Yuxarı

“Heyətə içki vermisən, kapitan olmayacaqsan”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşad telefonda özünü təqdim edib tanıdınca, düzü, əvvəlcə duruxdum. Çoxdan idi əlaqəmiz kəsilmişdi. Bu uzun illərdən sonra onun məni axtarması, "səninlə görüşmək istəyirəm, başqa ağız açmağa adamım yoxdur", - deməsi mənə heç də təəccüblü gəlmədi. Çünki vaxtı ilə işlədiyimiz gəmidə ona qarşı pis olmamışdım.

Rayondan zəng etmişdi.

- Vaxt de, gəlim, uzaq vaxt olmasın, - deyə etdiyi xahişində yalvarışa bənzər bir inilti də var idi.

Razılaşdıq ki, iki gün sonra Bakıda "Xəzər" univermağına yaxın çayxanalardan birində görüşək. Bu iki gün ərzində isə yaddaşımda onun məsum, hiylədən uzaq, saf gözlərini tez-tez xatırladım.

O, "General İsmət Qayıbov" gəmisinin matrosu, mən isə kapitanın baş köməkçisi idim. Heyət üzvləri ilə aramızda çox səmimi münasibət var idi. Bəzən gəminin kapitanı buna görə mənə iradını bildirirdi:

- Çox üz vermə, sonra çətin olar.

Açığı, gəmidə az olardım. İdarə işləri və "Ədəbiyyat qəzeti"ndə işlədiyimə görə nadir hallarda dənizə çıxardım. Gəmi sahilə qayıdıb, yüklənib növbəti səfərə gedənə qədər kapitan axşamlar evə gedər, mən isə komandir heyətində cavabdeh kimi gəmidə qalardım.

Gəminin digər matrosu Ayaz bir gün məndən xahiş etdi ki, Rəşadın guya gəmidə kapitan şagirdi vəzifəsinə keçməsi haqda əmr təşkil edim. Səbəb də onu göstərdi ki, onunla zarafat edəcəklər, qoy özünü kapitan şagirdi kimi hiss etsin, göstəriş versin. Bir neçə gündən sonra isə onunla zarafat etdiklərini deyəcəklər. Saxta əmr-yollayışa gəminin möhürünü vurub, idarənin kadrlar şöbəsinin rəisi Almaz Baxşiyevin məşhur imzasını çəkdim.

Rəşadı kayuta çağırıb təbrik etdim:

- Sən ali təhsil almadan kapitanın səlahiyyətlərini icra edə bilərsən, bunun üçün kapitan şagirdi kimi azı 6 ay işləməlisən. Əslində, öz işini görəcəksən, sadəcə, diqqətli olub, bəzi şeyləri də əxz eləməlisən.

İnandı. Sevinib boynumu qucaqladı:

- Uşaqlar neçə gündür mənə deyirdilər ki, belə bir şans ola bilər. Ayaz dedi ki, bunu düzüb qoşsa, ancaq şair düzüb qoşa bilər. Çox sağ ol.

Onu bir daha təbrik etdim və məsləhət gördüm ki, işində möhkəm olsun, növbəni qüsursuz çəksin.

- Ətrafımızda bizi istəməyənlər var. Növbə zamanı yatma. İdarəyə xəbər verərlər, əmrini geri oxuyarlar.

Əslində, fikrimiz də elə idi. İşindəki qüsura görə əvvəlcə şifahi, sonra isə yazılı xəbərdarlıqla onu kapitan şagirdi görəvindən azad edəcəkdik.

Rəşad heç bir qüsura yol verməyəcəyini dedi. Sonra səs tonunu aşağı salaraq soruşdu:

- Mən uniforma sifariş verə, paqon taxa bilərəmmi?

- Əlbəttə, taxa bilərsən, amma hələ tələsmə - dedim.

- Kəndimizdə bir müəllim var, onun qızını istəyirəm. Qızı mənə vermir, "sən avarasan, fərli-başlı sənətin də yoxdur", - deyir. Məni komandir geyimində görməsini istəyirəm, ayın əvvəli kəndə gedəcəm axı, Şakir kapitandan icazə almışam, - Rəşad elə sevinirdi ki, məni, az qala, etdiyimiz bu nadan zarafata görə qəhər boğurdu. Ayın əvvəlində Rəşad kəndə getmədi, heç ayın yarısı tamam olanda da...

...Gəmiyə gəlişimin bir günündə Rəşadı solğun gördüm. Səbəbini soruşdum.

- Rayonda ailəmizin vəziyyəti ağırdır. Onları mən dolandırırdım. Dədəm zəng edib, unumuz, qənd-çayımız qurtarıb, - dedi.

- Sənə 2 günlük icazə verirəm, kapitana deyərəm, get kəndə, ərzaq al, qayıt.

- Pulum yoxdur, maaşımı Ayazgilə xərclədim. Onlar vəzifəmi yumaq üçün qonaqlıq istədi, yox deyə bilmədim, hələ növbəti maaşımın yarısına qədər də dükandan nisyələmişəm. Həm idarəyə şirinlik verməliydik axı, Ayaza 30 şirvan verdim ki, sənə versin.

Mən zarafatın bu həddə çatacağını heç gözləmirdim. Rəşad isə danışırdı:

- Kənddə də işləyənimiz yoxdur. Hər ay dədəmə pul göndərirəm, buradan da un, başqa ərzaqlar yollayıram. Kənddəkilər ac qalacaq, özüm də heç bilmirəm, məni kapitan keçirəcəklər, ya yox.

Çox pis olmuşdum. Ayazı, digər heyət üzvlərini bir yerə topladım, "uşağın pulunu qaytarın", - dedim. Etiraz etdilər:

- Özü də bizimlə yeyib-içib, elə-belə dedik, gedib aldı gətirdi.

Uzun çək-çevirdən, "sən ondan şirinlik adına pul alıb arağa vermisən" dedikdən sonra maaşda Rəşadın pulunu düzəldib verəcəklərini dedilər. Şirinlik pulunu isə elə həmin dəqiqə qaytardılar.

Sonra Rəşadı kayutama çağırdım:

- Səndən şikayət ediblər, səni kapitan keçirməyəcəklər. İdarədə söz gəzir ki, heyətə spirtli içki alıb paylamısan. Budur, bu da sənin pulun, qaytardılar.

Rəşad bu dəfə də boynuma sarıldı. Ağlamsındı:

- Qardaşımın ayaqqabısı yoxdur, atamın dərmanı qurtarıb, ölüb yerə girəcəkdim, sənə ömrün boyu minnətdaram.

Rəşad hündür boyuna, gen sinəsinə, atletik görünüşünə rəğmən, çox aciz idi. Həmin an ona baxdıqda yadıma hərbi xidmətdə olarkən hündür boylu həmyerlimiz düşdü. Ağırlıqqaldırma üzrə öz çəki dərəcəsində Sibir Hərbi Dairəsinin çempionu olmuş Şahin adlı əsgər yoldaşımı xatırladım. Rəşad onunla eyni rayondan idi.

- Mənim sizin rayondan bir əsgər yoldaşım vardı, familiyası Musayev idi.

- Adı Şahindirsə, mənim dayımdır, "svarşikdir"...

Rəşad dayısına çəkmişdi, o gövdənin, gücün sahibinin ürəyi yox idi. Məndən 6 ay yuxarı çağırış olan Şahinə hər sözə inandığına görə çox sitəm eləmişdim...

...Nəhayət ki, zəngləşib qərarlaşdırdığımız vaxtda Rəşadla görüşdüm.

- Səni güclə tanıdım, xeyli dəyişmisən.

- Mən isə səni heç tanımadım.

Beləcə çayxanada, bir yaşıl ağacın altında üz-üzə oturduq. Rəşad dolanışığın çətinliyindən danışdı, yenidən gəmiyə işə düzəlmək istədiyini dedi.

- Sən niyə getdin axı? Bilmirsən işə düzəlmək çətindir? Akademiyanın məzunlarını sıravi işçi kimi işə götürürlər.

- Bilirəm, mümkün deyil. Ümid yeri bildim, sən məsləhət ver.

- Gərək dənizdən getməyəydin. Məsləhət isə nə qədər istəyirsən verim, nə xeyri?

Rəşadın sifəti bir qədər də tutuldu.

- Komandir...

- Adımı de.

- Öyrənmişəm axı... Mən getmədim ki... Məni Sədi namərd 50 şirvana görə işimdən-gücümdən elədi...

Rəşadın çayı soyuyurdu. Stəkanı əlləri ilə "qucaqlamışdı". Gözləri istəyini dilindən daha təsirli şəkildə ifadə edirdi. Kədər dolu gözlərinin saflığı hələ də itməmişdi, həyat əzabları, işgəncələri ilə onu yeniləyə bilməmişdi. O yenə də uduzacaqdı...

Sədi dediyi adam idarənin kadrlar şöbəsinin inspektoru idi, matroslara baxırdı. Soruşdum:

- Bilirsən Sədi indi hardadır?

- Hə, bilirəm... tutublar. O, çox adamın evini yıxdı... mənim də... aldatdı məni...

Rəşad özünün hekayətini nəql etdi:

- Dədəm xəstə idi.. indi də çox pisdir vəziyyəti. Məzuniyyətə çıxdım, ev işlərini gördüm, qışa hazırlıq, ot, saman yığdım. Məzuniyyət vaxtımın bitməsinə bir-iki gün qalmış Sədiyə zəng etdim, "işim var, bir həftəlik bülleten götürüm", - dedim. "Götürmə, rayon bülleteni qəbul olunmur. Bir ay qal, mən danışaram burada adına bülleten yazarlar, hörmətimi edərsən", - dedi. Razılaşdım. Bir aydan sonra gəldim, dedi, "yer yoxdur, get bir ay da gəz, narahat olma", məndən 50 şirvan pul aldı. Bir aydan sonra gəldim. Dedi, "150 şirvan verməsən, işdən "staya" ilə qovacağam". Pulum yox idi, çox yalvardım ki, 50 şirvan demisən, gətirmişəm. Razı olmadı. Dedim, "o zaman idarə rəisinə deyəcəm ki, xəstəm olub, gəlməmişəm, al bu pulu da sənə verim, səndən soruşsa, de ki, zəng edib, xəstəsi olduğuna görə "rezerv"də saxlamışam". Dedi, "yaxşı gözlə". Mən gözlədikdə polisə zəng vurub ki, "proqulla işdən qovduğumuz adam burada mənə mane olur", - dedi. Polislər gəlib məni atdı idarənin həyətindən bayıra. Qorxub ki, gedib rəisə onu sataram. Bax belə, iki ay proqulla qovuldum..

Rəşadla xeyli söhbət etdik. Rayondakı ağır vəziyyətdən söz açdı:

- Kənd bələdiyyəsi bibimin həyətinin qarşısını Rusiyada yaşayan pullu kəndlilərimizə satıb. Qoca, kimsəsiz arvaddır. Onlar düz bibimin evinin 2 addımlığına qədər qazıb göl düzəldiblər, balıq becərirlər. Ev çökür, dədəm qoca kişi, mən də pulsuz. Getdim icraya, vəziyyəti danışdım, dedilər, narahat olma. Mən də narahat olmadım. İki gündən sonra bibim evi ilə gölün arasından keçəndə ayağı sürüşdü düşdü gölə. Güclə çıxarıblar, ölüm ayağındadır. Düz 25 metr bibimin həyətini qazıblar, sözümüzə baxan yoxdur. Bizi adam saymırlar. 38 yaşım olacaq, amma işdən qovulandan sonra 38 gün yaxşı həyat görmədim. Əynimdəki köynəyi utana-utana qonşudan alıb geyinmişəm. Dünəndən Bakıdayam. Bu gün zəng edib ki, sabah kənddə toy var, köynəyimi gətir yudurt, ütülə, toya gedəcəyəm...

Rəşad çayın təzələnməyini istədi. Xidmətçinin gətirdiyi çayniki ovcunda "gizlətdi", elə bil, üşüyürdü. Sonra hər ikimizə çay süzdü.

- Dünən Daməd müəllimə zəng vurdum, axşam idi. Nömrəsini bir kapitandan aldım. İçəri buraxmadılar, mən isə təkid edirdim. Axır ki, bir kapitan nömrəsini verdi, dedi, "o əsl dənizçidir, sənə yalnız o, bir də qəbuluna düşə bilsən, rəis kömək edə bilər". Zəng etdim, elə mehriban danışdı ki... dərdimi dedim, dedi, "İnsan Resurslarına müraciət et". Başa saldı, sabah gedəcəyəm ora. Rauf müəllimlə, ya da Sevda xanımla görüşə bilsəydim... İmam haqqı, qəbula düşsəm, işə götürərlər.

- Hə, götürər... Rauf müəllim sənin tanıdığın rəislər kimi deyil.

- Bilirəm də, görmüşəm də o vaxtı... Bizim baş idarədə işləyəndə.

Rəşad özü-özünə təskinlik də verdi, indi işə götürmək də asan deyil, heç kəsi qınamaq olmur.

Ona siqaret təklif etdim. "Çəkmirəm", - dedi.

Ayrılmalı idik, vaxt keçirdi. Evə dəvət etmədim, özü buna şərait də yaratmadı heç:

- Bizim uzaq qohumumuz var, Zabratda olur, bizimlə arası yoxdur, amma onlarda qalıram, gələndə kənddən nisyə iki çolpa alıb gətirdim onlara, baxma da kənd payıdır...

Əlimi cibimə salıb, 30 manat pul çıxardım, "Rəşad bunu götür, - lazım olar", - dedim. Qəti etiraz etdi. Güldüm, yalan danışdım:

- Adə, ay səfeh, bu sənin pulundur e, o vaxtı dükana verdiyin pulu uşaqlar yığıb verdi mənə, sən də yoxa çıxdın, götür, halal maaşındır...

İnandı, boynumu qucaqladı:

- Oğlum dərsə gedir, ayaqqabısı yoxdur. Çox sağ ol, verməyə də bilərdin...

Tarix
2016.10.10 / 09:18
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla