Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Xəbər göndərmişdilər... qızımın toyuna getmədim...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlisəmid Kürə "oturub çay içərik, söhbət edərik, çoxdandır görmürəm səni",- deyib, görüşə çağırdım. Razılaşdı. AYB-nin yaxınlığında görüşüb "Təbəssüm" restoranına gəldik. Yol boyu ordan-burdan danışdıq. Hiss etdim ki, gecənin bir aləmində zəng edib görüşmək istəməyim, səhəri günə çay üçün vədələşməyim onda bəzi suallar doğurub. Amma heç nə soruşmadı. Restoranın ikinci qatında sakit bir guşədə yerimizi rahladıq. Sifarişimizi verdik. Xidmətçi oğlanın təklif etdiyi soyuq yeməklərdən və salatlardan qəti olaraq imtina etdi. Cibimdən fotoaparatı, diktofonu çıxartdım.

- Hə, Əli necəsən?

- Sağ ol. Şükür... Belə də, gördüyün kimi, arzuladığın kimiyəm. Bunlar nədi, sən məni müsahibə götürməyə çağırıbsan?

Yenə də "Yol"un çörəyini yeyirəm

- Sənə dedim axı, çay içərik, söhbət edərik. İndi də söhbətimizi edək. Əli, sən bizim yaddaşımızda şair kimi, dost kimi, öz sözünün sahibi kimi qalmaqla yanaşı, həm də yaşadığın bu ömürdə tutduğun yol ilə də fərqlənə bilmisən, seçilmisən. Həm "Yol" qəzeti, həm də özünəməxsus olan həyat yolunla... Gələn il 60 yaşın tamam olacaq. Arxada nə qaldı, hansı arzuların boynubükük qalıb gerçəkləşdiyi zamanı gözlədi və gerçəkləşməsi mümkün olmadı.

- Hə, ay Faiq, arxada o qədər gözəl hisslər, günlər qaldı ki...

Alnını ovuşdurur:

- Sən bundan çəkirsən? - stolun üstündəki siqaretdən götürür. Yandırıb dərin bir qullab vurduqdan sonra ağzından sözlər tüstü ilə birgə çıxır.

- Arxada nə qaldı, deyirsən? Arxaya baxmırsan e, arxadan səni o günlər səsləyir. Xoş bir səda qulaqlarını qıdıqlayır. Boylanırsan o səsə tərəf... Şükür, mən o yolu keçmişəm.

- Nə işlə məşğulsan, necə dolanırsan?

- "Yol" dedin bayaq. Sözün bütün mənalarında mən yenə də o "Yol"un çörəyini yeyirəm. Halal çörəyini...

Mən dəyişə bilmirəm

- İndi də çörəyini yediyin o "Yol"a qədər, o "Yol"dan sonra həyatında keçdiyin bir yol da var. Atan Cəfər müəllim tanınan, hörmət sahibi olan bir kişi idi. Ətrafında ziyalılar, yazıçılar, sənət və o dövrün siyasət adamları olub. Sözsüz, bu insanları tanımağın da səndə hansısa duyğuların oyanmasına səbəb olub. Müxtəlif arzuların da olub. Hansı arzuların arxasınca düşdün?

- Vallah, bu yaxınlarda bir müsahibə oxudum. Rusiyanın futbol məşqçisi var, Fabio Kapello... Bax ondan müsahibə götürüblər və sual veriblər ki, keçmişə salam vermək istəsəydin, nə edərdin?

- Bəs sən, Əlisəmid, keçmişə salam vermək imkanın olsa idi, nə edərdin?

- Kapello deyir ki, keçmişə salam vermək mümkün olsaydı, atama zəng edərdim, salamlaşardım, hal-əhval tutardım. Mən də atamla danışmaq, onunla halallaşmaq istərdim. Bəzən soruşurlar ki, bir daha doğulsaydın, yenəmi bu ömrü yaşayardın? Allaha and olsun, bir günündən belə imtina etməzdim...

- Yəni keçdiyin bu ağrılı-acılı günləri təkrar yaşayardın!?.

- Təkrar niyə, yenidən yaşayardım... İstər onun həbsxanası, dəlixanası olsun. Hara düşmüşəm e... bütün günlər mənim taleyim, alın yazımdır. Çünki həmin ağrılı, ağır günlərdə adam öz dostlarını, bacı-qardaşını, yaxınını, salam verib salam aldığı adamları sınayır. Sınayır, tanıyır kim, kimdir. Heç kəsə arzulamıram o günləri... Biz yaradıcı adamlarıq, hissiyyatlı oluruq. İndi çox adama zəng vurmaq istəyərəm və deyərəm ki, mən həmin Əlisəmidəm, dəyişməmişəm. "Ulduz" jurnalında sənin şeirin çıxmışdı, orda yazmışdın ki, həmənki Faiqəm, dəyişməmişəm, yadındadır? Mən onlara deyərdim ki, necə görünürəmsə, necə varamsa həmənəm, heç dəyişməmişəm. Mən dəyişə bilmirəm, qardaş...

Deyəcəm, inanmayacaqsız...

- Bunlar çox kövrək məqamlardı. Bax, həyatda çox-ağrı acı görübsən, dost xəyanətindən tutmuş, tanımadığın, yaxşılıq etdiyin kimsənin sənə qarşı olan haqsızlığına qədər... Amma hər nə olursa-olsun, hamımız arzularla yaşayırıq. Bəziləri gerçəkləşir, bəziləri elə içimizdə boğulub ölür. Sənin hansı arzuların həyata keçməyib?

- Arzular deyəndə, o qədər arzular olub ki... İndi yadıma sala bilmirəm gerçəkləşməyəni hansıdır.

- Ola bilməz ki, arzularının hamısı gerçəkləşsin.

- Allaha and olsun, deyəcəm, inanmayacaqsız, mən bu vaxta qədər nə arzulamışamsa, o da olub. Nəyə nail ola biləcəyəmsə, onu da arzulamışam yəqin...

Ürəyimdə kiçicik arzularım qalıb

- Kürdəmirdə bir kor balabançı var, yaxınlarda onun haqqında hazırlanan verilişə baxdım. "Yolçu" verilişində... Sən ada bax e, "Yolçu"... 85 yaşlı qoca, kor kişini danışdırırlar. Axırda da balabanını verdilər ki, çal... Baxdım, baxdım... Səhər uşaqlar yuxudan durandan sonra dedim, gəlin, sizə bir şeir oxuyum, axşam yazmışam. Mənə dedilər ki, sənin axşam özündən xəbərin yox idi. Mən şeirlərimi əvvəl evdəkilərə oxuyuram. İndi sənə deyəcəyim şeir həm də həmin sualına cavabdır:

Bir adaşım yaşayır

Kürdəmirdə - Muradxanlı kəndində.

Gecəyarı ekranda gördüm "Xəzər" TV-də

Əvvəl-əvvəl danışmadı, dinmədi

Dizlərinin üstdə gözləri yol çəkdi barmaqlarının

Sonra adamlar yığışıb könlünü aldılar onun.

Ovutdular.

Çıxartdı mücrüdən balabanı

Dedi: mənim işim BALABANla, NEYlədi.

Adaşım, balabançı kor Əlisəmid

Sonra gör neylədi

adaşım, balabançı kor Əlisəmid

Qəfil nəfəs verdi balabana

Sığalladı asta-asta, bala-bala.

Asta çaldı balabanı

Tələsdi yavaş-yavaş, bala-bala.

Dağı arana daşıdı, aranı dağa

Anasızın balasını ağlatdı,

balasızın anasını ağlatdı.

Qəribi çağırdı qürbətdən

Qəfil balabanı qoydu qırağa

Ürəyinin işığı üzündə

Üzü nur, üzü pir Əlisəmid

Çalğı çoxdan qurtarıb

Nə baxırsan əlləri üzündə,

gözləri barmaqlarının ucunda

Adaşım balabançı kür Əlisəmid

Adaşım balabançı kor Əlisəmid...

Ay Faiq, o balabanın səsi hələ də qulaqlarımdadır. Ürəyimdə kiçik arzularım qalıb. Mən İncəsənət Universitetini bitirmişəm, teatrşünaslıq fakültəsini. Amma rejissor olmaq, filmlərə çəkilmək istəyim olub. Oğlum Qorqud Kino Akademiyasını bitirdi, aktyordu. Bir-neçə filmə, seriala çəkilib. İndi də "Göyçək Fatimə"yə çəkilir. Bax, dediyin gerçəkləşməyən arzularım ola bilsin ki, budur, onu da oğlum gerçəkləşdirir. İçimdə bir çəkilmək yanğısı olub, elə indi də var...

Mənim yaradıcılığımda qəribəlik var

- Gənclik illərində çox güman ki, hansısa rolda özünü görüb, çəkilmək istəyibsən. Bəs bu yaşda hansısa filmə çəkilmək imkanın olsaydı, necə bir rola, xarakterə üstünlük verərdin?

- Ancaq özümü canlandırmaq istərdim. Həyatım elə bir kinodur, bunu məndən başqa kim oynaya bilər?! Bilirsən, mənim yaradıcılığımda qəribəlik var. İlk şeirimdən son şeirimə qədər yanbayan düzsən, görərsən ki, bunlar ayrı-ayrı şeirlər deyil, bir romandır, bir filmin ssenarisidir.

- Sənin bir "Kentavr" adlı kitabın da işıq üzü görmüşdü. Səni, dəli-dolu Əlisəmidi, şairimizi bu kitabdan sonra kentavr kimi təsəvvür etdim.

- Hə, həyatımın müəyyən yaşantılarıdır. O kitabdan sonra onlarla "kentavr" yazıldı. "Əlisəmidə ithaf edirik" yazanlar da oldu... Sən heç yemək yeyə-yeyə şeir yazıbsan, yəni şeiri fikirləşib hazır eləmisən içində?

Ədəbiyyata gətirdiyim dinozavr uşaqlar var

- Birinci kitabın nə vaxt çıxdı, istədiyin vaxt, yoxsa gecikdi?

- Yox, gecikdi, çox gecikdi. Sabir Rüstəmxanlı sağ olsun, o kömək elədi kitabımın dərc olunmasına. O, çox yazarın ümüdlərinin sönməsinə imkan verməyib. O zaman biz, bir neçə nəfər kitabımız çıxmadan AYB-nin üzvü olmuşduq. İndi nə var AYB-yə üzv olmağa... Mənim arxamda həmişə böyük kişilər dayanıb. Rəhmətə gedənləri də var, sağ qalanları da... Məni ədəbiyyat aləmində həmişə seviblər, xoş xatırlayıblar. Rəhmətlik Xəlil Rza Ulutürk, Məmməd Araz, Nüsrət Kəsəmənli... Allah ömür versin - Ramiz Rövşən, Vaqif Bayatlı... Sonra da elə olub ki, mən onları onların məni çap etdiklərindən yaxşı çap etmişəm. Mənim də ədəbiyyata gətirdiyim yaxşı dinozavr uşaqlar var ha! İndi hamısı ədəbiyyatda öz sözünü deyir.

Məncə pis ata deyiləm

- Oğlun Qorqud haqqında ürəkdolusu danışdın. Sənin ilk məhbusluğun zamanı yazdığın bir şeir var, övladına müraciət edirsən...

- Hansını deyirsən, "Alo, mən səni görürəm"i?

- Hə... "Alo, ata, sən məni eşidirsən? Alo, qızım mən səni görürəm",- şeirini deyirəm. Sən o uşaqlarını görürsən indi?

- Məni tanıyanlar bilir ki, pis ata deyiləm. Hamı bilir ki, mən balalarımdan heç də uzaq olmamışam. Nə olsun onlardan ayrılmışam, onlarla bir yerdə deyiləm. Bax, indi mən səninlə oturub çörək yeyirəm. Əgər o uşaqlardan arxayın olmasam, onların sıxıntı keçirdiyini bilsəm, boğazımdan su nədir, heç hava da keçməz. Mənim balalarım, xüsusi ilə də qızlarım bir-birlərini o qədər çox istəyirlər ki. O xanımla ayrılsam da, bu biri uşaqlarımla onun uşaqları çox mehribandır...

- O uşaqları dizinin üstündə saxlayanda, saçlarını tumarlayanda qəlbindən keçirdiyin arzuların, planların olub. Onları necə görmək, necə böyütmək istəyirdin və nəyi bacardın, onlarla bağlı hansı arzuların çin olmadı?

- Hamı istəyər ki, balası səhər yuxudan duranda evdə atasını görsün. Ata da balasının qayğısına qalsın, onunla bir evdə yaşasın. Amma nə edəsən, taledir... Ancaq mənim gözlərim yenə də onların üstündədir. Onlar mənim balalarımdır. Qardaşım bu yaxınlarda Rusiyadan gəlmişdi, onlar da gəlib əmiləri ilə görüşdülər. Qardaşım uşaqların anasına zəng etdi, səmimi danışdılar. Biri telefonun bu başında, o biri o başında ağlaşma qurdu. Deyim indi onunla heç danışmayın ki, mən ayrılmışam? Bilirsən, o qədər bir yerdə yaşayıb bir-birinə yad olanlar var ki... Amma biz ayrı yaşasaq da, düşmən deyilik. Dünyaya uşaq gətirmişik, bunun məsuliyyətini hiss etməliyik...

Qızımın toyuna getmədim...

- Uşaqların, maşallah böyükdür. Köçəni, evlənəni varmı? Övlad toyunda oynamaq axı ata üçün ən gözəl arzudur.

- Qorqudu görək bu yaxınlarda evləndirə bilərəm ya, yox?! Pulsuz edəcəm onun toyunu... Amma qızlardan biri yaxında ailə həyatı qurub, toyuna iki gün qalmış xəbər elədilər. Getmədim. Bilirsən, mən balamın toyuna qonaq kimi getmək istəmədim. Mənə xəbər göndərmişdilər. Heç özləri də deməmişdi... Gərək mən ata kimi əvvəldən orda olaydım... Faiq, bunu ixtisar eləmə, xahiş edirəm, gəl bunu içək onların sağlığına... Övlad çox şirin şeydir. Bəlkə də "Balabançı" şeirim elə bu hissdən yazılıb.

Oğlum Xan Eyvaz yaşında

Saçlarını sığallayıb telini yana darayır

Məndən xəbərsiz dram dərnəyinə gedir

Səhnədə özgə taleyini yaşayır

Hamletin monoloqunu söyləyir

Mefistofelə kəllə atır

Hərdən Kefli İsgəndər olur...

Mənə qıydın, balama qıyma, Tanrım

Sonu ölümlə bitən rollar sevdası var başında

Qoyma balamı Hamlet ömrü yaşaya,

Kefli İsgəndər ola oğlum xan Eyvaz yaşında...

Dağınıq fikirlər

Sonra o özü danışır, suallar vermək istəmirəm

"Səninlə neçə dəfə görüşmüşəm, bütün danışdıqlarımız yadımdadır. Fəvvarələr bağında, düz 15 il bundan qabaqkı söhbətimiz... Rafiq Tağını dəfn etməyə aparanda o tufanlı havada az qala qəzaya düşməyimiz də..."

***

"Heç istəmirdim oğlum bu sənətin arxasınca getsin, onun futbola marağı vardı. "Neftçi"nin bazasına aparmışdım. Sonra gördüm uşaq əzilir, özüm mane oldum. Mədəniyyət gimnaziyasında oxuyanda elə küçədən tutub aparıblar film çəkilməyə. 300 uşağın içindən seçiblər".

***

"Yox, mənim oğlum dava adamı deyil. Düzdür, O da mənim kimi haqsızlığa dözmür, o cəhətdən xoşuma gəlir. Mən hər şeyə reaksiya verirəm, o da elədir. O, qəbula gedəndə mənim şeirlərimi deyib. Yaxşı qiymət almışdı. O, mənim dostumdur, anasına demədiklərini mənə deyir. Yaşamadığım həyatımı yaşayır və yaşayacaq".

"Qalatasaray" hələ udmamışdı

- Fəvvarələr bağında mənə sən bir söz dedin. Onda "Qalatasaray" hələ udmamışdı. 2000-ci ilin iyun ayı idi. "Qalatasaray" həmin gün axşam Avropa kubokunu uddu. Sən dedin ki, səninlə Salama böyük bir qibtə var, amma siz özünüzü elə bil ki, tanımırsınız. Həmin gün kitabımın təqdimatı idi. Əjdər Ol dedi ha, durun qalxın yuxarı..., həmin günü deyirəm. Səlim Babullaoğlu yaxşı yazmışdı, "sanki bir el şənliyi idi". Sonra məndən bir veriliş də çəkdi.

Heç kəsə pislik eləməmişəm

"Pislik nədirsə, mən onu bacarmadım. İnsanlar vardı aramızda, adına "haqq dünyası" dediyimiz dünyaya qovuşublar indi... Fikirləşirəm ki, niyə belə oldular? Nə ömür yaşadılar axı... Kimin şeiri idi, səhərdən müəllifini yadıma sala bilmirəm. Deyir ki: "BİR AĞA Kİ QUL ÇIXARA BAZARA, AĞA AĞLAR, BAZAR AĞLAR, QUL AĞLAR". Möhürə bax e. Gələn il 60 yaşım tamam olur".

***

"Oxuyuram sizin saytı. Təzədir, bilirəm. Yox, yaxşı uşaqlar toplaşıb ora, tanıdıqlarımı deyirəm də... Anar, heyf onun itkisindən, yaxşı jurnalistdir. Pərviz... Sən heç də, qardaşsan. Yağmur xanım da sizdə işləyir də (Zümrüd Yağmuru nəzərdə tutur.-F.B.). Kişi nəfəsi var onda... Təpər var e... Üzünü də görməmişəm . Amma yazılarını çox oxumuşam".

"Xalq sevir" ifadəsi saxtadır

"Mənim haqqımda yazılanlar var e, düz ard-arda, bir roman olacaq. Əlisəmidi tanıyanlar bu cür tanıyıb qəbul edir də. "Xalq sevir" ifadəsi saxtadır. Sən kimsən e, xalq səni sevsin. Artistlər, müğənnilər və s. deyir bunu... Hansı şairi çox sevirlər, ona qibtə edirlər, arxasınca danışırlar. Nə edək, duraq öldürək o şairi ki, onun oxucuları var? Nüsrət Kəsəmənli, Ələkbər Salahzadə də hər ikisi gözəl şair idi. Ələkbər öldü, xalqın xəbəri olmadı. 60-cı illərdə "Ağ zanbaq kimi açıldı sabah" yazmışdı Ələkbər... Adi meyxanaçı və meyxanəçinin qəbrinə qədər çəkib televizorda verirlər. Xalqın adından danışmaq düzgün deyil".

***

"Məni də tanıyırlar. Təkcə Salyana yox, Azərbaycanın harasına getsəm tanıyanlar olacaq. Bir dəfə oğlumla şəhərə çıxdıq. Deməli, cibimdə pulum yox idi. "Şərq" bazarının yanından gəlib vağzaldan keçdik üzü aşağı. "Vətən" kinoteatrına qədər getdik. Yalan olmasın, ora qədər mənimlə azı 200 adam görüşdü. Vaqif Bayatlı, Fuad Poladov... o adamlar ki, küçədə adama salam verməzlər. Oğlum dedi ki, dədə, sənlə şəhərə çıxmaq olmur. O qədər adamla görüşürsən, mən qalıram qıraqda".

***

"Bir şeirim var: "Mən macəra axtarmadım, Macəra məni tapdı". Səhərdən mənə suallar verirsən, gerçək olmayan arzularımı soruşursan. Bilirsən mən nə arzulayıram? Qarabağ, Şuşa, daha nə bilim nə... bunları yox. Arzu edirəm ki, Azərbaycan insanının üzü daima gülsün. Çıx bax, hamının üzündən qəm tökülür. İnsanlarımız gülürsə, demək Qarabağ da alınıb, Şuşaya da gedib çıxmışıq. İstəyirəm bu arzum gerçək olsun..."

Tarix
2013.11.27 / 09:57
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Brejnev bircə ona “sən” deyə bilmirdi

Bir Sevil Nuriyeva, bir Mübariz Mənsimov var, onlar da...

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Ermənilər bundan sonra yalvarmağa başladılar - Varis

KQB atamın o əsərini evdən apardı – Kərimzadə

Bolqarıstanda Bakı ilə bağlı reportaj yayımlandı - Foto

Mən fövqəlinsanam: Aqşindən Seymura qədər, hamısı... - Herisçi

Bizim Ağa müəllim: SSRİ-dən qorxmayan köhnə kişi - Foto

Ateistlərlə dindarların cəmləşdiyi məkanda müqəddəs gün – Foto

Fədayə Laçın hamısını üstələdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla