmişdi, yalnız üzünün, alnının qırışları bir az artmışdı. Baxışları mehriban, çöhrəsi həyat dolu idi. Aradan uzun müddət keçdi, təhsilimi bitirdim, evləndim, övladım dünyaya gəldi, böyüyüb məktəb yaşına çatdı. Onu özümün təhsil almış olduğum məktəbə yazdıranda müəllimimi xatırladım. Sinif otağına getdim. Lakin orada başqa gənc müəllim işləyirdi. Müəllimimi soruşdum. Dedi ki, üç ildir təqaüdə çıxıb. O vaxtdan beş il keçib. Amma hələ də mənim üçün əziz olan bu insana baş çəkməmişəm, onun sağ olub olmadığını bilmirəm. Mənim bir insan, fərd, vətəndaş kimi yetişməyimdə müstəsna rol oynamış bir insanı sanki təyinatını başa vurmuş gərəksiz bir əşya kimi tərk etmişdim. Budurmu mənim əziyyətimi çəkmiş insana verdiyim dəyər?! Halbuki mənə baş çəkmədikləri, yaxud bizə gec-gec gəldikləri üçün yaxınlarımı günahlandırıram.

Sonra atam yadıma düşdü. Adətən övladlarla valideynlər arasında müəyyən dövrdə gərginlik yaşanır. Lakin mən atamla aramızda belə bir gərginliyin yaşandığını xatırlamıram. Atam çətin dövrdə yetimliklə böyüdüyündən bizim bu məşəqqətləri yaşamağımızı istəmirdi. İmkansızlıq onu uşaq yaşlarından işləməyə məhkum etdiyindən yalnız orta təhsil ala bilmişdi. Gündüzlər zavodda fəhləlik edir, gecələr isə növbə ilə qarovulçuluq edirdi. Bununla belə, bizim dərslərimizlə maraqlanır, evimizin təmir işlərini görməyə də vaxt tapırdı. Hər zaman evə gələndə bizi sevindirmək üçün əlində yeməli, şirin bir şey gətirərdi. Biz bilirdik ki, o, bu şeyləri uzaq yolu piyada gələrək avtobusa verəcəyi pulla alır. Mən atamı çox istəyirdim. Hər zaman onun yorğun, üzgün halına acıyırdım. O, halından şikayət etməsə də, yorğun olduğu üzündən oxunurdu. Bəzən evə gələr, evdə çörək olmadığını görər, lakin dərs oxuduğumuzu görüb bizə qıymaz, yorğun da olsa, qayıdıb çörəyi özü alardı. Zavodda çilingər işlədiyindən üstündən paslı dəmir iyi gələrdi. Lakin mən bu iyi, onun iyini çox sevərdim. Səhər hamıdan əvvəl oyanar, anamı oyatmazdı. Səhər yeməyini özü hazırlayar, sonra da bizim başımızı sığallayaraq, üzümüzdən öpərək, zarafatlaşaraq, qıdıqlayaraq oyadardı. Narazı olduğu yeganə şey bizim səhər-səhər az yeməyimiz idi. Səhərlər iştahsız olduğumuzdan yeyə bilmirdik. Atam hərəmizə üç yaxma, iki yumurta verər, başımızın üstündə durub yeməyimizi tələb edərdi. Çünki özü uşaq vaxtı yaxşı yeməyə tamarzı qalmışdı. Yəqin bizə baxanda öz keçmişini xatırlayırdı. Bişirilən xörəyin ən yaxşı, ətli, dadlı yerini bizə verərdi. Yeməyi tək yeməyi sevməzdi. Son dərəcə qonaqpərvər olduğundan evimizdən qonaq əskik olmazdı. Uşaq vaxtı onu hamıya qısqanardım. Məni özünə çox alışdırmışdı. Onun qayğısını bircə saat belə hiss etməyəndə narahat olurdum. Hər zaman onun diqqət mərkəzində olmaq üçün min oyundan çıxırdım. Anam acıqlanıb məni danlayanda, yaxud da döyəndə atam mane olar, “uşaqdır, dəymə” deyər, könlümü alardı. Bəzən işdə bir yerini yaralayıb evə gələndə çox pis olurdum. Səhərlər üzə salmasa da (çünki heç kimin kefini pozmaq, heç kimə əziyyət vermək istəmirdi), gecə yuxuda yorğunluqdan ah-uf edərdi. Bunu eşidəndə yorğanımı başıma çəkib səssizcə ağlayırdım. Ürəyimdə tez böyüyüb atama arxa, kömək olmağı fikirləşirdim. Xəyallarımda ən yaxşı ixtisasa yiyələnib, çox mühüm bir vəzifədə çalışdığımı, atama görmədiyi gözəl bir həyatı yaşatdığımı canlandırar və bu fikirlərlə də yuxuya gedərdim. Lakin yeniyetməlik dövrü, ilk məhəbbət, çılğın gənclik, qaynar tələbə həyatı, daha sonra evlilik, ailə, uşaq, iş və bir çox şeylər məni bu xəyallardan ayırdı. Mən ayrı evdə yaşayırdım. Atamla həftədə bir-iki dəfə, hətta bəzən ayda bir dəfə görüşə bilirdim. Onda da çox vaxt atam özü bizə gəlirdi. Mən o vaxtlar bunun səbəbini işimin çoxluğu ilə əlaqələndirirdim, lakin indi başqa fikirdəyəm. Səbəb - mənim laqeydliyimdə, vəfasızlığımda, yaxşı övlad olmamağımda idi. İşdən baş açılan kimi istirahət, əyləncə haqqında düşünür, vaxtımızı yaşıdlarımızla, tay-tuşlarımızla keçirmək istəyirik. Lakin bizim əziyyətimizi çəkmiş, boynumuzda haqqı olan insanları nədənsə heç yada salmaq istəmirik. Valideynimizi də Tanrımız kimi yalnız dar gündə xatırlayırıq. Sonra atam xəstələndi. Ömrünə üç-dörd ay qaldığını desələr də, mən bu fikri qətiyyən özümə yaxın buraxmaq istəmirdim. Və günlərin birində atam səssiz-səmirsiz dünyadan köçdü. Mən qəhərləndim, amma ağlamadım. Bunu sözümdə durmadığım üçün Tanrının mənə verdiyi bir cəza olaraq qəbul etdim. Bir də mən atamı hələ sağ ikən, uşaqlığımda ağlamışdım. Amma indi atam yadıma düşəndə ağlayıram. Lap uşaq vaxtı ağladığım kimi səssiz ağlayıram. Fərq yalnız ondadır ki, uşaq ikən atamın halına acıdığım üçün ağlayırdımsa, indi özümü də həmin taleyin gözlədiyini anladığım üçün ağlayıram.

Səhərki yuxumu xatırlayıb özümü düşündüm. Mənim də çoxlu şagirdlərim, tələbələrim var. Onlar da əvvəlcə mənə tez-tez baş çəkirlər. Lakin müəyyən vaxtdan sonra onlardan səs soraq çıxmır. Dünyasını dəyişmiş dost-tanışlardan kimi yada salır, kimi xatırlayırıq? Bizdən üç nəsil əvvəl yaşamış ulu babamızın adını da bilmirik. Elə övladlarım da bu gün dizimin dibindən ayrılmırlar, amma sabah məni də atamın aqibəti gözləyir. Hamımız bu şokolad qutusu kimi təyinat müddətimizi bitirdikdən sonra yararsız və gərəksiz oluruqmuş.

Tarix
2017.06.28 / 00:58
Müəllif
Elşən Musayev
Şərhlər
Digər xəbərlər

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla