Yuxarı

Ulutürk kimi şair zindan həyatı yaşayıbsa...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərvər Məsumla həmsöhbət oldum. Geniş təqdimata ehtiyacı olmasa da, qısaca onu demək yerinə düşər ki, ömrünü milli azadlıq hərəkatına, dövlətçiliyə, millətçiliyə, türkçülüyə həsr edib. Dəfələrlə haqsızlıqla üz-üzə gəlib. Millət və vətən sevdalısı olması onu çox burulğanlarda mücadilə aparmasına səbəb olub.

- Sərvər bəy, şeirlərinizi, publisist yazılarınızı, nəsrinizi oxuyuram və fikirləşirəm ki, bu “Məsum” təxəllüsünü niyə götürmüsünüz? Yaradıcılığınızda məsumluq yoxdur axı...

- Bir yazar kimi özümə təxəllüs götürməmişəm. Məsum mənim soyadımdır, Məsumov soyadını daşıyıram. Yazılarımda isə məsumluq necə hiss edilə bilər ki , mən daim milli mücadilə yolçusu olmuş bir insanam. Təbiətcə sakitəm, eyni zamanda çılğınlığım da var.

- Sizi tez-tez AYB-də keçirilən tədbirlərdə görmək olur, sanki bura gəlmək üçün bütün bəhanələrdən istifadə edirsiniz.

- Əslində, ədəbi tədbirlərə çox az qatılıram. Demək olar ki, ildə dörd və ya beş dəfə Yazıçılar Birliyinin qapısını açıram. O tədbirlərdə iştirak edirəm ki, orada yerim var. Görünür, o məqamlarda məni görmüsünüz. Amma qeyd edim ki , Azərbaycan Yazıçılar Birliyi bir ədəbi təşkilatdır. Oraya getmək və ya getməmək elə bir məna kəsb eləmir. “Azərbaycan” və “Ulduz” jurnallarının redaksiyaları da o binada yerləşdiyindən orada olmaq mümkündür. Amma sizin dediyiniz o fikirlə heç cür razı deyiləm ki, daim oraya can atmışam.

- AYB üzvü olmaq, bir yazar olaraq sizə hansı stimulu verir?

- Doğrusu, mənə elə gəlir ki, Yazıçılar Birliyi heç bir qələm adamına stimul vermir. Bəlkə, on iki il olar ki, orada kitab təqdimatı belə keçirməmişəm. Əsərlərimi yazıram, çap etdirirəm, işimlə məşğulam.

- Kifayət qədər irihəcmli əsərlərin müəllifisiniz, deyin, bu anda yaradıcılığınızın hansı məqamındasınız?

- Əlbəttə ki, mənim yolum milli yol olduğundan içimi və ruhumu bir mövzu titrədə, özümə qaytara bilər. O da milli vətənpərvərlik və dövlətçiliklə bağlı mövzulardır. Fikir versəniz, bütün şeirlərimdə və poemalarımda, publisistik yazılarımda bir mövzu var: Millətçilik. Bu millətçilik bir amala xidmət edir: Azərbaycanımızın birliyinə, bütövlüyünə, türkçülüyə.

- İllərdir bədii yaradıcılıqla məşğulsunuz, amma oxucular sizi gənc ədəbi nəslin nümayəndəsi kimi tanıyır. Niyə? Gec dərc olunmusuz, yoxsa gözə görünmək istəməmisiz?

- Maraqlı sualdır. Ədəbi yaradıcılığa uşaq yaşlarımdan, 9-cu sinifdə oxuyarkən hekayə və şeirlərlə başlamışam. Hələ sovet dövründən müntəzəm olaraq çap olunmuşam. Məsələ ondadır ki, qələmə aldığım mövzu milli vətənpərvərlik mövzusu olduğundan diqqəti daha çox cəlb etməyib. Hətta bir çoxları mənim türkçülüklə bağlı şeir və publisistik yazılarımı çap etməkdən imtina ediblər. Öncə dediyim kimi, bəlkə də ədəbi ictimaiyyətlə əlaqə qura bilmədiyimdən hələ də “cavan” qalmışam. Bunun nəyi pisdir ki...

- Vətənpərvərlik, türkçülük, milli mənəvi dəyərlər və sair mövzularda daha çox özünüzü sınamısınız. Bu mövzuda yazan bir çox yazarlarımız müxtəlif təzyiqlərlə üzləşib, basqılara məruz qalıb, elə səhv etmirəmsə, sizin də yolunuz zindandan keçib.

- Burada bir məqamı nəzərinizə çatdırım ki, özümü şairlikdən çox bir ideya adamı kimi görürəm. Bəlkə də bir az böyüklük kimi görünər, amma özümü böyük türkçülərin yolunda görürəm. İsmayıl bəy Qasparlıdan üzü bu tərəfə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əhməd Cavad, Ziya Göyalp, Yusif Akçura Nihal Atsız, Türkeş kimi öndərlərin ayaqlarının izi ilə getməyə səy göstərirəm. Ruhumda bir sevda var, o da vətən sevdasıdır. Təbii ki, şeirlərimdə milli ruh fərqlidir. Bu, bəzən ictimaiyyətdə fikir çaşqınlığı yaradır. Bəziləri məni də müxalif cərgənin mənsubu hesab etdilər. Doğrusu, heç vaxt nə müxalifət, nə də iqtidar oldum. Sovet dövrü milli istiqlalımız üçün savaşdım. Müstəqilliyimizdən sonra millətimlə bərabər dövlətimin yanında oldum. Vətənimi qorumağa çalışdım. Milli insanların məhbəs yolu həmişə olub. Bu məhbəs həyatı mənim də taleyimdə yaşandı. Darılmadım. İnanın ki, vətən, millət, dövlət üçün ölümü gözə alan adamam.

- Zindan həyatının yaradıcılığınızda hansı izləri qaldı?

- Məhbəs həyatı insana nə verə bilər ki... qaranlıq bir dövr kimi atdım ömrümün əllinci illərində bir küncə, qaldı orada. Təskinliyim də o oldu ki, vaxtilə X.R.Ulutürk kimi bir milli şair zindan həyatı yaşayıbsa, olsun.
Təbii ki, orada da olduğum qısa vaxtda üç kitab yazdım: “Ərşə dirənən nalə”, ”Sufizm” və “Milli düşüncə”. İkisi işıq üzü görüb, biri isə hələ çapını gözləyir.

- Ola bilməz ki, yazar olasan, qəlbində böyük arzuların olmaya, yəqin ki, gerçəkləşdirə bilmədiyin arzuların da kifayət qədərdir.

- Mənim bir arzum var: Qarabağ, İrəvan, Göyçə, Borçalı, Dərbənd, Kərkük vətən torpaqlarına birləşdirilsin və Təbriz paytaxtımız olsun. Milli birliyimiz, vətən bütövlüyümüz tamamlansın. Milli mənəvi dəyərlərimizə, dövlətimizə sahiblik hissini itirməyək. M.Hadi demiş “imzamız olsun imzalar içində”. Arzum bütöv Azərbaycan, bütöv türk dünyası, Turanın birliyinə qovuşmaqdır.

- Bəs, o arzular ki gerçəkləşmədi, sizcə, buna nə səbəb oldu?

- 1990-cı illərdə yaranmış imkanın dəyərləndirilməməsi, Qarabağın işğalı, Naxçıvanın blokadası hələ də məni narahat edir. Bu arada türk birliyinin yaranmaması, dini məzhəbçilik düşüncələrimi çalpaşıq edir. Amma inanıram ki, biz yenidən özümüzə, tariximizə qovuşacağıq.

- Kimə qibtə etmişiniz ki, onun yaradıcılığı sizi daim özünə çəkib, ona bənzəmək istəmisiniz?

- Yaradıcılıq sarıdan kiməsə bənzəmək istəməmişəm. Özümü yazmışam. Yazılarımda özüm olmuşam. Öz dəsti-xəttim olub. Həmişə böyüklər haqqında deyil, dahilər haqqında düşünmüşəm. Atatürkə qibtə etmişəm.

- Ədəbiyyatımızın bu günü sizi yazar olaraq qane edirmi? Siz özünüzü ədəbiyyatımızın tanınmasında xidməti olacaq bir yazıçı kimi görürsünüzmü?

- Əslində, bu, fərqli bir məsələdir. Ədəbiyyat öz axarı ilə gedir. Bir misra, bir cümlə yazan özünü indi ədəbiyyat adamı hesab edir. Zaman bir ələkdir. Ələdikcə yaxşı və zəif ayrılır. Həqiqi ədəbi nümunə yaradanlar, ədəbiyyata “vicdanla xidmət” edənlər, zamanı üstələyənlər, əbədiyyət yaradanlar “ədəbiyyat meydanında” öz yerlərini tutacaqlar. Mənim yazdığım və yaratdığım millətimə, dövlətimə, vətənimə bir xidmətdir. Bu xidmətin dəyərini millətimiz qiymətləndirəcək. Şeirlərimin türk dünyasında oxunması və qəbul edilməsi mənim üçün fərəh doğurur. İnanıram ki, millətimə və vətənimə xidmətim vətənsevərlərin varlığında daim qərar tutacaq. Bir şeyi də deyim, mənim yazdıqlarım ancaq türkçülüklə bağlı olduğundan türk ləhcələrində sahmanlanır. Və heç bir əcnəbi dilə tərcümə edilmir. Mən bu vətənin sevdalısı, bu millətin aşiqiyəm. Mən bir sevda yolçusuyam. Milli ideyalarımı misraya çevirib şeirləşdirirəm. Xidmətim budur... Yolum millət yoludur.

Tarix
2017.02.14 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla