Yuxarı

Elə biləcəklər atama satılmışam... - Kəramət

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az yazıçı Kəramət Böyükçölün Teleqraf.com-a müsahibəni təqdim edir:

- Kəramət, vaxtilə yazdığın “Çöl” romanı geniş rezonans doğurmuşdu. Ədəbiyyatımızın sayılıb-seçilən imzaları roman barədə inamla danışırdılar. Ümumi fikir belə idi ki, bu gənc oğlan gələcəkdə çox dəyərli əsərlər yaradacaq. Sənsə ardını gətirmək əvəzinə jurnalistikaya getdin. Bunun səbəbi nədir?

- Düzü, əsər yazmağa başlayanda mənim ədəbiyyatla bağlı çox böyük arzularım, iddialarım vardı. 22 yaşında şeir kitabım çıxıb. Ondan əvvəl orta məktəbdə sevdiyim qızlara məktub şəklində şeirlər yazırdım. Atam ədəbi mühitin içində olan adam idi. Bir gün evdə söhbət oldu ki, camaatın uşaqları Yazıçılar Birliyinə üz olub, prezident təqaüdü alır. Anam dedi sən o uşaqların nəyindən əskiksən? Bütün gün futbol oynayırsan, velosiped sürürsən, qız dalınca düşürsən, avara-avara gəzirsən, get şeirlərini yığ, kitab çıxartdır. Çünki Yazıçılar Birliyindən təqaüd almaq üçün mütləq kitabın çıxmalı idi. Mən də yalnız pul marağı ilə şeirlərimi topladım, atam da ucunu-qulağını düzəltdi, tezbazar kitab çıxardıq.

- Səhv eləmirəmsə, adı “Çatlamış fincan” idi.

- Bəli. Kitab çıxandan sonra Yazıçılar Birliyinə maneəsiz üzv oldum. Şübhəsiz, burada atamın münasibətləri də rol oynadı. AYB-yə üzv olduğum il prezident təqaüdünə düşdüm. Təqaüd mənə çox şirin gəlirdi. AYB-yə üzv olanda Taleh Şahsuvarlı məndən bir açıqlama almışdı, demişdim bu dünyada bir ünvanım vardı, çox sevinirəm ki, ikinci ünvanım da oldu (gülür).

- Səmimi fikirlərin idi?

- Əlbəttə. Hərçənd bu fikirləri indi desəm, camaat ironiya kimi qəbul edər. Əslində, düz də edirlər. Sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində şeir kitabım maraqla qarşılandı, yalan-gerçək məni təriflədilər. Doğrudan da, o şeirlərin içində maraqlı tapıntılar vardı. Universitetdə “Metafora” ədəbiyyat dərnəyi təşkil elədim. Bakı Dövlət Universiteti qabaqcıl və ədəbi cameəyə xüsusi yer verən təhsil ocağıdır. Qələm adamları özləri də maraq göstərirdilər ki, universitetdə tələbələrlə görüşlər keçirim. Əkrəm Əylislini, Zəlimxan Yaqubu və başqa yazıçıları dəvət elədim, görüşlər keçirdik. Yavaş-yavaş avara həyat tərzindən uzaqlaşdım...

Bayaq da dedim, içimdə qəribə iddialar vardı. Universitetdə mühazirələr mənə maraqlı gəlmirdi, arxada oturub yazılar yazırdım. Heç bilmirdim roman olacaq. Evə gələn kimi həmin yazıları vərəqdən kompüterə köçürürdüm. Elə olurdu gecə yatmayıb, yazırdım. Bu qayda ilə “Çöl” romanı yarandı. Sonra əsərimi Rafiq Tağıya təqdim elədim, oxuyub heyrətləndiyini dedi. Təbii ki, çap olunmazdan qabaq atam da oxuyub məsləhətlərini vermişdi, qeydlər eləmişdi, yəni əlindən keçirmişdi.

Rafiq Tağının heyrəti məni daha da həvəsləndirdi. Əkrəm Əylisli kitabım haqqında yüksək fikir deyəndə isə lap qoltuğum qarpızlandı. Kənan Hacı bir yazı yazdı. Azadlıq Radiosunda müzakirəyə çıxarıldı. Tehran Əlişanoğlu, Cavanşir Yusifli, Elnarə Tofiqqızı, Nərmin Kamal yüksək fikirlərini bildirdilər. Gözləmədiyim halda əsərim maraqla qarşılandı. Sanki boynuma yük kimi düşdü ki, ay Kəramət, sən ciddi yazıçısan, ciddi ədəbiyyat adamısan, buna görə də yazmağa davam etməlisən.

- Bəs publisistikaya necə başladın?

- Feysbukda çoxlu statuslar yazırdım. Aynur Camalqızı mənə rəylər yazırdı, statusumu layk edirdi. Bir dəfə çəkinə-çəkinə Aynur xanıma yazdım ki, olarmı sizin saytınızda yazılarım dərc olunsun? O dövrdə “Kulis”ə yazı göndərirdim, vermirdilər. Dəqiq bilmirəm, qəsdən çap eləmirdilər, yoxsa doğrudan bəyənmirdilər. Mən də dilxor olurdum, pisikirdim ki, mənə niyə biganə münasibət var? Aynur xanıma yazdım, o da məni rəhbərlik elədiyi “1937.az” saytına dəvət elədi. Orada yazılar yazmağa, müsahibələr almağa başladım. Maraqla qarşılanırdı. Sonra elə vaxt gəldi ki, bu müsahibələr, yazılar məni bezdirdi. Daha köşə yazmaq istəmirdim, amma ehtiyac məcbur edirdi ki, qələmdən çörək ağacı kimi istifadə edim.

- “Çöl” romanıyla gələn nəfəs sanki dayandı, davamı gəlmədi. Bunun səbəbi məişət qayğılarıdır, yoxsa?

- “Çöl” romanında tərəkəmə həyatından yazmışam. Bir ara cavan qələm dostlarım məni ələ salırdılar ki, Kəramət qoyundan-qığdan, atdan-eşşəkdən yazır. Bu, ədəbiyyat deyil, xatirələrdir. Bir müddət bu səbəbdən küsdüm...

- Maraqlıdır, belə söhbətlər səndə kompleks yaradırdı?

- Bəli. Doğrudan da, fikirləşdim ki, daha bu mövzuda yazmayacam. Məsələn, şair dostumuz Qismət daha qlobal mövzulardan, meqapolis hüznlərindən yazırdı. Mənsə tərəkəmələrdən, alaçıqdan, yovşandan. Özümü pis hiss elədim. Dedim mən də qlobal şeylərdən yazacam. “Səkkizinci gün” romanı bu hisslərdən doğuldu. Hərçənd bu da cavan dostlarımın yazdıqları kimi müasir və qlobal ola bilmədi.

Yadıma gəlir, Əkrəm Əylisli mənə demişdi ki, sən hara getsən, haralarda hərlənib-fırlansan, yenə də “Çöl”ə qayıdacaqsan. Çünki rahat olduğun yer oradır. Hiss edirəm ki, doğrudan da, o yerlərə təzədən qayıdacam, o mövzuda daha ciddi, daha fundamental əsər yazacam.

- “Səkkizinci gün” romanını alınmamış hesab edirsən?

- Bəli, bu əsər alınmadı. Uzun müddət yeni əsərimin çıxmasını hamıdan gizlədirdim. Adam pis bir hərəkət edəndə istəyir üstü açılmasın. Mən də istəyirdim bu əsərin üstü açılmasın, heç kim bilməsin. Sonra müəyyən dostların xoşuna gəldi, təriflədilər, haqqında yazılar yazdılar və təəssüf ki, bu sirrimin də üstü açıldı.

- Eşitdiyimə görə, bu əsərin ideyasını sənə Əsəd Cahangir verib. Bəlkə, bu mövzu sənin içinin məhsulu deyildi, ona görə alınmadı?

- Düzdü, əsərin strukturunu, ideyasını Əsəd Cahangir verib. Amma bildiyimə görə məndən qabaq bu ideyanı Qismətə vermişdi. Əsəd deyirdi ideya Qismətin də çox xoşuna gəldi, amma yazmadı. Sonra Cavid Zeynallıya verdi, o da yazmadı. Sən demə, kimlə dost olurmuşsa, bu ideyanı ona verirmiş.

Əsədin mənə verdiyi strukturun içində insanı tarixin ictimai-siyasi formasiyalarından keçirib bir əsər yazdım. Amma yenə deyirəm: özümün xoşuma gəlmədi. Yəni hiss elədim ki, “Çöl” qədər alınmayıb. Kimsə mənə deyəndə əsərini göstər, səni tanıyım, deyirəm get “Çöl”ü oxu. Qorxuram “Səkkizinci gün”ü başa düşməyələr.

- Bəlkə, özün bu mövzuya tam hazır olmamısan deyə yazdığından narazı qalmısan?

- Ola bilər. Amma bir şeyi dəqiq bilirəm: Hər iki romanımı, eyni zamanda, hekayələrimi, köşələrimi özünü ciddi ədəbiyyata hazırlayan adamın qələm məşqləri hesab edirəm. Bir gün bunların hamısını qolunun arxası ilə stolun üstünü sıyırıb yerə tökən adamsayaq ədəbi həyatımdan silib atacam. Təzədən ədəbiyyata gəlmiş adam kimi əsər yazıb ciddi yaradıcılıqda məşğul olacam. O gün uzaqda deyil.

- Bunun üçün lazım olan mənəvi tarazlığı tapa biləcəksən?

- Bəli, özümdə çox ciddi potensial hiss edirəm.

- İndi nə yazırsan?

- Uzun müddət içkidən baş aça bilmədim. Bu, mənim içkiyə tələbatımdan irəli gəlmirdi. Sadəcə, düşdüyüm mühit, oturub-durduğum adamlar istər-istəməz məni içki məclislərinə çəkirdi. Hər gün müsahibə alıram, hər müsahibə aldığın adamla bir araq içəndə gör hara vurub çıxır. Hələ bunun sərxoş olmağı, gecələr yatmamağı, bir səhv hərəkət edib, səhər əzab-əziyyət, xəcalət çəkməyi var. Bütün bu şeylər təkcə vaxtımı yox, canımı da alırdı. Məni evdə, ailədə, doğmalarla, yaxınlarla üz-göz edirdi. Bu da tarazlığımı pozur, əsər yazmağa imkan vermirdi. Məcbur olub qonarar xətrinə hekayələr, iç yazıları yazırdım, bununla kifayətlənirdim. Hazırda son 4 ildə yazdığım yazıları saf-çürük edib, bir kitab eləmək istəyirəm. Bununla da yaradıcılığımın bu dövrünü də qapadıb, romanlara, povestlərə başlayacam.

- Hansı ideya və mövzuların var?

- Mövzu tapmaq üçün əziyyət çəkmirəm. Ən adi şeylər mənə yazı yazdırır. Məsələn, yaxınlarda dükana girəndə gördüm ki, uşaq anasının yanında ağlaya-ağlaya oyuncaq istəyir. Gözündən yaş gəlmirdi, ancaq qışqırırdı, anası ağzının üstündən şillə vurdu, dedi atan ölsün, atan olaydı, alaydı, ağzını yum. Uşaq əlini ağzına qoyan kimi gözündən yaş gəldi. Təsəvvür elə, bəzən bir uşaq yox, bütöv bir xalq ağzını yumub ağlaya bilir. Bu detal mənim üçün çox yaxşı yazıdır. İnan, Mövlud, yazacağım yazıda nə dükan olacaq, nə ananın uşağa dediyi söz, nə uşaq, nə də göz yaşı. Sadəcə, o səhnənin ovqatı olacaq. Həmin ovqat mənə gözəl əsər yazdıracaq.

Yaxud, metronun qabağında əlləri kəlbətin ağzına oxşayan bir kişi qabağıma yüyürdü, ovcunu açıb dedi ki, mənə bir manat ver, dönər alım. İki manat verdim, birini geri qaytardı, götürmədi. Dedi o tərəfdə ucuz dönər var, ordan alıb yeyəcəm. O kişinin əlləri o qədər güclü idi ki, məni ovcunda qatlayıb dönər əvəzinə yeyə bilərdi. Bilirəm ki, o əl mənə ciddi roman yazdıracaq. Amma orda nə dönər olacaq, nə iki manat, nə də əlləri kəlbətin ağzına oxşayan kişi. Sadəcə, yenə deyirəm, həmin sarsıntı orda olacaq. Mən bütün mövzularımı həyatdan götürürəm, ona görə də rahat yazıram, əziyyət çəkmirəm.

- Bir-birinə bənzəyən mövzularda yazmağın səni bir yazıçı kimi monotonluğa gətirə bilərmi?

- Yox, heç vaxt yeknəsəqliyə gəlib çıxmayacam – buna əminəm. Lap yeknəsəqliyə gəlib çıxsam da, dəhşətli dərəcədə güclü yumor hissim həmişə məni diri saxlayacaq, hər yerdə xilas edəcək. Ələ salmağa adam qalmasa, keçib özümlə məzələnəcəm. Bayağı mətnlərimi ələ salıb ayaq üstə qalacam. Mən özüm-özümü dolamağı bacarıram.

- Kəramət, atanla münasibətləriniz necədir, yola gedirsinizmi?

- Atamla münasibətlərim hazırda çox pisdir. Bunun ən böyük səbəbkarı jurnalistlərdir. Çünki hamısı məni tanıyır, atama münasibətimi də bilirlər. Bir də görürsən biri zəng edib atam haqda mənə sual verir. Özü də bilir ki, ağzıma gələni deyəcəm, sabah da evdə problem olacaq.

- Atanı tənqid eləməsən, olmaz?

- Olmur. Tənqid eləməsəm, deyəcəklər atasına satılıb (gülür).

- Bildiyim qədərilə bir evdə yaşayırsınız. Hərdən adama elə gəlir bu dava-dalaşları özün atanla qurursan. Birləşib, camaatı dolayırsınız.

- Azərbaycanda heç vaxt səmimi ata-oğul olmayıb, ona görə belə düşünürsən. Söhbət təkcə ədəbiyyatdan getmir. Siyasətdə də, məişətdə də səmimi ata-oğul yoxdur. Oğul siqaret çəkir, atası gələn kimi qaçıb gizlənir, siqareti yerə atır. Bu, səmimi münasibət deyil. Guya atanın yanında siqaret tüstülədəndə nə olur, tüstülətməyəndə nə olur? Azərbaycanda ata-oğul arasında hörmət belə boş-boş şeylərin üzərində dayanıb.

Biz isə səmimi ata-oğuluq. Hərçənd, Qəşəm bu səmimiyyətə axıracan dözə bilmir. İstəyirəm oğlumun da mənimlə münasibəti səmimi olsun. Mən AYB-dən çıxarılanda atama dedim onların sənlə problemləri olmasın deyə get mətbuata de ki, yaxşı edib oğlumu qovmusunuz! Mən oğul kimi bunu dedim, amma o, ata kimi nə etməli idi – nə etdi, nə deməli idi – nə dedi, burası mənlik deyil.

- Heç atan sənə deyibmi ki, əynində isti palto var, universitetdə təhsil haqqın ödənilir, təntiyən kimi üstümə qaçırsan. AYB-də susduğum bütün məqamların məhsulu budur, səni böyütmək üçün burada yalanı müdafiə etmişəm, burada susmuşam...

- Mövlud, AYB məsələsinə görə mən atamın üstünə çox hücuma keçmişəm. Evdə də, mətbuatda da – özü də haqsız olaraq. Əvvəllər elə bilirdim Yazıçılar Birliyində ən pis adam Qəşəmdir, hər şeyə baiskar odur. Düzü, oturub-durduğum adamlar da bu mövzuda atama qarşı məni qızışdırırdı. Yanımda danışırdılar, mən də hələ əmgəyi bərkiməmiş uşaq idim, gedib evə deyirdim niyə bunu belə etmisən, niyə AYB-də işləyirsən, mənim üzümə çəkirlər və s. Sonra gördüm AYB-də ən təmiz adamlardan biri, bəlkə də, birincisi mənim atamdır. Axı bu adam neyləyib? “Azərbaycan” jurnalında işləyir, ayda 250 manat maaş alır. Anar haqqında da cəmi bir yazı yazıb. Çox da səmimi yazıdır. Mövqeyini dəyişməyib, ordan-ora, burdan-bura getməyib, 15 il bundan qabaq nə düşünürdüsə indi də onu deyir.

Qəşəm çox möhkəm adamdı. Sarsılmaz xarekteri var. İstedadı da ki... Özün yaxşı bilirsən. O ki qaldı susmaq məsələsinə, AYB çox balaca yerdi, susub-susmamaq məsələsi isə çox böyük söhbətdir. Guya Rasim Qaraca susmayıb neyləyir ki, Qəşəm də susub onu eləmir?

Əgər atam nəyəsə etiraz etmirsə bu, onun xarakterindən irəli gəlir. Adam belə doğulub. Guya o, Anara qarşı çıxsaydı, məni böyüdə bilməyəcəkdi, acından öləcəkdi? Sadəcə, atamın tipi budur. Həmişə Cavid Zeynallını mənə nümunə göstərir.

- Bildiyim qədərilə Cavidi çox istəyir...

- Hə. Atam da, anam da evdə Cavid Zeynallını, Qisməti mənə nümunə çəkirlər. Deyirlər görürsən onlar içirlər, sərxoş olmurlar, ağılları həmişə başlarında olur.

- Ədəbiyyatımızın gələcəyini necə görürsən?

- Ədəbi proses bir neçə dərgi və saytın ətrafındadır. Orada da azad mühit yoxdur. Ümumiyyətlə, Azərbaycanda böyük yazıçının yetişməsi üçün şərait yoxdur. Yazıçı işlədiyi yerdən azad olmalıdır. Azad olmayacaqsa, nə qədər kitab oxuyur, nə qədər filmə baxır-baxsın, xeyri yoxdu, çünki yenə də düşündüyünü yaza bilməyəcək. Mən çox istərdim ki, heç bir yerdə işləməyim, kitablarım satılsın, heç kəsdən asılı olmayım... Yazıçı olmaq üçün yüz şərt varsa, birincisi azadlıqdır.

- Sən yazıçı kimi azadsan?

- Azad deyiləm, amma azad olmadığımı deyə bilirəm. Bunu heç kim mənim əlimdən ala bilməz. Mən bir qələm adamı kimi özümü ictimai-siyasi proseslərdən kənarda təsəvvür edə bilmirəm. Bir dəfə AzTV-də çıxış etmişəm, xəcalətini çəkmişəm, başımı qaldırıb gəzə bilməmişəm. Nə yaxşı ki, sonra o əzabı üstümdən ata bildim.

Nə qədər əsərlər yazsam da, özümə yazıçı deməyə gücüm çatmır. Ona görə yox ki, yazıçı deyiləm, ona görə ki, azad ola bilmirəm, azad olmağa qoymurlar. Amma baxıram qələm dostlarım mənən azad olmadıqlarına görə əzab çəkmirlər, kitabla, filmlə başlarını qatırlar. Elə bilirlər belə də olmalıdır. Mənsə hələ özünü filmlərlə, kitablarla ovutmaq mərtəbəsinə ucalmamışam.

- Yəqin ona görə haqqında belə fikir formalaşıb ki, Kəramət istedadlıdır, amma oxumur, öz üzərində işləmir.

- Mənim bu cəmiyyətdə özümdən başqa qisas ala biləcəyim heç nə və heç kim yoxdur. Kimdən, nədən qisas ala bilərəm? Allah mənə balaca bir istedad verib, mən də qısasımı o istedaddan alıram. Onu məhv eləmək, öldürmək istəyirəm. Camaat da deyir niyə kitab oxuyub, filmə baxıb istedadını cilalamır. Bəli, oxumuram, yaxşı da eləyirəm. İstedadımın məhv olmağını istəyirəm. O istedadın boyunu yerə soxum ki, azad deyil...

Tarix
2016.12.16 / 22:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla