Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2017


Azərbaycanda şalvarı ilk dəfə mən geyinmişəm

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kinosunda öz yeri olan, amma son dövrlər daha çox maddi çətinliklər və səhhətində olan problemlərlə gündəmdə gələn aktrisa Nuriyyə Əhmədova ilə onun kirayədə yaşadığı evdə görüşüb-söhbətləşdik.

Amma kirayədə yaşadığına görə utanmır, eyni zamanda dövlətin onu evlə təmin edəcəyinə də ümidini itirmir.

- Hardan hara gəldiniz, Nuriyyə xanım?

- Həmişə özümü bu sənətdə görmək istəyirdim, amma aktrisa kimi yox, müğənni olmaq istəyirdim. Anam bu istəyimə etiraz edirdi. O, məni başqa sahədə görmək istəyirdi, atam isə tam əksini deyirdi. Musiqili Komediya Teatrına da müğənni kimi gəldim. 1968-ci ildə məktəbi təzə bitirmişdim. İlk işim elə ora oldu.

"Məmmədəli kurorta gedir" adında tamaşa hazırlanırdı. Həmin tamaşanın musiqisi Tofiq Bakıxanova aid idi. O, məni tamaşada kiçik bir rola dəvət etdi və rol uğurlu alındı. Bundan sonar Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov məni teatra qəbul etdilər. Həyat təsadüflərdən ibarətdir. Bu kiçik roldan sonra mən düz 15 il orda işlədim.

- Müğənni ola bilmədiyinizə görə məyus deyilsiniz?

- Mən heç vaxt təəssüf eləmirəm. Müğənni olmadımsa, bu, son demək deyil. Çünki boğazımdakı zoba görə səsimdə problem olacağını bilirdim. Zobdan qurtulmaq üçün əməliyyata girməli idim. Amma mən əməliyyata getmədim, qorxdum. Sonda səsimdə dəyişiklik oldu. Müğənni olmadığıma görə heç də peşman deyiləm. Oxuyanlarımız onsuz da çoxdur, amma aktyor, aktirisa çox azdır. Gələnlər də böyük çətinliklərə görə bu sahədə qala bilir.

Teatra gələndə mənim ali təhsilim yox idi

- Bir gün tamaşalarımın birində İncəsənət Universitetinin müəllimi yaxınlaşıb dedi ki, siz nə əcəb universitetə girmirsiniz? Adil İsgəndərov yeni kino fakültəsi açmışdı. Mən də özümü sınadım. Getdim, imtahan verdim, alınarkən heç özüm də inanmadım. Çünki gözləmirdim.

Deyirlər ki, bizdə demokratiyadır...

- Sizin sənətə gəldiyiniz vaxtlarda bu sahədə xanımlar indiki kimi çox deyildi. Bu sizə çətinliklər yaratmadı ki?

- Hər şeyin başlanğıcı çətin olur. Mənim də sənətə atılmağım belə bir zamana təsadüf etdi. Biz sənətə gələndə hər şey çox çətin idi. Düz deyirsiniz, o vaxt çox az sayda qızlar bu sahəyə gəlirdi. Mən çətinliyə baxmadan irəliləyə bildim. Amma indi vəziyyət fərqlidir. Kifayət qədər qızlar bu sənətə gəlir. Hətta indi bu axının qarşısını almaq olmur…

- Nuriyyə xanım, Avropada sizin kimi peşəkar aktirisalar milyonlara sahibdirlər, amma bizdə tam fərqlidir. Sizcə bizdə alınmır, ya başqa səbəb var?

- O, quruluşdan asılıdır. Onların quruluşu bəllidir. Amma bizdə hələ də nə olduğu bilinmir. Bəzən mənə deyirlər ki, bizdə demokratiyadır. Amma mən bu fikirlərlə razı deyiləm. Bizdə yalnız biznes var. Xaricdə aktyorluq təsadüfidir. Orada əyyaşlar da filmə çəkilib, məşhur ola bilər. Amma bizdə yox.

Sponsor tapanda efir olmur, efir olanda sponsor

Mən və həmkarlarım tez-tez belə çıxışlar edirik ki, imkanlı şəxslər, sahibkarlar sənətə qiymət versinlər. Heç olmasa bir az maliyyə buraxsınlar. Təbii ki, bu sahəyə dövlət az-çox maddi dəstək edir. Mən inanmıram ki, xaricdə hansısa aktyor ya aktrisa məktəb görüb. Sadəcə, rejissorun xoşuna gəlib, rola uyğun olub, oynayıb. Bizdə hələ indi-indi filmin alışı, satışı inkişaf edir. Amma onlar o vaxtdan bu sahədən gəlir əldə etməyin yollarını bilirlər. Bizdə isə sponsor tapanda efir olmur, efir olanda sponsor...

- Məşğul olduğunuz işlə maddi ehtiyaclarınızı ödəyə bilirsizin?

- Yaşayan yaşayıb, qazanan qazanıb. Amma təbii ki, qazananların bir əmması var. O qazancların qarşısında nə qədər nida, nə qədər sual işarəsi və nöqtələr dayanır.
Xaricdə bir filmə çəkiləndə böyük məbləğ qarşısında müqavilə bağlayırlar. Bildirirlər ki, bu müddət ərzində heç bir film və ya seriala çəkilməyəcəklər. Əlbəttə, belə olanda o sabah villa da, maşın da alacaq, daha nələr nələr... Bizdə aktyorlara verilən pul çox azdır. Yeni çəkildiyim serialdan ("Mamaça") üç aydır heç nə almıram. Gənclər bu cür vəziyyətə dözmür, amma biz hər çətinliyə dözürük.

Prezidentə evlə bağlı müraciət etmişəm, cavab verilməyib

Hazırda kirayədə qalıram. Bunu deməkdən heç vaxt utanmamışam. Bilirsiniz, seriallar elə bizim maddi ehtiyaclarımızı ödəmək üçündür. Amma mən maddi olaraq çox şey qazanmamışam. Hazırda kirayədə qalıram. Nolsun ki? Mən səhnə ilə yaşayıram. O mənə həyat verir.

Prezidentimizə bir-neçə dəfə mənə ev verməsi ilə bağlı müraciət etmişəm. Amma hələ ki, cavab yoxdur. Bilirəm ki, ona o məktubu versələr, çoxdan məni evlə təmin edərdi.

Pulsuz oynadığım rollar da olur

Bəzən təklif olunan rollarda filmin büdcəsi az olur, amma mənim rol xoşuma gələndə heç nəyə baxmadan pulsuz oynayıram. Biz bu gün varıq, sabah yox… Amma gənclər kinonun, serialın gələcəyidir. Ona görə də onlara maksimum dərəcədə kömək etməliyik.

- Sizin adınız gəldiyində ilk göz önünə gələn "Həm ziyarət, həm ticarət" filmindəki obrazınız olur. Sizcə, nəyə görə bu obraz tamaşaçılara daha yaxındır?

- Çünki mən hər obrazımı oynayanda içimdəki Nuriyyədən birini qoyuram. Təkcə o filmdə yox, həm də "Bəxt üzüyü"ndəki obrazım heç kəsin yadından çıxmır. Baxmayaraq ki, orda çox kiçik rol almışdım.

- Necə etmək lazımdır ki, Azərbaycan filmləri xaricdə uğur qazansın?

- O vaxt bizdə "Direktor kartina" var idi. Filmin bütün məsuliyyəti onun üzərinə düşürdü, bütün inzibati işləri o təşkil edirdi. Amma indi kino sahəsində mən o işlə məşğul olanı görmürəm.

Ancaq kifayət qədər filmlərimiz var ki, onlar yayımlanır. Məsələn, bu yaxınlarda çəkildiyim "Yoxlanma" filmi mükafat gətirdi Azərbaycana. Təkcə o deyil, "Sahilsiz gecə" filmi də böyük uğur qazanıb. O film hələ də Hollandiyada göstərilir. Gərək film çəkərkən rejissorlar onun təkcə ölkədə yox, həm də dünyada göstərilə bilməsini düşünsünlər.

Bir Zeynəb xanım, bir də Nuriyə xanım heç dəyişmədi

- Heç vaxt saç düzümünüzdə, imicinizdə dəyişiklik etməmisiniz. Bundan sonra gözlənilirmi?

- Heç vaxt dəyişməyəcəm. Mən aktrisayam, onu müğənnilər edə bilər. Axı tamaşaçının gözündə belə görünmüşəm. Tamaşaçı məni bu cür xatırlayır. Mən istəyirəm elə bu tərzdə də yaşlanım. Hərdən mənə deyirlər ki, bir Zeynəb xanım, bir də Nuriyə xanım heç dəyişmədi. (Gülür) Məni məktəb vaxtlarımdan da belə tanıyırlar. Məncə, sənətə gələn hər bir kəs öz imicini qorumalı, xarici görkəminə diqqət etməlidir. Mən hər zaman qidalanmama diqqət edirəm, heç vaxt saat 6-dan sonra yemək yemirəm. İnsan gərək nəfsini saxlamağı bacarsın.

Azərbaycanda ilk şalvar geyinən mən olmuşam…

O vaxt şəhərdə hər kəs şalvar geyinə bilmirdi. Amma mən geyindim. Maraqlıdır ki, o vaxt bizimkilərdən çox əcnəbilər-ruslar mənim şalvarıma irad tuturdular. Mən heç onlara əhəmiyyət vermirdim. Artıq şalvara münasibət normaldır. Amma bəzən xanımlarımız özlərinə uyğun geyimlər seçmirlər.

Lasin geyinən qadınları görəndə ətim tökülür

Ətlər qat-qat sallanır, amma lasin geyinirlər. Təkcə qadınlar yox, həm də kişilər özlərinə uyğun geyinmirlər. Zaman gələcək dar lasinlər, qeyri-adi saç düzümləri unudulacaq. Amma insanın gözəl imici heç vaxt unudulmayacaq. Mən sənətə özümü gətirdim, hamı da məni Nuriyyə kimi qəbul etdi.

Vəfa Zeynalova erotik səhnəyə çəkilib

- Azərbaycanda erotik səhnələr niyə qəbul olunmur?

- Mən də filmlərdə açıq-saçıq, erotik səhnələri sevmirəm. Bəlkə də bu mentalitetimizlə bağlıdır. Bu yaxınlarda mənə dedilər ki, Vəfa Zeynalova erotik səhnəyə çəkilib. Mən də dedim ki, o, sənətkardır. Bunu deməzdən öncə bir şəhərə çıxın, görün qızlarımız necə geyinir?!

- Oynamaq istədiyiniz, amma sizə qismət olmayan rol olub?

Mən heç vaxt baş rol arzusunda olmamışam

- Rol mənim arxamca qaçıb. Çünki mən bilmişəm ki, məndə həmişə rol olacaq. Uyğun rol özü gəlib məni tapib. İndiki gənclər filmə çəkiləndə ilk verdikləri sual bu olur ki, "mən baş rolda oynayacam?". Amma anlamırlar ki, hansı rolu oynamasından asılı olmayaraq verilən rolu yaxşı oynadıqda o həmişə yaddaşlara həkk olur. Mən filmə ailə kimi yanaşıram. Bizdə aktyorlar sənətdə qocalmır. Çox az aktyor var ki, qocalanda səhnədə qala bilir. Gərək insanda obraz, tərz olsun.

Bizdə kameranı başa düşən yoxdur

Hər zaman istəmişəm ki, kamera mənə işləsin. Sovetin vaxtında bir kamera var idi, amma o səndən istədiyini ala bilirdi. Amma indi 4-5, hətta 10 kamera işləyir, amma kadrı tuta bilmirlər. Məncə, hələ bizdə kameranı başa düşən yoxdur.

Xaricdə ən eybəcər aktrisanı kinoda gözəl kimi təqdim edirlər, amma bizdə gözəlimizi eybəcər kimi ortaya çıxarırlar.

Mən xarici festivallarda aktirisalarla üz-üzə gələndə onların nə qədər eybəcər olduqlarını gördüm. Amma onlar filmdə elə təqdim olunur ki, hər kəs onları dünya gözəli hesab edir. Çünki onlarda hər şey inkişaf edib. Nəinki stilistlər, hətta qrimçilər də mütəxəssisdirlər. Amma bizim qrimçilər gözəllərimizi də eybəcər hala salır.

Mənim kinoda qalmağımın səbəbi üzümün kameraya düşməsi oldu. Mənim üz cizgilərimin sırf kino üçün yarandığını həmişə deyirdilər. İnsanda əsas gözdür, gözləri donuq oldusa, o aktrisa heç bir rol oynaya bilməz.

- Peşmançılığınız varmı?

- Mən heç vaxt ailə qurmaq istəmirdim. Çünki bilirdim ki, ailə qursam, müəyyən çətinliklər yaranacaq. Mənim sənətim elədir ki, gərək həyat yoldaşım məni maksimum anlasın. Təbii ki, məndə bunlar var idi. Amma övladımı itirdikdən sonra bütün qazandıqlarım bir anda məhv oldu. Həyat daim itirib tapmaq üçündür. Övlad itkisi çox ağırdır. İnsan daim nəyinsə əksik olduğunu hiss edir. Məni sənətim yaşadır, işləməsəm yaşaya bilmərəm.

- Sağlamlığınız necədir?

- Demək olar ki, hər yerimdə problem var. Xəstəliklərimi özüm müalicə edirəm. Zob, təziq, ürək o qədər xəstəliklərim var. Turş yeyən kimi qaraciyərim ağrıyır, buna görə də ardınca şirniyyat yemək məcburiyyətində qalıram. Qan dövranımda problem var. Əlbəttə, soyuq havada çəkilişlər olarsa, belə də olar.

- Özünüzü digər aktrisalardan nə ilə fərqləndirirsiniz?

- Mən film, kino sahəsinə təbiilik gətirdim. Bunu hər zaman mənə deyirlər. Filmdə, kinoda əsas reallıqdır. Təbii ki, başqa fərqləri tamaşaçılar verməlidir.

Tarix
2013.11.02 / 01:02
Müəllif
Fatimə İbrahimova
Şərhlər
loading...
Digər xəbərlər

Əbrudan Rza Zərrab təlimatı: Gizlilik müqaviləsi

Kanallarımızın başı çalıb-oynamağa elə qarışıb ki...

Dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı oldu

Ermənilər azərbaycanlı lideri Yevlaxda necə öldürdü?

ABŞ-da dünyanın ən etibarlı evi tikildi - Foto

Bakı Qafqazın ən gözəl şəhəridir - Skaylayf

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla