Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Avqust 2017


Gecələr yuxularıma girirlər... - Aygün

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, İstanbuldakı “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin sədri, filologiya üzrə fəlsəfə doktorudur. Söhbət oxucuların, teatr tamaşaçılarının sevimlisi, Qarabağda itkin düşmüş, əsir alınmış soydaşlarımızın araşdırıcısı, yazıçı-dramaturq Aygün Həsənoğludan gedir.

Axar.az-ın “Xatirə dəftəri” layihəsində qonağımız Aygün Həsənoğludur.

- Sənin fəaliyyətin həmişə göz önündə olub. Vətənpərvərsən, itkin və əsir düşmüş insanlarımızın həyatını araşdırmağı bir missiya kimi boynuna götürmüsən, necə dözürsən?

- Dözmürəm. Üzümdən görmürdünüzmü? Həmişə gərgin, kədərli, yuxulu və yorğun. Gecələr yuxularıma girirlər. Qarabağda atəşkəs elan olundu, mənim yuxularımda hələ də müharibə gedir. Hamı deyir ki, niyə gülmürsən, niyə salam vermirsən?! Axı görmürəm! Heç kimi görmürəm, heç özümü də! Ötüb keçən illəri də görmədim mən. Çoxdan ölmüşəm.

- Çox acınacaqlı, bizə ağrı gətirən hadisələrin araşdırıcısısan. Bir az fəaliyyətin haqda danış.

- Hamısını danışa bilmərəm, çünki 1989-cu ildən bu günədək heç dayanmadım. Oxudum, araşdırdım, yazdım. Hamı bu mövzulardan qaçanda yazdım. Müharibənin içində müharibədən yazdım. Həm də ictimai fəaliyyətdə çalışdım. Bir-birindən tamam fərqli üç yerdə işlədim, üçündən də öz ərizəmlə çıxdım. Amma heç geri getmədim, həmişə irəli getdim! Vurdular, yıxıldım, yıxıldığım yerdən ikiqat qüvvə ilə qalxdım. Qollarımı qırdılar, yerindən qanadlar çıxdı.

- Niyə həmişə böyük çantan olurdu?

- Çünki həmişə layihələrlə dolu idi. İndi də qalır o layihələr. Haradasa 700-ə qədər layihə-təklif vermişəm dövlət orqanlarına, məmurlara, millət vəkillərinə. Bəziləri həyata keçirildi. Yalnız birində mənim adım keçdi. “Erməni terroru” albomunda, o da ən sonda.

- Səhnəyə çıxan ilk əsərin Qarabağ mövzusunda idi. O zaman neşə yaşın vardı?

- “Boz qurd” pyesimi yazanda 24 yaşım vardı. 1991-ci ildə. Artıq iki pyes yazmışdım. Üçüncü üzərində işləyirdim. Mövzu bitmirdi. Hadisələrin içində belə bir üsul seçmək çətindir. Amma o vaxt indikindən daha istedadlı idim, sürətlə və heç nəyi nəzərə almadan yazırdım. 1992-ci ildə teatra təqdim etdim. Rejissor Vaqif Əsədov məndən “Bunun arxası varmı?” deyə soruşdu. Üç əsər olduğunu deyəndə bunları birləşdirməyimi və müasir dövrə geniş yer verməyimi təklif etdi. Elə də etdim, üç əsəri bir əsərdə birləşdirdim. Artıq Xocalı soyqırımı baş vermişdi. Əsərdə düşdüyümüz vəziyyətdən - mağaradan çıxışın yalnız özümüzə güvənməklə olduğunu göstərdim. Tamaşada xoşum gələn bəzi səhnələr çıxarılmışdı.

- Dramaturgiya çətindirmi?

- Mənim üçün dram əsəri yazmaq çətin deyil. İstədiyim mövzuda, həm də uzağı bir həftəyə yaza bilirəm. Amma dram əsərinin teatra çıxması prosesi insanı yorur.

- Deyəsən, axı, son vaxtlar teatrlarla da aranda soyuq küləklər əsir.

- Teatrlar sponsora möhtac qalandan sonra geri çəkildim.

- Yəni teatrlara yaxşı əsər lazım deyil?

- Bir dəfə Nərgiz Cabbarlının müsahibəsində bu suala cavab vermişdim, teatr aləmi qarışdı. Mədəniyyət Nazirliyi teatrlardan 5 illik repertuar tələb etdi. Bu isə yeni dramaturgiya üçün ölüm hökmüdür. Nəticəsi də bu gün teatrlarımızın repertuarında görünür. Dramaturgiya sırf teatrla bağlıdır. Mənim əsərlərim 90-cı illərdə səhnəyə çıxanda ölkədə ədəbiyyat heç kimi maraqlandırmırdı. Dramaturgiya haqqında məruzə edənlər teatrlardan hansı müəlliflərin əsərlərinin hazırlandığı ilə maraqlanmırdılar. Onda ədəbi hissə müdiri işlədiyim üçün bunları yaxşı bilirəm. Mən isə qəzetlərdə reklam olunan biri deyildim. Əsərlərim səhnədə idi, amma nə televiziya çəkirdi, nə teatr tənqidçiləri gəlirdi. Nə də o zaman jurnalistlər teatrla maraqlanırdı. Yaradıclığımız müharibənin od-alovu içində yandı. 90-cı illərin sonlarında gənclərin bir ədəbi hərəkatı başladı. Amma təqaüd bunun qarşısını aldı. Baxmayaraq ki, yaxşı niyyətlə, dəstək üçün verilmişdi. Əvəzində isə ədəbi gənclik yaradıcılıq uğrunda yox, təqaüd uğrunda mübarizəyə başladı. O zamanlar elə şeylər gördüm ki, mühitdən uzaqlaşmaqdan başqa yol görmədim.

- 2001-ci ildə kitabının təqdimatı keçirildi, deyim ki, çox gözəl oldu.

- Sonradan bildim ki, o təqdimatı pozmaq istəyənlər olub. Məsələn, 40 nəfərlə gələcəm deyən adam heç özü də gəlməmişdi. Bundan başqa, o gün seçki gününə düşdü, həm də səhər zəlzələ də olmuşdu. Yenə keçirə bildik.

- AYB-dən kimlərisə təqdimata dəvət etməmişdin?

- Etmişdim, gəlmədilər.

- Sən AYB İdarə heyətindən niyə ayrıldın?

- AYB-nin fəaliyyətindən razı qalmadığım üçün.

- Niyə heç kim bilmədi?

- Nə fərqi var ki!

- Bir də eşitdik ki, Türkiyədəsən.

- Yazıçının heç olmasa, yazdıqlarını yığmağa yeri olmalıdır. Bakıda 9 dəfə ev dəyişdim. Kitablarım və kağızlarım 4 evə dağılmışdı.

- Sənə niyə dəstək vermədilər?

- Əslində, bizdə yazana deyil, yazmayana dəstək verirlər. Mən həddindən artıq çox yazırdım. Çap olunanlar yazdıqlarımın 3-dən biri deyil. 9 kitabım çap olunub, çapa hazır 7 kitabım var.

- Kitab çap etmək sənin üçün nədir?

- Qalaq-qalaq kağızlardan qurtulmaq.

- İctimai təşkilatlarda fəal idin.

- İlk dəfə Aydın Əbilovun təşkilatında oldum. Maraqlı tədbirlər keçirdik. Amma dünyagörüşümüz tamamilə fərqli olduğu üçün ayrıldım. Əsas fəaliyyətim Dünya Gənc Türk Yazarlar Birliyində olub. Rəsmiyyə Sabirlə hey qaçırdıq. Amma təşkilatın əsas zəhmətini Əkbər Qoşalı, Şəmsəddin Kuzəçi və Rəsmiyyə Sabir çəkib. Sonra yaş keçdi deyə, yerimi gənclərə verib ayrıldım.

- Yenə də ayrılıq...

- Mən bir yerdə öz ətrafında dönənlərdən deyiləm. Məni hər zaman fərqli mühitlər maraqlandırır. Sonrakı fəaliyyətim tamamilə Qarabağ, əsir-girov məsələsi oldu.

- Bu mövzu sənə ağır deyildi?

- Çox ağır idi. 5 il Komissiyada işləməyim yaradıcılığımı tamam öldürdü. 80-ə qədər məqalə yazdım. “Erməni sindromu” kitabımı hazırladım, “Erməni terroru” albomunun çapına nail oldum. Bu albom Rusiya XİN-də geniş müzakirə olunubmuş. İşdən ayrılandan sonra 300 əsir-girovun xatirələrini çap etdirdim

- Bu kitablarına dəstək olmadı?

- Yox, olmadı. 2007-ci ilin dekabrında işdən çıxdım.

- Niyə?

- Bizdə yaxşı işləyən adamı sevmirlər. Hamı onu rəqib kimi görür. “Eməni vandalizmi” albomunu layihəsini Prezident Aparatına göndərmişdim, Mədəniyyət Nazirliyi qəbul etmişdi. Müdirim bunu eşidəndə dedi ki, sən get işinlə məşğul ol, bunu filankəs (adını demirəm) işləyəcək.

- Niyə?

- Niyəsini özü bilir. Yəqin, boyuma görə. Boyum balacadır axı.

- Ağır şeylər yaşamısan.

- Çox! Amma mənə ən pis təsir edən gənc yaşlarımda, 1992-1995-ci illərdə yazı apardığm redaksiyalarda önümə çıxan şairlərin eşq elan etməyi idi.

- Axı gözəl, istiqanlısan... Eşq elan etmək pisdir ki?

- Ailəli adam subay qıza eşq elan edirsə, pisdir.

- Çox olub belə hadisələr?

- Demək olar ki, “525-ci qəzet” və “Ədəbiyyat qəzeti”ndən başqa getdiyim redaksiyaların hamısında. Hətta yeni işğal edilmiş ərazidən olanlar da vardı. Bu, məni çox əsəbiləşdirirdi. Naz-qəmzə bilməzdim, geyimim də ciddi olub... Ona görə də mətbuatdan uzaq düşdüm. Qələm adamını da mətbuat tanıdar.

- Küskünsən demək, de, ən çox kimdən küsmüsən?

- Özümdən.

- Özündən niyə?

- Allahın verdiyini - ədəbiyyatı qəbul etmədim, ədəbiyyat həmişə üzərimdən atmağa çalışdığım bir yük olub. Amma təbliğat həyat tərzimdir. Ədəbiyyat mənim üçün yığmağa yer tapmadığım, daşıya da bilmədiyim yarımçıq əsərlərdir.

- Bu gün dünəninə baxsaydın, nəyi, yaxud, kimi görərdin?

- Qəlbini qırdığım o adamı görərdim. Təkcə onun qarşısında özümü günahkar hesab edirəm.

- Kimdir o adam?

- O, bir sirdir. Həyatımdakı sirli möcüzələrdən biri.

- Möcüzələrə inanırsan?

- İnanmazdım, amma həyatım başdan-ayağa möcüzələrlə doludur. Eləsi var, qələmə almışam, amma fantaziya hesab edirlər.

- Çox möcüzə görmüsən, deyəsən.

- Hətta çox vaxt yuxudamı, yoxsa gerçəkdəmi olduğumu da itirmişəm. Mənim üçün zaman anlayışı olmayıb.

- Yaşadıqlarını yazmaq fikrin var?

- Artıq çoxunu yazmışam, amma çap olunmayıb. Çap olunanda hər kəs özünü tanıyacaq. Dörd romanım var, çap etdirməmişəm.

- Türkiyədə yaradıcılıq necə gedir?

- Nizami Gəncəvinin 3 əsərini türk dilinə uyğunlaşdırmışam. İndi “İsgəndərnamə” üzərində işləyirəm. Çox ağır işdir. Söz-söz işləməli oluram. Farsadan deyil, Azərbaycan türkcəsindəki tərcümələrdən istifadə edirəm. Nizami Gəncəvini Türkiyədə tanıtmaq lazımdır. Seyit Sərtçəliyin iki böyük kitabını dilimizə uyğunlaşdırmışam. “Mələklərin qətli”, “Əxilər” adlı kinossenarilər, uşaqlar üçün çizgi filmləri ssenariləri, uşaq hekayə və nağılları, 3 pyes yazmışam. “İçimizdəki O” romanı və digər əsərlər üzərində işləmişəm. Öz yazılarımı Türkiyə türkcəsinə uyğunlaşdırıram. Bu il “Azərbaycan Təhsil və Mədəniyyət” dərnəyini qurdum. İstanbuldakı dərnəklərlə işləmək istədim, alınmadı. Mənim layihələrim böyük kapsamlı layihələrdir. Onlar isə daha çox toplantılar, Novruz bayramı kimi tədbirlər keçirirlər. Məcbur oldum öz layihələrim üçün dərnək qurum.

- Orda da fəalsan...

- 5 ildə 100-ə qədər konfrans vermişəm-universitetlərdə və dərnəklərdə. Şoxu Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlıdır. Televiziyalarda çıxışlarım olur. Hər ilin fevralında demək olar ki, ömrümdən bir parça itirirəm. Hər dəfə o mövzuya toxunmaq insanı ruhən məhv edir. Axı yazıçılar həssas olurlar.

- Türkiyədə ədəbiyyatımız necə təmsil olunur?

- Çox pis. Burada elə adamların kitabları reklam olunur ki, dəhşətə gəlirsən. Xüsusilə də müharibə mövzusunda kitablar çap etdirirlər, lazımi səviyyədə deyil. Tərcümələr də bərbaddır. Tərcümə yüksək səviyyədə olmasa, əsər effekt yaratmır. Məsələn, Qurban Səidin “Altunsaç” romanının Azərbaycan dilində tərcüməsi o qədər səviyyəsizdir ki, sadəcə, utanırsan. Əsərə bu qədər hörmətsizlik olmaz. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının və Qarabağ mövzusunda kitabların tərcüməsinə fikir vermək lazımdır.

- İllərdir ki, Qarabağ mövzusundan yazırsan. Səncə, Qarabağ niyə işğal olundu?

- Biz Vətəni sevirik, amma sevgimizə sahib çıxa bilmirik. Torpağımızın qədrini bilmirik, ona görə də Allah aldı əlimizdən. Amma Qarabağ qayıdacaq, buna əminəm.

- Tənqidçilər deyirlər ki, müharibə haqqında əsər yazılmır.

- Onlar tənqidçi yox, təhlilçidirlər. Mən də deyirəm ki, onlar yazılan əsərləri oxumurlar. 2001-ci ildə çap olunmuş kitabıma baxsınlar, görək yazılıb, ya yox. Sadəcə, bu əsərləri elə imzalardan gözləyirlər ki, onlar bu mövzuya müharibədən 50 il sonra yazmaq lazım gəldiyini düşünürlər. Yadınızdadırmı, bir tənqidçi, mərhum Vaqif İbrahimoğlunun kitabının təqdimatında dediyi bir kəlmə sözə, yaxud dramaturgiya haqqında müzakirədə İlqar İlkinin “Mənim üçün Aygün Həsənoğlu Şekspirdən güclü dramaturqdur” sözünə gülümsəməyimə də hirslənmişdi. Əslində, mən İlqarın çılğınlığına gülümsəyirdim. O, vulkan kimi insandır, birdən elə partlayar ki, hamını ya qarışdırar, ya çaşdırar. Həmin tənqidçi isə mənim bu fikri razılıqla qarşıladığımı yazmışdı. Belə gülməli münasibətlərlə qarşılaşmışam. Amma teatr nühitində rejissorların çox yaxşı fikirlərini eşitmişəm. İlk tamaşam səhnəyə çıxanda eşitdiklərim ömrüm boyu bəsdir. Ondan sonra 8 əsərim səhnələşdirilib, Aygün deyəndə yalnız “Mağara” deyirlər. “Azadlıq nəğməsi” ondan gözəl əsərdir. Yaxud pantomim pyeslərim...

- Əsərin oynanıldı İstanbulda...

- “Adsız qadın” monopyesim Xocalı soyqırımında girov götürülmüş, ailəsi qətl edilmiş qadının yaşantılarını anladır. Azərbaycanda Şükufə Musayeva bu tamaşanı hazırlamışdı, amma rejissorlar ona kömək etmədilər. “Turan” teleteatrının rejissoru Elçin İmanov tamaşanı hazırladı, baş rolu Kəmalə Nəbibəyova oynadı. Keçən il dekabr ayında premyera oldu. Tamaşa Türkiyədə böyük təsir buraxır. İnşallah, Bakıda verilər, baxarsınız. İndiyə qədər 10 tamaşam oynanılıb, hamısı da maraqla qarşılanıb. Hətta mən də səhnəyə çıxmışam.

- Səhnəyə çıxmısan?

- Əməlli-başlı oynadım da. Digərlərində isə pərdə arxasında otururdum, kölgə kimi. Amma artıq başqa aktyor oynayır. Tamaşada videogörüntülər də var. Çəkilişlərdə Türkiyə vətəndaşları və Azərbaycanlı tələbələr də iştirak etdilər. Elə premyerada söylədim ki, bu tamaşa ilə İstanbul Azərbaycan Teatrının əsasını qoyduq. İndi onun maddi bazasını qurmağa çalışırıq. Əsas məqsədim isə çizgi film ssenarilərimlə və kinossenarilərlə məşğul olmaqdır. Teatrı daha çox sevsəm də, kino qalıcıdır. Ümumiyyətlə, planlarım çoxdur. İstanbulda xeyli azərbaycanlı yaradıcı insan toplaşıb. Dərnəklər onlara dəstək verə bilmirlər. Türkiyədə yayın evləri bizim yazıçıların haqlarını yeyirlər. İstəyirəm ki, bir yayın evi açam, bəyəndiyim əsərləri burada çap etdirəm.

- Diasporumuzun orada vəziyyəti necədir?

- Türkiyədəki diasporumuz ölkənin ictimai həyatına girə bilmir. Bu il fevralda istədim Azərbaycan dərnəklərinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə qanvermə aksiyası təşkil edim, alınmadı. Sən demə, Beynəlxalq Səhiyyə Təşkilatının siyahısında Azərbaycan malyariya xəstəliyinin yayıldığı ölkə kimi qeydiyyata alınıb, İran da eləcə. Ona görə də nə o taylı, nə də bu taylı azərbaycanlılardan qan almırlar.

- Orada azərbaycanlıların nə kimi problemləri var?

- Problemlərdən biri odur ki, insanlar bu ölkənin qanunlarını öyrənmədən gəlirlər, sonra da pulları qurtarır, küçələrdə qalırlar. Mən bir xanımı 3 ay evimizdə saxladım. Amma mən də imkanlı deyiləm və hamıya kömək edə bilmərəm. İş axtarmağa gəlirlər, şərtləri öyrənmədən. Amma ən böyük problem 90-cı illərdən gəlib burada qaçaq yaşayanlardır. Vaxtında sənədlərini düzəldə bilməyiblər, uşaqları məktəbə getməyib. O uşaqlar böyüyüb, evlənib, evliliklərini rəsmiləşdirə bilməyiblər, uşaqları da məktəbə getməyib. Türkiyədə on minlərlə azərbaycanlı uşaq məktəbdən məhrumdur. Pasport müddəti bitdiyindən oturma izni ala bilməyiblər. İndi ölkədən çıxa bilmirlər. Çünki böyük cərimə yazılacaq. Bu məsələ ilə əlaqədar Türkiyənin dövlət başçısına müraciət etdim. Araya 15 iyul hadisələri düşdü, yarımçıq qaldı.

- Xalqa sözün?

- Siz bir-birinizi qoruya bilmirsiniz, Allah sizi qorusun!

Tarix
2017.05.19 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Erməni qadın dedi ki, siz əsl kişisiniz... - Qarabağ qazisi

Cavabım erməni jürini pərt etdi

Şamaxı niyə batır: qiymətdə yanmaq istəyən varsa... – Foto

Gözəl qadın olduğum üçün kişilər... – Zemfira Əlişqızı

Xalq şairi oğlunu niyə “qonşu uşağı” kimi təqdim etmişdi?

Azərbaycan ürəyimin bir parçasıdır – İndoneziya səfiri

Ən ucuz necə istirahət etmək olar? – Qiymətlər

Atamın əlaqələrini qoruya bilmədim – Qabilin oğlu

Mənə onun adamı kimi baxırdılar... – Ələkbərli

Tanınmış şairimizin qızı niyə intihar etdi?

KULT
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla