Yuxarı

Tanınmışların uşaqlıq fotoları və xatirələri – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk fotomuz həm uşaqlığımızın bir parçası, həm də ötən illərin xatirəsi kimi bizə çox doğmadır.

Kult.az tanınmış yazıçı və şairlərimizin ilk fotolarını və bu fotolarla bağlı xatirələrini təqdim edir:

Şair Məmməd İsmayıl: “Divardan tuta-tuta ilk qədəmlərimi atanda qarşıma anamı dul, məni yetim qoyan İkinci Dünya müharibəsi çıxdı. O zaman foto çəkdirmək nədi, yeməyə çörək belə tapılmırdı. Ona görə də ilk uşaqlıq illərimdən heç bir fotom qalmayıb. Hələ desəm, baxıb xatırlamağa və ağlamağa atamın belə fotosu yoxdur. O illərdən qalan ilk foto indi göndərdiyim şəkildir. Yox, anamla bir yerdə də şəklimiz qalmadı. Bu, sadəcə dostlarımın birinin etdiyi montajdır. Şəklim isə gərək ki, dördüncü sinifdə çəkilmiş kollektiv şəkildən çıxarılma bir surətdir”.

Xalq artisti İlham Namiq Kamal: “Şəkillərimə baxıb yaşımı müəyyən edə bilərsiniz, xatirimə heç nə gəlmir...”

Dramaturq Firuz Mustafa: “Düzü, bu şəklin nə zaman çəkildiyini aydınlığı ilə xatırlamıram. Daha doğrusu, çox dumanlı şəkildə xatırlayıram. Amma anamın deməsinə görə, şəkli onun qardaşı, yəni mənim dayım çəkib. Sizin çoxunuz onu yaxşı tanıyırsınız. Bir sözlə, fotonun müəllifi yazıçı Nahid Hacızadədir”.

Şair Vasif Süleyman: “İlk foto-şəkil çəkdirəndə Şəmkir rayonu Dəllər qəsəbə orta məktəbinin 5-ci sinfində oxuyurdum. O zamanlar fotoqraf az, rayon mərkəzinə getmək isə çətin idi. Bir səyyar fotoqraf gəlmişdi qəsəbəyə. Küçə-küçə gəzirdi. Çəkdirdim, düz iki aydan sonra gətirdi. Bax, gözlərim heç dəyişməyib”.

Xanım İsmayılqızı: “Körpəlik şəklim yoxdur. İlk şəklim 6-7 yaşımda çəkilib. Təəssüf ki, tarixçəsini xatırlamıram. O fotonu arxivimdə saxlayıram”.

Tənqidçi Əsəd Cahangir: “İlk dəfə fotonu təxminən 4, ya da 5 yaşım olanda çəkdirmişəm. O vaxt şəkil çəkdirmək, az qala, özəl bir mərasim idi. Xüsusi hazırlaşmalı, baş-gözünü, əyin-başını qaydaya salmalı, rayon mərkəzinə getməli idin. Kənddə o vaxt fotoaparatı olan adam xatırlamıram. Olsa da, hər halda mən bilmirdim, bizdə yox idi. Söhbət 1970-ci ildən gedir, yəni 47 il qabaqdan. Zarafat deyil, yarım əsr keçib üstündən. Elə bil ki, o vaxtdan bizi yarım əsr yox, min il ayırır. Çünki son 15-20 ildə həyatımıza o qədər yenilik daxil olub ki, sanki başqa eraya daxil olmuşuq. Mən, anam, məndən 6 yaş böyük və 3 yaş kiçik bacılarımla rayon mərkəzinə getmişdik. Yaz, ya da yay ayları idi. Çünki şəkildə şortikdə idim. Ortada böyük bacım, sağında mən, solunda kiçik bacım durmuşdu. O böyük bacılara məxsus kiçikləri qoruma hissi ilə hər ikimizin əlindən tutmuşdu... O şəkil qalır, amma məndə deyil. Çünki qohum uşaqları xahiş edib, şəkli məndən aldılar, sözlərini yerə sala bilməyib ən qədim şəklimi əldən verdim. Təkcə bu şəkil yox, bir çox uşaqlıq şəkillərimi saxlamadığıma görə, peşmanam. Ümumən gənclyimdə hər cür sentimentə ironik yanaşdığmdan belə şeyləri saxlamağı sevmirdim. Əslində, heç indi də sevmirəm. Baxıram ki ətrafdakı adamlar arasında şəklə ən etinasızı mənəm. Bir də görürsən ki, biri ilk dəfədir ki, AYB-yə gəlir, tez Anarla yanaşı durub, şəkil çəkdirir, sonra qürurla Fb-də paylaşıb, özünü xoşbəxt hiss edir. 2004-cü ildə Orxan Pamuk Bakıya gələndə Muskomediyanın foyesində özü mənə yaxınlaşıb, şəkil çəkdirməyi təklif etdi. Bir az çəkindiyimi hiss edib, zarafatla "sıcaq dur" deyib, qoluma girdi. Orxanın o sadəliyi, səmimiyyəti, davranış mədəniyyəti mənim üçün onun bütün romanlarından qiymətlidir. Amma neynirsən, denən o şəkli saxlayırammı? Yox. Bu yaxınlarda təsadüfən Çingiz Aytmatovla şəklimi tapdım. Bu hadisə mənə qəribə təsir bağışladı. Şəkli hətta nə vaxt çəkdirdiyim də yadımda deyildi. Bu tapıntıdan sonra gec də olsa, şəkillərə qarşı daha diqqətli olmağa çalışıram. Amma gec deyilmi? Şəkil kimi vaxtlarım geridə qalmayıbmı?”

Tənqidçi İradə Musayeva: “Əslində, ilk fotonun nə vaxt çəkildiyini dəqiq bilmirəm. 5-6 yaşım olanda çəkilmiş bir neçə şəklim var, onlar da tam aydın çəkilməyib. Həm də anam elə məsələlərdə o qədər də diqqətli olmadığı üçün bütün şəkilləri qoruyub saxlaya bilməyib. Özümdə olan şəkillərimin çoxu isə Ağdamda qaldı, evimiz yandırılanda bütün kitablarımla onlar da yandı”.

Sevinc Elsevər: “İlk şəkil çəkdirdiyim anı xatırlaya bilmirəm, 6 aylıq olmuşam. Həmin şəkil də durur. İkinci şəklim 1 yaşımda çəkilib. O şəkildə rəhmətlik dayım məni arxadan tutub. Ayaq üstə onun qolları sayəsində dayanmışam. Özünün təkcə qolları düşüb o şəkildə. Sevimli şəklim idi. Artıq o şəkli görəndə qüssəyə batıram. Dayım 49 yaşı olanda rəhmətə getdi. O şəkli böyütdürüb evdə divara vurmuşdu atam. Axırıncı dəfə gedəndə gördüm yoxdur şəkil, atam götürüb. Şəklin boş yerində dördkünc bir hissədə divar boyasının rəngi solmamışdı. Tünd mavi qalmışdı. Atam gördü baxıram, dedi ki, baxa bilmirdim, dayının qolları vardı o şəkildə. Hər baxanda ürəyim ağrıyırdı. Anana dedim götürsün, gözdən iraq yerə qoysun. Başqa bir şəkildə 3 yaşındayam, deyəsən. Əlimdə kukla var. Kukla foto atelyeninmiş. Anam deyir ki, şəkil çəkiləndən sonra kuklanı əlimdən alıblar. Çox ağlamışam, çox...”

Yazıçı Əyyub Qiyas: “Evdə bir ağ-qara foto var, yəqin ki, ilk uşaqlıq fotom odur, 7-8 aylıq şəklimdir. Çox balacayam, məqamını xatırlamıram. Sadəcə görürəm ki, elə uşaqlıqdan yaxşı oğlan olmuşam”.

Tarix
2017.04.04 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla