Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2018


Nikol Rusiya ilə oynayıb, ABŞ-a yaltaqlanır: Qarabağ planı...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az “Gündəlik Teleqraf” Media Qrupunun baş direktoru Aynur Camalqızının Musavat.com-a müsahibəsinin növbəti hissəsini təqdim edir:

Əvvəli burada

- Bir sıra hallarda belə fikirlər irəli sürülür ki, Avropadakı söyüş müxalifətinin fəaliyyəti heç də özfəaliyyət deyil, onlar başqa qüvvələrin sifarişini yerinə yetirirlər. Bu deyilənlərdə həqiqət payı varmı? O adamlar hansısa ciddi planlar qurulacaq qədər əhəmiyyətli adamlardırlar?

- Əslində həmin adamlar o potensialda olan insanlar deyillər ki, onların üzərində hansısa bir planlar qurulsun. Amma həqiqət də ondan ibarətdir ki, bu çirkin fəaliyyətin həyata keçirilməsi üçün onlara maliyyə dəstəyi verənlər var. Onların öz şəxsi imkanları hesabına o cür fəaliyyət göstərmələri mümkün deyil. Bundan aydın görünür ki, onlara maliyyə verən qüvvələr var. Məsələn, belə qüvvələrin başında hazırda həbsdə olan Hüseyn Abdullayevin adı çəkilirdi. Düşünürəm ki, o adamlara dəstək Hüseyn Abdullayevdən də ola bilər, eyni zamanda, Azərbaycana təzyiq göstərmək istəyən qüvvələr də maliyyə yardımı ayırmaqla söyüş kampaniyasını apara bilərlər.

- Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qarabağ məsələsi ilə bağlı yeni bir dönəmin başlandığı, hansısa proseslərin getdiyi müşahidə edilir. Qarabağla bağlı gedən prosesləri izləyirsinizmi? Sizin müşahidələriniz və informasiyalarınız necədir?

- Qarabağ münaqişəsi ətrafında müəyyən yeniliklər mövcuddur. Bu yeniliklər nədən ibarətdir? Nikol Paşinyan kütlənin təzyiqi ilə küçədən hakimiyyətə gəldi. İlkin dövrlərdə Paşinyanın demokratik islahatlara başlayacağı, Ermənistanın Gürcüstan və Ukrayna kimi Avropaya inteqrasiya xəttini əsas götürəcəyi düşünülürdü. Ona görə də Qərbdə Ermənistandan gözləntilər yüksək idi. Amma tezliklə aydın oldu ki, bunlar illüziyadır. Çünki Nikol Paşinyanın açıqlamaları bir-birini təkzib üzərində quruldu. O, öncə Rusiya ilə Ermənistanın əlaqələrinə qarşı çıxırdı və Avropaya inteqrasiyaya üstünlük verdiyini deyirdi. Qısa müddət sonra Rusiyanın Ermənistana münasibətinin sərtləşdiyini görüb Rusiyaya daha mülayim yanaşmağa başladı və mövqeyini dəyişdi. Bu da Qərbin xoşuna gəlmədi. Artıq gördüyünüz kimi, Qarabağla bağlı indiyə qədər bizim gözlədiyimiz və eşitmədiyimi açıqlamalar səsləndirilir. Məsələn, bu yaxınlarda ABŞ-ın İrəvandakı səfiri Riçard Mills bəyan etdi ki, İrəvanda heç kimin Qarabağla bağlı mövqeyində yumşalma görünmür, heç olmasa onlar Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması barədə düşünmürlər, halbuki o əraziləri Azərbaycana qaytarılmalıdır. Bundan bir müddət öncə ABŞ-ın Minsk Qrupundakı keçmiş həmsədri elə buna bənzər açıqlama vermişdi. Digər bu kimi açıqlamalar da oldu. Paşinyanla bağlı ümidlərinin doğrulmadığını görən Qərbin Qarabağ məsələsinə münasibəti artıq dəyişib. Bu, nə qədər davamlı olacaq, hadisələrin gedişi göstərəcək. Eyni zamanda Rusiya mediasında Azərbaycanla bağlı mövqe yaxşılığa doğru dəyişib. Məsələn, elə özümüzdən misal çəkcəyəm. Bu yaxınlarda “Reqnum” agentliyində Axar.az saytının rus versiyasında dərc olunmuş bir böyük yazımız yayıldı. Orada Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyindən söhbət gedirdi. Qarabağın işğaldan azad olunması prosesində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi şərh edilirdi və Azərbaycan prezidentinin siyasi çəkisinə, intellektinə görə Paşinyandan müqayisəyə gəlməz dərəcə öndə olduğundan söz açılırdı. “Reqnum” kimi media orqanında Azərbaycan haqqında bu cür yazının baş xəbərə çevrilməsi müsbət bir hadisədir.

- Regionumuzda gedən böyük geosiyasi proseslərdə Azərbaycanın həm Rusiya, həm Amerika üçün əhəmiyyətinin artmasının da Qarabağ məsələsində Azərbaycanın mövqeyinin dəstəklənməyə başlanmasında rolu varmı?

- Təbii ki, Ermənistana olan münasibətin dəyişməsi, Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanla bağlı gözləntilərin özünü doğrultmaması paralel olaraq Azərbaycana münasibətin müsbətə doğru dəyişməsinə təkan verib. Eyni zamanda, Sizin dediyiniz amil -Azərbaycanın əhəmiyyətinin daha da artması da ölkəmizin mövqeyinin dəstəklənməsində öz rolunu oynayır. Hər bir dövlət öz maraqlarını əsas götürür. Amma sevindirici haldır ki, Azərbaycanın Cənubi Qafqaz regionunda aparıcı bir ölkə olması bu dövlətlər tərəfindən artıq daha ciddi şəkildə qəbul olunur. Baxın, İrana sanksiyalar məsələsində ABŞ açıq şəkildə bəyan elədi ki, İranla ticarət əlaqələrinə görə Ermənistanın bir çox şirkətlərinə sanksiya tətbiq ediləcək. Amma eyni tələb Azərbaycana, Azərbaycan şirkətlərinə qarşı qoyulmayıb. Bunun özü müsbət bir hadisədir və düşünürəm ki, Amerikanın Azərbaycana olan münasibətinin göstəricisidir. Digər bir məsələ də ondan ibarətdir ki, Əfqanıstana yük daşımalarına Rusiya öz hava məkanını bağlayıb. Bu amil də Azərbaycanın əhəmiyyətini artırır. Ölkəmizin əhəmiyyətinin bu qədər artmasının sonucda Dağlıq Qarabağ probleminin həllinə müsbət təsirinin olacağını gözləyirik. İndi bilirsiniz ki, Ermənistanda vəziyyət həddən artıq qeyri-müəyyəndir. Növbədənkənar parlament seçkilərinə artıq start verilib. Vəziyyət kritikdir. Hətta radikal, hərbi qrupları olan partiyalar Nikol Paşinyanla ultimatumla danışırlar, ölkədə üsyan çıxaracaqları ilə hədələyirlər. Açıq şəkildə bəyan ediblər ki, parlamentdə yer tutmayacaqları halda toqquşmalar qaçılmaz olacaq. Yəni Ermənistanda vəziyyətin necə olacağı hələ aydın deyil. Paşinyan Qərbin, Avropanın gözləntilərini doğrulda bilmədiyi kimi, öz xalqının da gözləntilərini doğrulda bilməyib. Köhnə hakimiyyətdən əhali çox narazı idi. Buna görə də Paşinyanın hakimiyyətə gəlməsinə dəstək verdilər. Paşinyan hakimiyyətə gələndə Ermənistanda demokratiya quracağını, korrupsiyanın kökünü kəsəcəyini vəd etmişdi. Amma aradan 6 aya yaxın keçib, Ermənistanda vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşib. Bu yaxınlarda Ermənistanın keçmiş maliyyə naziri erməni mediasına açıqlamasında deyirdi ki, korrupsiyanın qarşısını Paşinyan doğrudan da ala bilibsə, Ermənistanda büdcəyə daxilolmalar artmalı idi. Amma 2019-cu il büdcəsində vergi daxilolmalarının 2018-ci illə müqayisədə daha az olduğu üzə çıxdı. Buna görə də iqtisadçılar 2019-cu il büdcəsini “əsl korrupsiya büdcəsi” adlandırdılar. Bu da ondan xəbər verir ki, əslində Nikol hakimiyyətə gələndən sonra Ermənistanda korrupsiya aradan qalxmayıb. Sadəcə əl dəyişməsi baş verib: əvvəl Serj Sərkisyanın adamları korrupsiya ilə məşğul olurdusa, indi bu işi Paşinyanın çevrəsi həyata keçirir. Bu vəziyyət isə dekabrda keçiriləcək parlament seçkilərinin nəticələrinin necə olacağını qeyri-müəyyən edir. Xalq gözləyirdi ki, Paşinyan böyük iqtisadi islahatlar həyata keçirəcək, iqtisadiyyat inkişaf edəcək. Lakin aradan bu qədər vaxt keçsə də, aydın olur ki, Paşinyanın iqtisadi vəziyyəti düzəltmək üçün heç bir proqramı yoxdur. Demokratiya haqqında deyilənlər də artıq insanları xəyal qırıqlığına uğradır. Çünki Paşinyan bütün addımları ilə göstərir ki, o, demokratik lider imicindən uzaq siyasətçidir. Onun atdığı addımlar ölkəni diktaturaya aparır. O, hər şeyi güc yolu ilə, təzyiqlə edir, fəaliyyəti ancaq rəqiblərini sıradan çıxarmaqdan ibarətdir. Görünən odur ki, Paşinyan qisasçı siyasət yeridir. Amma tarix də onu göstərir ki, qisasçı hakimiyyətlər xalqın dəstəyini qısa müddətdə itirirlər.

- Belə çağırışlar da var ki, Ermənistandakı bu qeyri-müəyyənlikdən, qarışıqlıqdan Azərbaycan istifadə edib hərbi əməliyyatlara başlayıb torpaqlarımızı azad etsin. Necə ki, 1993-cü ildə Azərbaycandakı qarışıqlıqdan Ermənistan fürsət olaraq yararlandı və rayonlarımızı işğal etdi. Sizcə, biz Ermənistandakı qarışıqlıqdan fürsət olaraq yararlanmalıyıq, yoxsa gözləməliyik Ermənistanda qeyri-müəyyənlik aradan qalxsın, “sular durulsun” və Paşinyan hakimiyyətini möhkəmlədib arxayın hərəkət etməyə başladıqdan sonra sülh yolunda real addımlar atılsın?

- Azərbaycan ordusu hər zaman müharibəyə hazırdır. Bizim hərbi gücümüz, iqtisadi imkanlarımız, haqlı mövqeyimiz hərbi əməliyyatlara başlamağa imkan verir. Yaxın keçmişdə Aprel döyüşləri bir daha bunun sübutu idi. Ordumuz istənilən vaxt torpaqlarımızı azad eləmək qüdrətindədir. Amma bunun üçün təbii ki, siyasi, qlobal şərait yetişməlidir və ən ideal vaxtı da Prezidentimiz müəyyən edəcək. Paşinyan hələ ki, siyasi oyunlar oynamaqla məşğuldur. Özünü ABŞ-a demokratik lider kimi təqdim eləməyə çalışır, o biri tərəfdən Rusiya ilə oynayır, o biri tərəfdən isə erməni xalqını da aldatmaqla məşğuldur. Məqsədi odur ki, rəqiblərini tamamilə zərərsizləşdirmək və hakimiyyətinə ola biləcək təhlükələrdən xilas olmaq üçün vaxt qazansın. Dekabrda növbədənkənar parlament seçkilərinə getməsi də bununla bağlıdır. Əgər dekabrda parlamentdə üstünlüyü ələ ala bilsə və hakimiyyətini qura bilsə, ondan sonrakı ilk aylarda bəlli olacaq ki, Paşinyan Qarabağ məsələsinin sülh yolu ilə həllini istəyir, yoxsa yox. Yəqin ki, Azərbaycan üçün də məhz o zaman hər şey tamamilə bəlli olacaq.

- Ermənistanda Qarabağ məsələsi barədə ABŞ səfiri demişkən, heç kim düşünmədiyi halda, Azərbaycanda hər kəs Qarabağ məsələsi barədə fikirləşir. Bir qrup ictimai, siyasi ranqlı şəxslərin yaratdığı Qarabağ Komitəsi isə Qarabağa azadlıq tələbi ilə mitinq keçirir. Artıq hakimiyyətin razılığı ilə bir mitinq keçirilib və ikinci mitinqi təyin ediblər. Qarabağ mitinqlərinə münasibətiniz necədir? Mitinqə ehtiyac varmı?

- Qarabağ məsələsində hakimiyyətlə xalqın yanaşması arasında fərq yoxdur. Hakimiyyət məgər Qarabağı azad etmək istəmir? Təbii ki, istəyir. Hər bir lider istəyər ki, ölkəsinin işğal altında olan ərazilərini azad eləsin və adı tarixə yazılsın. Prezident İlham Əliyevin bəyanatlarından aydın görünür ki, o, Azərbaycan xalqının dəstəyindən, potensialından istifadə edərək istər güc yolu ilə, istər sülh yolu Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün var gücü ilə çalışır. Amma bu Qarabağ mitinqlərinin məqsədi, məramı nədən ibarətdir? Açığı burada mən bir konkret aydınlıq görmürəm. Əgər hakimiyyət Qarabağ məsələsində xalqın düşüncəsindən fərqli bir mövqe nümayiş elətdirsəydi, o zaman bu mitinqlərin bir ciddi anlamı olardı. Ancaq indiki vəziyyətdə bu mitinqlərə zərurət yoxdur. Artıq bir mitinq keçirilib və həmin mitinqdə dünyaya, Ermənistana, xalq hansısa bir ciddi, yaddaqalan mesajlar oldumu? Hesab edirəm ki, təsirli bir aksiya olmadı. Ona görə də bu cür aksiyaları keçirməkdənsə, Azərbaycanın müharibəyə hazırlığına, diplomatik və informasiya müharibəsinə dəstək vermək daha məqsədəuyğun olar.

- Hakimiyyətə yaxın şəxslər deyirlər ki, prezident çağırış etsə, mitinqə milyonlarla insan qatılar. Sizcə, milyonlarla insanın Qarabağ mitinqinə çıxdığı mənzərəsi elə hakimiyyətə daha çox lazım deyilmi?

- Hakimiyyətin buna ehtiyacı yoxdur. Əgər ehtiyac olsaydı, bunu edərdilər və həqiqətən də milyonlarla insan meydana axışardı.

- 2012-ci ildə Xocalı soyqırımının 20 illiyində prezident İlham Əliyevin öndə getdiyi və yüz minlərlə insanın qatıldığı Xocalı yürüşü oldu. Bax indi Qarabağla bağlı belə bir yürüş olsa, beynəlxalq arenada səsimizin eşidilməsi baxımından daha yaxşı olmazmı?

- Bütün hallarda o fikridəyəm ki, bu cür addımları o halda atmaq olardı ki, beynəlxalq aləmdə vəziyyət Azərbaycanın zərərinə olsun. İndi vəziyyət tamamilə Azərbaycanın xeyrinə dəyişib. Odur ki, belə bir vəziyyətdə mitinq keçirməyə nə ehtiyac var? Şübhəsiz ki, İlham Əliyevin bir çağırışı kifayətdir ki, milyonlarla insan meydanlara axın etsin və Qarabağ şüarı səsləndirsin. Bu gün buna ehtiyac duyulmur. Əmin olun ki, ehtiyac olsa, hakimiyyət bu addımı atardı. Azərbaycan dövləti kifayət qədər güclüdür, çox geniş, şaxəli və dəqiq siyasət həyata keçirir və zamanlamanı çox gözəl bacarır.

- Aynur xanım, Siz sosial şəbəkələrdən də aktiv istifadə edən bir şəxssiniz, övladlarınızla birlikdə fotolarınızı tez-tez paylaşırsınız? Bunlar sadəcə bir epizoddur, yoxsa gerçəkdən kifayət qədər vaxt ayıra bilirsiniz?

- Sosial şəbəkələr bizim həyatımızı əslində olduğundan daha parlaq təqdim edir. Yəni oradakı fotolar, üzdə təbəssüm elə təəssürat yaradır ki, sanki bizim kifayət qədər vaxtımız, istirahətə, övladlarımıza ayırmağa zamanımız var. Siz özünüz də jurnalistsiniz və özünüz də bilirsiniz, təəssüflər olsun ki, bizim bütün günümüz belə keçmir. Gərgin iş, əsəb, zehni yorğunluq, stress, tədbirlər - günümüzün çoxu bu cür keçir. Bəzən elə olur ki, mən işlərimi yekunlaşdırıb evə gedəndə övladlarım yatmış olurlar. Səhər isə tezdən oyanıb dərsə gedirlər. Uşaqlar bundan narazılıq da edirlər. Məsələn, oğlumun müəllimi mənə bu yaxınlarda bildirdi ki, Aydın deyir, mən anamı çox özləyirəm, anam bizə çox az zaman ayırır. Mənə çox pis təsir elədi ki, görün iş-güc bizi övladlarımızdan necə uzaqlaşdırır. Neçə gün ard-arda getdim, uşağı məktəbdən özüm götürdüm. Həm işləmək, həm analıq missiyasını yüz faiz yerinə yetirə bilmək çox çətindir.

Tarix
2018.10.27 / 12:20
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Nazirin millət vəkili olan qızı tələbəlikdən danışdı

Sabiq deputat "Nəsimi" bazarında satıcı işləyir - Foto

İspan mənşəli azərbaycanlı qızın Türkiyədə qeyri-adi həyatı - Foto

Azərbaycanın məşhur hambalı: 22 yaş kiçik aktrisa ilə... - Video

Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə

Gülərək ölən xalq artisti: SSRİ onun bu “səhv”ini bağışlamadı

Türkiyədən Mübarizlə bağlı möhtəşəm süjet - Video

Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - Foto

Kamal Sunalın həyat yoldaşı hər kəsi kövrəltdi - Foto

Bunu etsək, Azərbaycanda türk qalmaz... - Atatürkün gizli sözü

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla