Yuxarı

“O narahatdır ki, qızının başına pis bir şey gələcək...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Sevinc Elsevərlə müsahibəni təqdim edir.

– Sevinc xanım, Feysbukda tez-tez statuslar paylaşırsan, əksəriyyəti də məişət mövzusundadır: oğlum, qızım, ərim, ev işləri, soyuducu, kartof, soğan... Həyatında dəyişən nəsə var?

– Hə... bütün günü məişətin içindəyəm də. Oğlumla, qızımla, mətbəximlə, soyuducumla... hər şeydən əvvəl qadınam. Həm də Feysbuku elə də ciddiyə almıram. Bədii yazılarımdan fərqli yanaşmam var onlara. İkincisi də oğlumdan, qızımdan yazsam da, mən uşaqlardan ancaq maraqlı detalları götürürəm. Bilirsən ki, uşaq ədəbiyyatıyla da məşğulam.

– Bilirəm.

– Bu yaxınlarda yeni uşaq şeirlərim saytda yayımlandı. Bir uşaq romanım hazırdı. Nəşriyyatla söhbətimiz alınsa, çap olunacaq. Nağılları yenidən işləmişəm. Təxminən on nağıl. Həmin nağıllardakı qanlı, dəhşət və vəhşət doğuran nə varsa çıxarıb atmışam, yerinə humanist şeylər qoymuşam. Uşaqlarım mənimçün təkcə öz uşaqlarım kimi maraqlı deyil.

– Necə yəni?

– Onlar mənimçün həm də mövzu kimi maraqlıdırlar. Hətta yaxşı pul gətirsə, bir işim olsa, ancaq uşaq ədəbiyyatıyla məşğul olaram. Ən zövq aldığım işdi. Bir də bağça müdirəsi olmağı məmnuniyyətlə istəyərəm. Uşaqları müşahidə etməyə xeyli imkanım ola, çoxlu yazaram. Uşaq romanımı çap elətdirməyə yer tapmıram, heç kim uşaq ədəbiyyatına pul qoymaq istəmir.

– Həm şeir yazırsan, həm nəsr. Özünü hansında daha rahat və peşəkar hiss edirsən? Daha konkret: özünü şair hesab edirsən, yoxsa nasir?

– Şeirdə rahatam. Nəsr səbir və çoxlu vaxt tələb edir. Çoxları məni şeirdə daha bacarıqlı hesab edir. Bunun yeganə səbəbi odur ki, şeirin həcmi onun üzərində çox işləməyimə imkan verir. Nəsrin yox. Həm də pulsuz işləmək bezdirib artıq. Kimsə, elə bil, məni məcbur edir yazmağa. Yazanda rahatlaşıram. Pulsuz yazmaq istəmirəm. Bəsdi də pulsuz yazdım. (gülür)

– Tez-tez yazırsan?

– O vaxt yazıram ki, yazmağı şiddətlə arzulayıram və darıxıram.

– Məncə, lap əvvəldən ədəbiyyatdakı təşkilatlanmalar səni o qədər maraqlandırmayıb. Düz hiss etmişəm?

– Təşkilatlanmalar maraqlandırmayıb deyəndə ki, AYO üzvü olmuşam uzun müddət. Bunun da səbəbi o olub ki, orada ruhən azad hiss eləmişəm özümü. Mən AYB orqanlarında da çap olunmuşam əvvəllər. Hissiyyatıma güvənən adamam. Sevinirəm ki, AYB-dən uzaqlaşdım. Çünki dostlarımın başına gələnləri gördüm.

– Dostlarının başına nə gəldi ki?

– Şərifin, Ayxanın, Mövludun və başqalarının. Əsəblərini hər şeydən çox istəyən adamam mən. Əsəblərimi qorumaq üçün hər şeydən vaz keçərəm. Bütün o prosesləri, yəqin, elə mən də keçəcəkdim. Bu başdan "haray" dedim. Yaxşı ki, demişəm. Çox gənc olanda maraqlı idi ədəbi təşkilatlar. İndi əvvəlki təşkilatlanmalar da yoxdu axı. Paramparça oldu hamısı.

– Əvvəl erotik şeirlər yazırdın. Buna görə səni çox qınadılar. Mən bilən, daha yazmadın. Səbəb nə oldu? Yoxsa, yenə yazırsan?

– Kəramət, özün istedadlı oğlansan. Sən də belə deyəndən sonra daha nə oldu? (gülür) Erotik şeirləri Nuridə Atəşi yazıb. Mən erotik nəsə yazmaq naminə şeir yazmamışam.

– Erotik şeirlər yazmamısan, bəs yazdıqların nədir?

– Qadın problemlərini bütün çılpaqlığıyla göstərmək, ola bilsin, bir az da diqqəti bu problemlərə yönəltmək üçün bir az açıq, bir az sərt olmuşam. Üstəlik, əgər bir sənətçi – qadın ya kişi olmağından asılı olmayaraq, əsərlərində, ya filmlərində erotik səhnə göstərirsə, bu həyatımızın bir parçası deyilmi?

– Aha…

– Yazıçını, yaxud sənətçini o vaxt günahlandırmaq olar ki, o insanları yanlış yola dəvət etsin. Məsələn, desin ki, qız zorlamaq yaxşı şeydi, bu işdən əla zövq almaq olur, əziz kişilər. O səhnələri nümayiş elətdirsin. Bir də var o səhnələri nümayiş elətdirərək, qurbanın əzablarını ön plana çəksin. Bu incə nöqtəni, təəssüf ki, bizim oxucular, hətta bir çox tənqidçilərimiz ayıra bilmirlər. Halbuki hətta Sovet dövründə bizim yazıçıların, rejissorların əsərlərində bu cür səhnələr yer alıb. Bir var erotika, bir var pornoqrafiya. Bizim oxucular bunu da qarışdırırlar. Trier "Nimfomaniya" filmində seks düşkünü olan qadının obrazını yaradır. Qadın bütün həyatını evində bir gecə keçirdiyi kişiyə danışır. Onun hədəfi daha çox kişiylə yatmaq imiş. Amma filmin sonunda önəmli bir mesaj var: Eşqsiz sevişməyin dadı-duzu yoxdu! Tamaşaçılar o mesajı görmür, filmdəki erotik səhnələri qınayır. Bir çox ölkələrdə o filmi qadağan elədilər. Eşqsiz, bir kişini sevmədən qadın xoşbəxt ola bilməz.

– Səhv eləmirəmsə, bir şeiriniz vardı. Birotaqlı evimizdə atamla anam sevişərkən, balaca qız uşağıydım. Yadınıza düşdü?

– Hə... o şeirdə birotaqlı evlərdə ailə saxlayan, kasıblıqdan, yoxsulluqdan içkiyə qurşanan, hər şeyin acığını ailəsindən çıxan bir kişinin faciəsindən bəhs olunur. İçən, arvadını döyən, söyən, uşağının gözü önündə təhqir eləyən. Eyni zamanda, qız övladının gələcəyindən narahatlıq keçirən atadı o. Narahatdır ki, qızının başına bu ölkədə pis bir şey gələcək. Qızını qorumağı bacarmayan kişi qızını təhqir eləməklə bunun acısını yenə qızından çıxarır. Və həmin qızın ta uşaqlıqdan aldığı zədələri, uşaqlıq travmaları... Qısa bir şeirdə bütün bunların hamısını nə qədər sığdırmaq olarsa, o cür sığdırmışam. Şeirin sonunda qız atasını qalstuklu, şoferli, portfelli başqa kişilərlə müqayisə edir, başa düşür ki, atası çox yazıq adamdı. Dözməmiş, ərimiş, kiçilmiş ürəklə "məndə elə ürək hanı onun kimisini sevməyə?" deyir. O şeiri roman yazmalıydım, bəlkə. O qədər mətləbi bir şeirə sığdırmaq çətindi. Başa düşənlər düşdü, düşməyənlər də ittiham elədi. Roman eləsəydim, daha aydın olardı. Amma "Falçı" romanında həmin kişinin obrazı var. Firuzənin yeznəsi yenə həmin kişidi, Fatmanın atası.

– Yaradıcılığın haqda fikirləri, məncə, belə ümumiləşdirmək olar: Sevinc səmimi yazır, amma səmimiyyət hələ ədəbiyyat deyil. Bu fikrə münasibətin necədir?

– Səmimi yazılmayan mətni də mən ədəbiyyat hesab eləmirəm. İndi neyləyək? Səmimi deyəndə nə nəzərdə tutursunuz? Siz hardan bilirsiniz ki, mən səmimiyəm? Bəlkə, elə sizi aldadıram? Sadəcə, mən qadın problemlərini açıq şəkildə yazdım, qorxmadım, çəkinmədim. İndi televiziyalarda bilirsən səmimi nə qədər arvad-qız var? Biri deyir, ərimi aldatmışam, o biri deyir uşağımı atmışam. Xoşqədəmin verilişinə çoxlu səmimi qadınlar çıxır. Onlar hamısı yazıçıdırmı? Bu, nə boş-boş söhbətdir? Lamiyə Quliyeva bu saat bu ölkədə hamıdan səmimidi. Onda ona Nobel versinlər? Mən, sadəcə, sevdiyim kişiyə öz mətnlərimdə "gülüm", "bülbülüm" demədim. Ətim töküldü. Mən subay olanda da sevgi şeiri az yazırdım. Məni tamam başqa mövzular maraqlandırıb. O mövzular ki, yeni idi, insanları diksindirirdi.

– Deyəsən, əsəbiləşdin. Üzr istəyirəm.

– Yox, əsəbiləşmirəm. Sən özün bu şeyləri gözəl bilirsən, sadəcə, məni danışdırmaq istəyirsən. Yaxşı. Danışaq da. Sənə də bu lazım deyil? Amma mən onu da bilirəm ki, oxucuyla səmimi olmağa, heç olmasa, çalışmalısan. Bacarmasan da, özünü buna zorlamalısan. Yoxsa, inandıra bilməyəcəksən. Alınmayacaq.

– Azərbaycan qadınını necə görmək istəyirsən? Bu imkan sənin əlində olsaydı, hansı təklifləri verərdin?

Azad, güclü, təhsilli, səmimi görmək istərdim. Mən arzu edirəm ki, Azərbaycan qadınının öz düşünən beyni olsun, başqalarının düşüncələrinə görə həyatını qurmağa məcbur qalmasın. Mən Azərbaycan qadınını belə görmək istəmirəm. Azərbaycan qadınının bu vəziyyətdə çapalamaması üçün onun təhsilli olması şərtdi. Qız uşaqları oxumalıdı. Qadın-kişi bərabərliyi kağız üstündə qalmamalıdı. Sözdə deyilməməlidi. Qadına münasibət dəyişilməlidi. Ona "qabırğasan", "ikincisən", "sənin üstündə hər bir niyyətimi həyata keçirmək haqqım var" deyilməməlidi. Başqa nə deyim e? Zatən, hamı hər şeyi özü görmürmü?

– Qadın-kişi bərabərliyindən danışdın. Səncə, qadın və kişinin bərabər olması mümkündür? Dünyada elə bir cəmiyyət varmı ki, orda qadınla kişi tamamilə bərabər olsun?

– Qadın-kişi bərabərliyi deyəndə, onların bərabərhüquqlu olmasını nəzərdə tuturam. Fiziologiyaya gələndə, uşaq da bilir ki, qadın ayrıdı, kişi ayrı. Oğlum hələ 4 yaşındadı, bilir ki, oğlandı. Bəzən ona nəsə almaq istəyirəm, deyir, mən oğlanam, qız deyiləm ki, istəmirəm. Yaxud deyir ki, ana, mənim nə vaxt saqqalım çıxacaq? Məndən "ana saçım nə vaxt uzanıb sənin saçın qədər olacaq?" – deyə soruşmur. Qadına və kişiyə, oğluna və qızına bərabər imkanlar tanımalısan. Birini o birinin ayağına verməməlisən. Hər şey ailədən başlayır. Evində qızı və oğlu olan valideynlər uşaqlıqdan uşaqlarını bir-birinin hüquqlarına, istəklərinə hörmətlə yanaşmağı öyrətsələr, heç belə problemlər də olmaz. Oğluna velosiped alıb, qızına sən qızsan, sənə velosiped almaq olmaz desən, əlbəttə, eyni imkanı tanımamış olursan, qızının hüququnu tapdayırsan. Sabah oğlun böyüyəndə sənsiz də bacısının hüquqlarını tapdalayacaq. Yaxud qızını məktəbə göndərməyən, oğlunu göndərən valideynlər var!

– Sevinc xanım, kişi yazarlarımızın əksəriyyətində hiss edirəm, onlar qadınların ciddi əsər yazacaqlarına inanmırlar. Yəqin, bunu sən də hiss eləmisən.

– Azərbaycanda vəziyyət indi elədir ki, heç kişi yazarlarımızdan da biz qadınlar güclü əsər gözləmirik, o ki qala onlar bizdən gözləyə. (gülür) Ədəbiyyat tarixində gəlmiş-keçmiş yazıçıların arasında adını tarixə düşürən qadınlar azdı. Bunun da başlıca səbəbi odur ki, təkcə Şərqdə yox, elə Qərbdə də əsrlərlə qadınlar təhsil almamış, ictimai fiqur olmayıblar. Amma təkcə XX əsrdə nə qədər qadın yazıçı yetişdi. Nobel mükafatının ilk sahiblərindən biri də Selma Laqerlöf deyildimi?

– Azərbaycan…

– Azərbaycana gəldikdə, burda da mənzərə belədir ki, Azərbaycan qadını Marina Svetayevanın, Anna Axmatovanın keçən əsrdə yazdıqlarını XXI əsrdə yazmağa məcbur qalıb. Onu da didişə-didişə. (gülür) Qadına nə stimul versin? Ədəbiyyatda pul yox, kitablar satılmır, pul olmadığına görə ailədən yetərincə dəstək yox. Bu gün üzdə olan qadın yazıçıların əksəriyyəti evlidir, körpəlidir. Ən çox da stimul yoxdu. Amma kişi yazarlarımıza nisbətdə qadın yazarlarımız daha irəliyə gedə bilib, inqilab ediblər. Mən belə düşünürəm.

Tarix
2015.03.21 / 09:00
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla