Yuxarı

Pis odur ki, hər “zir-zibil” üzə çıxır – Ölkədən gedən repçi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az bir zamanlar böyük dinləyici kütləsi toplayan keçmiş HOST qrupunun üzvü, tanınmış repçi Orxan Zeynallı ilə müsahibəni təqdim edir.

– Gəncləri vətənpərvərliyə, bir olmağa, bayraq üçün nəsə etməyə çağıran gənclər olaraq sizin bir gün ölkəni tərk edəcəyiniz heç kimin ağlına gəlməzdi. Niyə ölkədən getdiniz?

– Bir olmağın, vətən və ya bayraq sevgisinin hansı ölkədə yaşamağa tam olaraq aidiyyəti yoxdur. Bəzən xaricdə yaşayan azərbaycanlı öz ölkəsi üçün qat-qat daha faydalı olur. Ölkə seçimi vətənə və ya dəyərlərə olan münasibətdən asılı deyil. Bu daha çox sosial və iqtisadi səviyyə, tibb və təhsil kimi meyarlarla ölçülür.

– Yaradıcılığınız nə durumdadır? Xitab auditoriyanız dəyişibmi?

– Yaradıcılığım qaydasındadır. Xitab auditoriyam böyüyüb desəm, daha düzgün olar. Məsələn, illər öncə universitetdən, hazırlıqdan icazə alıb konsertlərə gələn adamlar var idi ki, son konsertimizə uşaqlarını dayəyə tapşırıb təşrif buyurmuşdular. Uzun illər bu işlə məşğul olan insanlar var ki, bir müddət aktiv olmasalar, yaddan çıxırlar. Buna səbəb gündəm üçün və keçici mahnılar yazmalarıdır. Mənim isə unudulmayacağına zəmanət verilən ən azı beş mahnım var.

– Hazırda yeniyetmələr və gənclər arasında özünü repçi adlandıran onlarla gənc var. Gəncliyimizi repə cəlb edən nədir?

– 10-15 il öncə hansısa musiqi janrı ilə tanınmaq üçün televiziya, prodüser və ya hansısa maddi dəstək mütləq idi. Sonra hər şey dəyişdi və keçid dövrü HOST-la başladı. Gənclər də gördülər ki, istedadın varsa və zəhmətkeşsənsə, qabağa getmək mümkündür. İndiki dövrdə isə bu daha da asandır. Sosial şəbəkələr bir çox məsələdə yardımçı olur. Mənfi tərəfi odur ki, kobud desək, hər “zir-zibil” üzə çıxır, amma yaxşı tərəfi odur ki, istedadlar itib-batmır. İtib-batsa, demək, ancaq özü günahkardır. Çünki istənilən uğurun arxasında mütləq zəhmət, məsuliyyət və güclü komanda işi dayanır. Mən 12 nəfərlik musiqiçi heyəti ilə dörd ay məşq edib, sonra 500 nəfərlik konsert verə bilmişəmsə, əmin olun ki, bu, təkcə istedadın nəticəsi deyil.

– Ümumiyyətlə, sizcə, bu maraq müsbət haldırmı?

– Həmişə demişəm ki, gənclər təki elə repə maraq salsınlar. Yəni 18 yaşlı gənc əlinə 15-20 manat düşəndə gedib içkiyə və ya digər pis vərdişlərə xərcləməkdənsə, təki studiyaya getsin. Pis olsa da, eybi yox. Onsuz da zaman yaxşı ilə pisi ayırd edəcək.

– Repçilər sizə söz atanda adətən reaksiya vermirsiniz. Bu, nədən irəli gəlir?

– Repçilər on ildir ki, söz atır. Söz atanların adı dəyişir, hədəf isə eyni qalır. Ümumiyyətlə, yaradıcılığın istənilən sahəsində şəxslər iki tipə ayrılır: müzakirə edənlər və müzakirə olunanlar. İkincilər bir qayda olaraq birincilərin arzuladığı həyatı yaşayır.

– Repdən pul qazanmağı bacarırsınız? Hazırda hansı ixtisas üzrə çalışırsınız?

– Hazırda repdən gəlirim təkcə onlayn satış platformlarıdır. Elə də çox deyil, ay ərzində 300-500 dollar arası. Yaradıcılıqdan isə daha çox qazanıram. Mahnı sözləri və ssenari satışlarım olur ki, o pulla Amerikada normal dolanmaq olar. Bakıda olanda isə sırf rep qazancım, təbii ki, daha çox idi.

– Daha çox, yəni nə qədər?

– Məsələn, 2016-cı ildə konsert, parti və layihələrdən qazancım 30 mindən çox idi. Bu, təkcə replə bağlı olan gəlirlərdir. Əlavə olaraq televiziya kanallarından birində redaktorluq da edirdim. 2008-2009-cu illərdən etibarən repdən qazancım stabil olaraq yaxşı olub və ildən-ilə artıb. Buna səbəb yəqin ki, işimə və dinləyiciyə qoyduğum hörmətdir.

– Qaytara biləcəyiniz bir saatınız olsaydı, hansı olardı?

– O vaxt “Mançester Yunayted”in saytından qəşəng bir divar saatı almışdım. Sonra necəsə yoxa çıxdı. O saatı qaytarmaq istəyərdim.

– Həyatının hansı nöqtəsindəsiniz? Hardan gəlib, hara gedirsiniz?

– Keçid dövründəyəm, yəqin ki! Qonşudan top alıb məhlədə saatlarla futbol oynayan uşaqdan gəlib, Nyu Yorkda yaşamaq üçün ən ideal şərtləri, gələcək övladları üçün yaxşı məktəb əhatəsində olan rayonu axtaran Orxana doğru gedirəm. Buna böyümək də demək olar.

– Hansı məşhurdan imza almaq və ya onunla şəkil çəkdirmək istəyərdiniz?

– Şəkil çəkdirmək yox, amma görüşüb 1-2 dəqiqə də olsa söhbət etmək istədiyim insan var: biri Eminem, o biri isə Devid Bekhem.

– Suriya probleminin açarı kimdədir?

– Bütün siyasi problemlərin açarı bir stolun altındakı siyirmədədir.

– Dünyanı nə xilas edəcək?

– Ya insanlara olan sevgi xilas, ya da pula olan sevgi məhv edəcək.

– Son olaraq dinləyicilərinizə verə biləcəyiniz xoş xəbər varmı?

– Yeni mahnılar tezliklə təqdim olunacaq. Amma çox adam üçün bu, bəd xəbərdir.

Tarix
2018.03.01 / 08:45
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla