Yuxarı

Hər şey üçün ona borcluyam... - Şahnaz Şahin

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahnaz Şahin Sabirabadda yaşayır. İxtisasca həkimdir. Amma təkcə həkim kimi yox, şair kimi də tanınır. AYB-nin üzvüdür. Hələ sovet dönəmindən yazıları dərc olunur.

Şahnaz Şahinin Kult.az-a müsahibəsini təqdim edirik:

- Sizcə, ədəbi mühitdə vəziyyət necədir? Ədəbiyyatın qapısı açıqdır, hər gələn özünü orda görmək istəyir axı.

- Əvvəla, minnətdarlığımı qəbul edin məni yada saldığınız üçün. İndi elə bir dövrdə yaşayırıq ki, necə deyərlər, hərə odu öz qazanının altına çəkir. Yəni yada düşmək qədər qəlizdir yada salmaq. Qaldı sualınıza, gendən baxanda parlaq, rəngarəng bir aləm görünür, yaxınlaşanda isə mənzərə bir az dəyişir, sanki ortalıqda iri bir şikar var və hər gələn də bundan maksimum öz payını qoparmağa çalışır. Əlbəttə, həvəskarlar çoxdur, bu da olmalıdır, yəqin. Təki istedad olsun, amma bəzən iddia istedadı üstələyir, təəssüf ki… Rilkenin belə bir sözü var: “Əgər sən doğrudan da şair olmaq istəyirsənsə və doğrudan da yazıçısansa, bir müddət yazma, gör həqiqətənmi yazmaya bilmirsən? Görsən yazmaya bilmirsən, onda qayıt yaz”. Ədəbiyyatın onurğa sütununu qırılmağa qoymayan yazıçı və şairlər həmişə olub, bu gün də var.

- Sizə ilk olaraq bu sualla müraciət etməyimin səbəbi var. Bəzən sizin haqqın tapdanmır ki?

- Biz şairə, yazıçıya, əstəğfirullah, Allah kimi baxırdıq, elə bilirdik kürreyi-ərzi onlar daşıyır çiyinlərində. Onlarla görüş, ünsiyyət bayram olardı, sayca da heç çox deyildilər… Kitablarını son pulumuzu verib alardıq, onda ədəbiyyata gəlmək də belə asan deyildi axı…Gəlmişdisə, deməli, yazıçı idi, şair idi! Hərdən şeir göndərib baxmağı xahiş edənlər olur, umduqları isə tərif. İstedadı olan zəhmətkeş yazarlar çox zaman həya edir, reklamdan qaçır. Amma səhv edir, necə deyim, istedadlı hər zaman özünə şübhəli yanaşır, istedadsız isə özündən arxayın olur həmişə. Belə olanda əlbət ki, haqq tapdanır...

- Şahnaz xanım, siz həkimsiniz, şeirləriniz xəstələrinizin şəfa tapmasında köməyinizə çatırmı?

- Şeir və musiqi bir-birinə çox doğmadır, xəmiri bir yoğurulub. Biri digərini tamamlaya bilir. Baxın, insan nə zaman xəstələnir? O zaman ki, orqanizm kirlənir. Biz cismanı bədənlə yanaşı ruhi bədənə də sahib olduğumuzdan müalicəni birtərəfli aparmaq əsasən nəticəsiz qalır. Yalnız cismi müalicə etməklə məşğul olan həkimlər sonda əliboş qalır. Çünki səbəb ruhdadır. Dəyərli alimimiz Topçubaşov musiqi ilə müalicəni tətbiq edirdi. Musiqinin danışan dili isə əlbəttə ki, şeirdir, sözdür…Söz çox güclü təsir vasitəsi olduğu kimi müalicəvi xüsusiyyətə də malikdir.

- Bəs, oxucu kontingentiniz haqda nə deyə bilərsiniz, keçmiş xəstələriniz daimi oxucunuz ola bilirmi?

- Maraqlı həm də mübahisəli sualdır. Oxucu həmişə olub, bu gün də var, sadəcə, zamandan asılı olaraq, bir qədər az, bir qədər çox. Əsas məsələ yazarların bir-birinə münasibətidir. Bir dəfə müsahibəmdə toxunmuşam bu məsələyə. Yenə deyirəm, insanlar sevgi paylaşa bilmir, qısqanclıq, yersiz eqo mane olur. “Nizami” filmində ibrətamiz bir məqam var: Xaqani ilə Nizaminin görüş və ayrılıq səhnəsi… aralarındakı dialoq maraqlı məntiqlə bitir. “…sinəndə elə bir işıq gördüm ki, bu, yalnız Tanrıda olur” deyən Xaqaniyə Şeyx utancaqlıqla “Bu ki mədhdir…”, - söyləyir, cavabında “şair şairə mədh deməz…Paxıllıq, həsəd çürütdü içimizi..”, - deyə ürək ağrısıyla cavab verir.

- Şahnaz xanım, ədəbiyyatın dörd bir tərəfində xanım yazarlar görünməkdədir. Necə baxırsınız, onların əksəriyyəti 50 yaşdan sonra şeirə ürək veriblər, bəlkə, bir həkim olaraq sirrini biləsiniz?

- Belə hal təkcə xanımlar deyil, elə kişilər arasında da var, gəlin gender bərabərliyini qoruyaq (gülür). İzah etmək çətindir, bu Allahın işidir, nə bilmək olar, bəlkə, elə bu yaşda yadına salıb onu. Təki ortaya maraqlı ədəbi mətn qoya bilsin. Ümumiyyətlə, insan daxilində əbədi gənclik həsrəti daşıyır, axı, ruh qocalmır!

- Sözlərinizə mahnılar bəstələnib, başqa dillərə də tərcümə olunmusuz, əvvəlki sualımın təkrarı olmasın, heç düşünürsünüzmü ki, Bakıda yaşasaydınız, daha böyük uğurlar sizi izləyərdi?

- Nə gizlədim, fikrim həmişə şəhərdə qalıb, ruhumla oralıyam. Amma iş elə gətirib ki, rayonda yaşamalı olmuşam. Şəhər dəniz, okean kimidir, hey çalxanır, orda boğulmaq da olar, yenidən doğulmaq da… Şəhərdə daim qaynar ədəbi mühit var, əyalətdə nail olmaq çətin olur buna. Belə halda yəqin ki, itirdiklərim var. Bəlkə də bu bir qismətdir, bilmirəm. İndiyə kimi dörd kitabım nəşr olunub, heç birinə təqdimat etməmişəm, amma bu tənbəllikdən olmayıb, sadəcə, belə lazım idi.

- Hər kəs öz yaradıcılığının necəliyini gözəl bilir, sizcə, ədəbi mühitdə yeriniz ədəbiyyatımızın hansı yerindədir?

- Yazıları haqda dürüst duyum hər kəsdə olmur bəlkə də. İstedadlı həmişə özündən şübhəli, istedadsız arxayın olar. Mən yaradıcılığımda asan yol aramadım, elə ilk şeirlərimin birində də Tanrıya üz tutub:

“Tanrı, mənim xəmirimi,

Dəmdə yoğur, qəmdə bişir

Ürəyimdə qalan sözüm

Ürəyimi deşir... deşir...”, - deyə yalvarmışdım.

Çiy hesab etdiyim yazını ortaya çıxartmıram, özündən sonraya daşına biləcək SÖZ yaratmaq yazıçının xoşbəxtliyidir. Qaldı ədəbiyyatda yer məsələsinə, yadıma bir məsəl düşdü, bir möminə sual verirlər ki, siz ki bu qədər ibadət edirsiniz, günah işlərdən uzaq dolanırsınız, yəqin, yeriniz cənnətin ən layiqli yerində olacaq. Cavabında söyləyir ki, kaş Allah mənə lap cəhənnəmin qapısı ağzında bir yer versin, təki versin, məni qəbul eləsin.

- Özünüzü xoşbəxt yazar hesab edirsinizmi?

- Həyatda hər şey nisbi və keçicidir, elə xoşbəxtlik hissi də. Hər şey üçün yaradana borcluyam, mən onu vəsf edirəm bütün şeirlərimdə, ondan halalıq alıb əlimə kağız və qələm götürürəm. Edə bilmədiyim işlər var ki, narahatam bundan, uğurlara aparan yol burdan keçir.

- Ümumiyyətlə, bir qələm adamı olaraq, ədəbiyyatımız haqda nə düşünürsünüz?

- Ədəbiyyatda da şou xarakteri hiss olunur hələ, reklamın, tanıtımın böyük rolu var. Kimin ki, reklamı var, o, irəli çəkilir, yada düşür. Qabil tanınmayan yaxşı şairləri “reklamı getməyən şair” adlandırırmış. Bu gün dəstəbazlıq, yerlibazlıq öz oyunlarını diktə edir. Ölkədə yazarların çap oluna biləcəyi saytlar çoxdur, ədəbi jurnal və qəzetlər də öz yerində. Mən elə bilməyin ki, öz günümə ağlayıram, yox, əgər əyalətdə yaşayan yazar ildə, ayda bir dəfə çap olunursa, onun imzası necə tanına bilər? Amma onu da deyim ki, sanballı əsərlər də yaranır bu gün, ta o durğunluq dövrü sona yetib artıq.

- Doğrudanmı balıq dəryada böyüyər? Siz şəhər mühitində olsaydınız, bunun fərqi nə ola bilərdi?

- Yerində deyilmiş ifadədir. Quruya düşən bitki toxumları çətin cücərir. Ətrafında yaradıcı mühitin olması vacibdir, görüşlər, aparılan diskussiyalar səmərəsiz olmur. Şəhər bu baxımdan daha məqsədəuyğundur. Amma əgər istedadın yoxdursa, hər iki şəraitdə uğur qazanmaq çətindir. Söz adamı müşahidəçi olmalı, çoxlu mütaliə etməlidir. Bu yaxınlarda şəhərdə olduğum bir neçə gündən səmərəli faydalandım, görüşlərim oldu, xeyli iş görə bildim ki, bu da düşünürəm bəhrəsini verəcək.

Tarix
2017.02.17 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla