Yuxarı

Özünü öldürəcəkdi, gözlənilməz bir şey baş verdi...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür. O, 1902-ci il yanvarın 15-də anadan olub. Siyasi baxışlarına görə 1938-ci ildə Türkiyədə 28 illik həbsə məhkum edilib. 1951-ci ildə “vətən xaini” elan edilən N. Hikmət vətəndaşlıqdan çıxarılıb, əsərləri qadağan edilib, yalnız 58 ildən sonra şairə bəraət verilib. Nazim Hikmət SSRİ-də yaşadığı illərdə dəfələrlə Bakıya gəlib, Azərbaycanın şair və yazıçılarının bir çoxu ilə dostluq edib. Maraqlı məqam odur ki, şairin ilk şeir kitabı da məhz Bakıda çap edilib.

“Yaşamak şakaya gelmez,

büyük bir ciddiyetle yaşayacaksın

bir sincap gibi mesela,

yani, yaşamanın dışında ve ötesinde hiçbir şey beklemeden,

yani bütün işin gücün yaşamak olacak...”

Həyat haqqında düşüncələrim pessimist ruhda.

Həyat bir o qədər də ciddi hadisə deyil…

“Xaos” nəzəriyyəsinə inanlar kainatda hər hansı bir nizamın hökm sürdüyü haqda olan cəfəngiyyata şübhə ilə yanaşırlar.

Mən xaosu – dilimizdə bu anlayışı daha dəqiq ifadə edən söz də var: “qarğaşa” – hərəkət kimi qavrayıram. Nizamsız dəyişmələr. Səbəb olmadan bir vəziyyətdən başqa vəziyyətə, bir formadan başqa formaya keçmək. Qarışıq, nizamsız hərəkət. Azərbaycan Dilinin İzahlı lüğətində də bu cür yazılıb.

Bəs bu hərəkəti, dəyişməni təmin edən qüvvə nədir? Ümumiyyətlə, elə bir qüvvə (oxu: “Tanrı”) varmı?

Yox, yox, narahat olmayın, min illərdir, bəşər övladının cavab axtardığı qədim-qaim sullara cavab vermək iddiasından uzağam. Mən bu sualların nə qədər vacib olduğu, daha doğrusu, bu sualların nə qədər vacib olmadığı haqqında danışmaq istərdim…

Təbiət qanunlarına görə ətalətdə olan cismə yeni qüvvə təsir etməyə başlamasa, o, öz ətalətini qoruyacaq, – hiss etdinizsə, düşüncələrim idealizmə doğru addımlayır – elə isə, bu sərhədsiz (etiraf edirəm ki, “sərhədsiz” və ya “sonsuz” anlayışlarını sonadək dərk etmirəm) kainatda hərəkəti – xaotik və ya nizamlı, fərq etməz – təmin edən qüvvə nədir?

Yuxarıda xatırlatdığım fizika qanununa görə xaos da öz-özünə mövcud ola bilməz! Cisimlərin, hadisələrin xaotik hərəkətini də təmin edən qüvvə olmalı. Onda belə çıxır ki, xaosun özü də bir nizamdır. (?)

Tutaq ki, kainatı (çox zaman “kainat” və “kosmos” anlayışları qarışdırılır. Fələsfi anlayış kimi “kosmos” kainatın bir hissəsidir, nizama tabe olan hissəsi) sistem kimi qəbul edirik. Sistem özü-özünü hərəkətə gətirmək xarakterinə malikdir. Çarxlı saatı düşünün. Lakin bir məsələ də var ki, çarxlı saatı hərəkətə gətimək üçün ona kənar qüvvənin təsiri lazım.

Sistemdə isə vəziyyət başqa cür: sistemdən kənarda olan qüvvə sistemə təsir edə bilməz. Sistemin daxilində olan bütün qüvvələr isə öz gücünü itirir, ona ram olur, sistemin qanunlarına boyun əyir.

Bu məqamda panteizmi xatırlayıram – Tanrını hər yerdə görən; kainat (təbiət) və Tanrı anlayışlarını bərabərləşdirən fikir sistemini.

Xaos nəzəriyyəsinə görə bütün yaradılış xoş təsadüfün məhsuludur. Səbəbsiz yaranıb və bu məntiqlə heç bir anlam daşımır. Mən, müəyyən mənada, bu yanaşmanı qəbul edirəm. Başda dedim axı, həyat haqqında düşüncələrim pessimist ruhda.

Getdikcə bütün həyatın adicə bir aldanışdan, illüziyadan ibarət olduğunu dərk edirəm və bu, məni bütün cılız qayğılardan azad edir. Əlbəttə, bütün bu həqiqətlər cansıxıcıdır, adama əzab verir. Amma neynəməli, iş belə gətirib.

Belə vəziyyətdə bu acı həqiqətdən yaxa qurtarmaq lazım gəlir.

Başqa bir yanaşma “İnsani prinsip” (“Anthropic Principle”) adlanır. Bu yanaşmaya görə, bütün kainatda fövqəladə bir nizam hökm sürməkdə. Bütün bu nizam isə insana xidmət etməkdə. Yəni bütün kainat ona görə mövcuddur ki, insanın yaranması, yaşaması və ölüb getməsi mümkün olsun. Pah! İşə bir bax! Nə deyim, vallah. Axı niyə insanlar həyatın mövcudluğunda səbəb, məna axtarır, anlamıram. Bəlkə, ümumiyyətlə, belə bir səbəb mövcud deyil.

Fikir verin, ta qədimdən bu yana dünyanı “fani” adlandırıblar: “fani dünya”. Bütün dillərdə eyni mənanı daşıyan söz tapmaq olar. Görünür, bəşər övladı bu mənasızlığı hansısa səviyyədə anlayır və buna görə də hər şeydə səbəb, məna axtarır.

Təkrarçılıq etməli olacam: öz istəyi olmadan həyata gələn və öz iradəsinin ziddinə olaraq dünyadan gedən miskin bir məxluqun həyatında nə məna?!

Doğulmaq, yaşamaq və ölmək… Dönə-dönə, təkrar-təkrar, yenə, yenə, yenə. İlahi, adam dəli olar! Bütün bunlar sizə cəfəng təsiri bağışlamırmı?! Bu nə manasızlıqdır?!

Bu yaxınlarda bir intihar videosunu izlədim. Orta yaşlı bir adam binanın damından özünü yerə atmağa hazırlaşır. Aşağıda xeyli adam toplaşıb. Gəlin etiraf edək ki, maraqlı tamaşadır. Çak Palanik deyir, biz maşın yarışlarını ona görə təşkil edirik ki, kiminsə qəzaya düşməyinə tamaşa edək. Razılaşıram. Qəza videolarının baxılma rekordları qırmağı da bunu təsdiq edir. Özünü atmağa hazırlaşan adamın yanında bir polis də var, görünür, dilə tutmaq, bu adamı bu mənasızlığı hələ bir neçə il də davam etdirməyə razı salmaq üçün göndəriblər. Hamı səbirsizliklə məntiqi sonu – qəhrəmanımızın yerə dəyib parçalanmağını gözləyir. Etiraf edirəm ki, mən də eyni səbirsizlik nümayiş etdirirəm: videonu bir-neçə saniyə qabağa çəkirəm.

Və birdən… Gözlənilməz bir şey baş verir. Adamın ayağı büdrəyir, yıxılmaq təhlükəsi var! Adam qeyri-adi bir cəldliklə yaxınlıqdakı borudan yapışır. Bütün bunlar məntiqsiz görünə bilər: bir saniyə öncə özünü atmaqda qərarlı olan adam indi yaşamaqda israrlı. Bu necə ola bilər axı?!

Məsələ bu ki, heç bir qüvvə təbiət qanunları ilə kəllələşə bilməz. İnsan yaşamaq üçün proqramlaşdırılıb. O, özünü məhv etmək bacarığından məhrum. Bədən son ana qədər mübarizə aparır.

Gözə görünməz bir qüvvə bizə əmr edir: “Sən yaşamalısan!” Nə olursa, olsun, yaşamalısan! Hər şeyi unudub bircə şey haqqında düşünməlisən: ya-şa-maq! Səbəbsiz-zadsız, heç bir fəlsəfi anlam axtarmadan! Lap adicə böcək kimi. Bu intəhasız kainat miqyasında sənin düşüncələrin, həyat haqqında pessimist sərsəmləmələrin, hər şeydə səbəb axtarışın heç bir məna kəsb etmir. Kainat üçün sən adi bir böcəkdən daha dəyərli deyilsən!

Gəlin fikirlərimizi ümumiləşdirək: həyat mənasızdır, adi bir təsadüfün məhsuludur, təbiət üçün insan həyatı digər canlılardan daha dəyərli deyil. Həyat fanidir. Doğulmaq, yaşamaq, yaşamaq, yaşamaq… Və bir gün ölüb gedirsən. Heç nə olmamış kimi. Bədənin çürüyüb torpağa qarışır. Bütün bunlar fərd olaraq sənin üçün vacib hadisə sayıla bilər, inan mənə, təbiət üçün ən adi olasılıqdır. Ümumiyyətlə, insan həyatı və ölümü təbiət üçün hadisə deyil.

Bəs bütün bunları həqiqət kimi qəbul edərkən necə davranmalı? Bu suala ən yaxşı cavabı Nazim Hikmət verir:

“Yaşamak şakaya gəlməz!

Büyük bir ciddiyetle yaşayacaksın!

Bir sincap gibi, mesela…”

Gəlin yuxarıda söz açdığım baş tutmamış o intihar məsələsinə bir də qayıdaq. Çak Palanik deyir: “İntihar – bu həyata düzəliş etməyin radikal yollarından biridir”. Məsələ bu ki, həyatın mənasızlığını anlayan adam pessimizmə qapılır. Heç bir stimul yox, məna yox. Razılaşın ki, belə vəziyyətdə yaşamağa həvəs tapmaq çətindir. (Məhz buna görə də, dinin təklif etdiyi “ölümdən sorakı həyat” məsələsinə inananlar tapılır)

Sual verirəm: tutaq ki, sizə iki variantdan birini seçmək şansı verilib. Ya ölüb gedirsən, ölümdən sora heç nə yoxdur, təkrar edirəm: HEÇ NƏ! Yaxud ölümdən sonra cəhənnəm? Belə bir situasiya düşünün. Hansını seçərdiniz?

Şəxsən mən ikinci təklifi qəbul edərdim.

Gəlin qəbul edək ki, insan həyatında ikicə vacib hadisə var: doğulmaq və ölmək. Vəssalam! Əgər doğulmaq haqqında özün qərar verməkdən məhrumsansa, ona bircə variant qalır - intihar. İntihar edən adamın bu davranışına bircə anlam vermək olar: öz ölümü haqqında özünün qərar vermək cəhdi. Başqası yox, məhz özü!

Bəşər övladının bircə yolu var. Bütün bu düşüncələrdən yaxa qurtarıb, heç nə olmamış kimi, ölüm deyilən iyrənc bir həqiqəti unudaraq, onu yox sayaraq YAŞAMAQ! Bir sincab kimi, məsələn…

Tarix
2018.01.15 / 12:09
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla