Yuxarı

Gözəl qadın olduğum üçün kişilər... – Zemfira Əlişqızı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə Kult.az-ın “İnsan taleyi” layihəsində nəğməkar şair Zemfira Əlişqızı ilə həmsöhbət olduq. Sevilən, yadda qalan mahnıların sözlərinin müəllifi olan xanım şairlə bir qədər nisgil, giley, həyata bağlılıq, şeirə, sənətə doğma münasibət üzərində qurulan söhbət oxucularımız üçün də maraqlı olacaq.

- Zemfira Əlişqızı imzası üçün darıxanlar çoxdurmu?

- Bu sualı mənə yox, şeirlərimi sevərək oxuyanlara, məni tanıyanlara ünvanlasaydınız, daha doğru olardı, amma hər halda imzamı da, özümü də sevənlər və darıxanlar var.

- Bakıda deyildiniz…

- Hə, Türkiyədə idim, işlərim vardı…

- Siz təxminən 20-25 il öncə sözlərinizə yazılan mahnılarla populyarlaşdınız. Mahnı janrı ilə tanınmaq sizə qarşı qeyri-ciddi münasibət formalaşdırmadı ki?

- Doğrudur, populyarlıq sözlərimə yazılmış mahnılarla başladı. Amma buna görə mənə qarşı mübasibətin nə dərəcədə pis və ya yaxşı olduğunu deyə bilmərəm. Sadəcə onu deyim ki, mən musiqiyə söz yazmıram. Mənim şeirlərimə musiqi bəstələyirlər. Bu da mənim şeirlərimin sadəliyi və xalq üslubuna yaxın olmasından irəli gəlir. Mənim kökümün bir ucu Göyçə mahalına gedib çıxır. Və bu kökün Aşıq Ələsgər kimi dühası var. 30-40 kitabı olan şairlər var, amma ictimaiyyət tanımır. Mən şanslı biriyəm ki, artıq imzam tanınır və qızıl fondda saxlanılan şeirlərimə yazılan mahnılar var.

- Zemfira xanım, sirr deyilsə deyin, özünüzü ədəbi cameənin hansı məqamında, mərtəbəsində görürsünüz?

- Mənim özümü harda görməyim əsas şərt deyil, əsas şərt dinləyicinin səni necə qəbul etməsidir.

- Qadın həmkərlarınızdan sizə qarşı bir qısqanclıq da hiss olunur, nədir səbəbi?

- Qadın şairlərin qısqanclığını təbii qəbul edirəm. Siz əks cinsin qısqanclığından niyə danışmırsınız bəs?

- Demək, qısqanılmağınızı hiss etmisiniz…

- Bilirsiniz, Faiq bəy, əslində, qısqanılacaq çox şey var: bir qadın kimi gözəlliyim, gözəllikdən əlavə şirinliyim, tanınmağım (sifətinə xoş təbəssüm yayılır). Hər zaman gülümsər çöhrəm və bir də başqalarının uğuruna sevinə bilməyim. Buna görə qısqanılmağa dəyər.

- Daha çox hansı bəstəkar və müğənnilərlə işbirliyi qurmaq ürəyinizcədir?

- Mən yaradıcılığa Tahir Əkbər, Faiq Sücəddinov, Nadir Əzimov, Niyaməddin Musayev, Cabbar Musayev, Sədaqət Arifqızı, Nailə və Hikmət Mirməmmədli kimi bəstəkarlarla başladım. İlhamə Quliyeva, Flora Kərimova, Brilyant Dadaşova, Nazpəri Dostəliyeva, Mələkxanım Əyubova, Könül Kərimova, Zaur Rzayev, Nadir Qafarzadə, Mətanət İsgəndərli, Qədir Qızılsəs, Nazənin və bir çox tanınmış müğənilərlə də iş birliyimiz olub. Ən sevilən mahnıların sözlərinin müəllifiyəm. Yenə təkrar edirəm, mən musiqiyə söz yazmıram. Mənim sözlərimə musiqi bəstələyirlər. Bu mahnılar illər keçsə də sevilir. Buna görə də üzdən peşəkar musiqiçilərlə işləmək hər zaman xoşdur və ürəyimcədir.

- Bu qədər mahnı mətni yazmısınız, görünür, musiqi təhsiliniz var.

- Musiqi təhsilim yoxdur, amma musiqi duyumum çox güclüdür. Mən sevinəndə də, qəmli olanda da musiqiyə qulaq asıram. Orta məktəbdə oxuyarkən rəqslə məşğul olmuşam, bir də özfəaliyyət dərnəyində hərdən nəğmələr oxuyardım.

- Şair olaraq mütaliə etdiyiniz həmkarlarınızın yaradıcılığında sizi nələr qane etmir? Şeirin aurası necə olmalıdır?

- Şeiri oxuyarkən həm də gözün önündə rəsm işi görünməlidir, yəni obraz olmalıdır. Bir ağacın kökündən başlayıb çiçəyinə kimi sıralanmalıdır. Yoxsa bəzi şeirlər kimi budaq, kök, yarpaq, gövdə hərəsi bir tərəfdə... Şeir səni özünə çəkib bu dünyadan ayırmalıdır, düşündürməlidir.

- Zemfira Əlişqızı imzası ədəbiyyatımıza nəyi vəd etdi və bu vəd özünü doğrultdumu?

- Mən ədəbiyyata heç nəyi vəd etmədim, ədəbiyyat məni özünə çəkdi, qucağına aldı. Nə dərəcədə bir-birimizə bağlılığımızı, nəyi qazanıb, nəyi itirməyimizi zaman göstərəcək.

- Bədxahlarınız varmı?

- Bilmirəm var, ya yox. Amma illər keçdikcə insanların iç üzünü görməyə başlamışam. Buna baxmayaraq, heç kimə pis demirəm. Sadəcə, hər zaman deyirəm: Mənə oxşamağa çalışmayın, özünüz olun, çünki bir gün özünüzü tapmayacaqsınız. Mənim ayaqqabımı geyinə bilərsiniz, amma yerişimi yeriyə bilməzsiniz. Paxıllıqdan azad olun. O zaman həyat çox gözəl olur…

- Haqqınızda söhbət gəzdi ki, şairlikdən başqa biznes strukturunuz da var, bir araya necə gətirirsiniz?

- Vallah, hər kəs mənim biznesim olduğunu düşünür. Düzdür, həyat yoldaşım rəhmətə gedincə kirayə olaraq şadlıq evi işlədirdim. Çünki uşaqlarım balaca idi, təhsil almaları, yaxşı geyinmələri və yemələri üçün çalışmalı idim. Şükür, ali təhsil aldılar, ailə qurdular və mən bu vaxta qədər yetərincə əziyyət çəkdim. Bəlkə də mənə qısqanclıq edən o qadınlar evlərində isti yorğan-döşəkdə, həyat yoldaşlarının yanında uyuyanda mən qışın oğlan çağında konsertlər təşkil edirdim. Uçaqla hər dəfə havaya qalxanda Allaha yalvarırdım ki, sağ-salamat evə - balalarımın yanına dönə bilim, onları böyüdüb yerləşdirməyə Allahdan güc, möhlət istəyirdim. Allah hər zaman mənim ruzimi verib. Heç vaxt kimsənin önündə əyilməmişəm.

- AYB bir qurum olaraq sizi qane edirmi?

- AYB-yə çox az gedirəm, çünki zamanım olmur. Mən evimin həm kişisi, həm xanımıyam. Bir az da küskünəm desəm, yerinə düşər. Bir dəfə təqaüdlər verilən zaman idi. Getdim. Köhnə həmkarların sədri idi, deyəsən, adını yazmayacam, çünki dünyasını dəyişib. Xahiş etdim mənim də adımı siyahıya yazmağa kömək etsin. Mənə cavabı bu oldu ki, sənin də pula ehtiyacın var? Çox acıdım və gözlərinin içinə baxıb “Arvadın ürəyimdən su içsin. Sən də öləsən, balaların mənim balalarım kimi atasız qalsın”, - dedim. Aradan bir az keçmişdi xəbər eşitdim ki, rəhmətə gedib. Bir yaranı sağaltmaq üçün əvvəl ətrafını təmizləyirsən. Bizim xalq gözəl xalqdır, duyğulu, hazırcavab. O üzdən heç kimə irad bildirmirəm və buna da ixtiyarım yoxdur.

- Zemfira xanım, son vaxtlar şeirə güclü bir axın var. Xanımlarımız şeir yazır, dərdlərini bu sahədə çözür. Deyin, sizin də şairliyiniz şəxsi həyatınızın diqtəsi ilə oldumu, yoxsa “yazmasam, ölərəm” prinsipi var?

- Qoy yazsınlar, hər şeyi zamanın axarına buraxın, zaman özü ələyəcək. Nəyin pis, nəyin yaxşı olduğu bəlli olacaq. Onsuz da bu axının qarşısını nə siz, nə də mən ala bilərik.

- Zemfira xanım, arzularınızdan danışaq, olubmu ki, nəyisə arzulayasınız, amma həyata keçməyə?

- Əlbəttə, olub. Həyata keçməyən arzularım çoxdur. 3 arzum var ki, onu Allahdan daha çox arzulayıram. Allah səsimi eşitsin, dualarım qəbul olsun.

- Nədir o arzuların?

- Mən bütün insanlara, millətimə gözəl və azad yaşamağı və evdə yolunu gözləyənləri yedirmək, yaşatmaq, böyütmək üçün belə yalan və yaltaqlıqdan uzaq bir həyat arzulayıram. Arzu edirəm ki, güclü olsunlar, sınmasınlar, mənəvi gücümüz ordumuzun gücü qədər olacaq, inşallah.

- Zərifsiniz, özünüz də bayaq dediyiniz kimi gözəl və yaraşıqlısınız. Amma səsinizin zərifliyinin arxasından bir güc görünür, eşidilir…

- Bilirsiniz, Faiq bəy, mən həyatın çox sınaqlarından keçdim. Hər zaman güclü olmaq məcburiyyətində qaldım. Əjdahaları udan cəmiyyətdə udulmamaq, sınmamaq və əyilməmək üçün çox əziyyət çəkdim. Bir qadının daşıya bilməyəcəyi yükü çiyinlərimə götürdüm, yorulmaq bilmədən çəkdim.

Bu həyatdan nələr çəkdiyimi bilən olsa, hönkürüb ağlayar. Amma heç kəs məni ağlayan görmədi. Özüm ağladım, özüm uddum göz yaşımı. İçimdə çəkdiyim elə yüküm var ki, bir tək allahım bilir. Amma heç vaxt, heç yerdə gileylənib yardım istəmədim. Nə də namussuzluq etmədim.

Tarix
2017.08.04 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla