Yuxarı

Osmanlı sultanı Şahın aşığını buna görə bağışladı - Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərindən olan Aşıq İsa Təbrizli redaksiyamızın qonağı oldu və aşıq sənəti ilə bağlı fikirlərini bölüşdü.

Aşıq İsa Təbrizlinin Kult.az-a müsahibəsini təqdim edirik:

- Əvvəlcə özünüz haqda oxuculara məlumat verərdiniz.

- Əslimiz Təbrizin Qaraxanlı tayfasından olub. Soyadım Qaraxanlıdır. Bakı ilə əlaqələrim 19 il bundan əvvələ dayanır. 3 kitabın müəllifiyəm. Bütün aşıq janrlarında - divan, qoşma, gəraylı, təcnis və s. yazıram. Burada 7 il Folklor İnstitutunda aşıq mühiti ilə bağlı işləmişəm. Aşıq sənətinə olan heyranlığımdan dolayı bütün aşıq mühitlərinə maraq göstərib, onların incəliklərinə bələd olmuşam.

- Aşıq səhnədə, məclisdə 3 komponenti özündə birləşdirməlidir: Rəqs, ifa və aktyorluq bacarığı.

- Bəli. Aşıq həm aktyor, həm tamada, həm də rəqqas olmalı və bunların hamısını sənətində birləşdirməldir. Bunlardan biri yoxdursa, demək aşığın kəsri var, hələ öyrənməlidir. Mən bu sadalananların hamısını öz sənətimdə birləşdirmişəm. Aşıqlıqla yanaşı, aktyorluq sənəti ilə də məşğulam. Ümumilikdə 14 filmdə rol almışam, onun 4-ü burada olub. “Koroğlu”, “Şah İsmayıl Xətai”, “Cavad xan”, “Yəhya bəy” filmlərində aşıq rollarında çıxış etmişəm. Hazırda “Səttarxan”ın həm kinosu çəkilir, həm tamaşası hazırlanır. Oktyabrın 15-i filmin çəkilişlərində aşıq rolunu oynamaq üçün Türkiyəyə gedəcəyəm.

- Əvvəllər saraylarda şairlərlə yanaşı aşıqlar da olub. Hökmdarlar şeirlərlə öz ideyalarını təbliğ edə bilirdi. Bəs, aşıqların saraylarda olması hansı zərurətdən doğurdu?

- O dövrlərdə aşıqlar və dərvişlər yaxşı təbliğat apara bilirdilər. El aşıqları eldən-elə, obadan-obaya gedirdi. Götürək elə Koroğlunun Aşıq Cünununu. Dünyada nə xəbər olurdusa, Aşıq Cünun onu bilirdi. Hara olurdusa, Aşıq Cünun gedirdi. Bir qasid kimi xəbər aparıb, xəbər gətirirdi. Bəlkə də Aşıq Cünun olmasaydı, Koroğlu bu qədər ad qazanmazdı. Şah İsmayıl Xətaidə isə Dədə Qurbani idi. Aşıq Qurbani onun sarayında olub. Hətta ona havalar bəstələyib. O dövrdə Osmanlı ilə iranlıların cəngi düşəndə həmin aşıq da əsir düşür. Qurbaninin Şah İsmayıl üçün bəstələdiyi bir hava var idi: “Divani”. Osmanlı sultanına çatdırılır ki, əsirlərin içində Şah İsmayılın aşığı var. Sultan aşığın yanına gəlib deyir ki, səni azad edəcəm, bir şərtlə ki, Şah İsmayıla bəstələdiyin havanın birini də mənə bəstələyəcəksən. Həmin havaya “Osmanlı divanəsi” deyilir.

- Sənətin istənilən sahəsində – istər ədəbiyyatda, istər rəssamlıqda kimdənsə təsirlənərək yaradıcılığa başlanılır. Siz kimi özünüzə ustad hesab edirsiniz və onun sizin yaradıcılığınıza nə dərəcədə təsiri olub?

- Mən hələ də özümü tələbə hesab edirəm, baxmayaraq ki, bütün aşıq mühitini bilirəm. Mənim ustadım Aşıq Vüqar, onun atası Aşıq Mahmud Ələsgəroğlu olub. Aşıq Mahmud sıradan aşıq olmayıb, onun havalarını hələ də toylarda istifadə edirəm. Mən Aşıq Vüqarın evindən çıxmamışam – atasından nə öyrənib, əl yazılarını, şeirlərini onlardan öyrənmişəm. Şirvanın bütün sayılıb-seçilən ustad sənətkarlarını bir yerə toplayaraq onlardan Şirvan havalarını öyrənmişəm. İndi institutda Aşıq Əhliman bizə dərs deyir, bilmədiyim məqamları ondan öyrənirəm.

Təbrizdə Aşıq Hacı adlı bir ustadım var idi. O, mənim dastan ustadım idi. Deyərdi ki, saz çömçədir, söz isə dərya. Nə qədər bacarığın var, bu çömçə ilə dəryadan su götür. Aşıq sənəti qəlizdir, onu ömrünün sonuna qədər öyrənməlisən. Bu sənətin tarixi çox qədimdir. Bu sənət ölməzdir, yaşayacaq. Sadəcə yerlər, mühitlər bir qədər aşıq sənətinə təsir edir. Elə yerlər var ki, aşıq sənəti orada nisbətən unudulub. Təbrizdə Bakıya nisbətən daha canlıdır aşıq mühiti.

- Ola bilərmi ki, Bakıya Avropa, Latın Amerikası musiqisi daha çox ayaq açıb deyə, alternativlər çoxalıb, aşıq musiqisi zəifləyib?

- Əlbəttə, səbəb biganə musiqilərin hücumudur. Amma həmin musiqilər bu gün gəlir, gəldiyi kimi də gedir. İndi problem toylardadır, çünki saza elə də yer verilmir. Amma kanallarda artıq lazımı diqqət göstərilir. Bir saz bir orkestra bərabərdir. Lakin insanlar aşıq sənətinə laqeyddir. Əslində, burada da bütün günahları camaatda görmürəm, müəyyən qədər aşıqların da günahı var. Bir aşıq kimi sözün yoxdursa, camaatın da marağı olmaz. Toylarda avropasayağı mahnılara olan tələbat aşıq sənətinə olan marağı azaldan səbəblərdən biridir. Amma bütün səbəbləri onun üzərinə yıxmaq olmaz.

- Azərbaycanda aşıq sənətinin getdikcə söndüyünü qeyd etdiniz. Bəs, Aşıqlar Birliyinin fəaliyyəti nədən ibarətdir?

- Mən özüm də Aşıqlar Birliyinin fəxri üzvüyəm. Əgər bu gün aşıq sənəti hələ də yaşayırsa, bunu Aşıqlar Birliyinə borcluyuq. Birliyin rəhbəri Məhərrəm Qasımlının gördüyü işlər bu dəqiqə göz önündədir. Həm aşıq sənəti üçün televiziyada veriliş ayırıb, həm dastan vaxtları qoyub. Həftədə bir dəfə çəkilişlər gedir. Birliyin bu yöndə fəaliyyəti çox yaxşıdır. Amma insanların toyda aşıq sənətinə verdiyi qiymətə təəssüf edirəm. İranda aşıq sənətinə insanların verdiyi dəyər daha böyükdür.

- Siz Təbriz aşıq mühitinin nümayəndəsi olsanız da, Şirvan aşıq məktəbinin sənətkar aşığını özünüzə ustad hesab edirsiniz...

- Təbriz aşıq mühiti ilə Şirvan aşıq mühiti çox yaxındır. Şirvanda da saz, balaban, qaval gedir, İranda da. Düzdür, indi Şirvanda bəzi dəyişikliklər olub: nağara, qoşa nağara, bəzən qarmon. Amma sırf o köhnə yoldan danışsaq, bu saat Təbrizdə saz, balaban qalmaqdadır. Ona görə bu iki mühit bir-birinə çox yaxındır. Şirvan və Cənubi Azərbaycan aşıq mühitləri haqqında AzTV-də bizdən sənədli film çəkildi. Orada Şirvan aşıq məktəbinin nümayəndəsi Aşıq Vüqar Mahmudoğlu ilə Şirvan və Təbriz aşıq mühiti, bu iki mühitin bir-birinə yaxınlığı haqqında danışdıq, bu yaxınlığın səbəblərinə nişan verdik. Təbii ki, hər mühitdən ustadlarım var, amma nədənsə Şirvan aşıq mühitinə daha çox bağlı olmuşam. Elə bir məclis yoxdur ki, orada Şirvan aşıq havalarına müraciət eləməyim, xüsusən də Peşrovlu aşıq havaları.

- Sizcə, Şirvan və Təbriz aşıq mühitinin bu qədər yaxınlığının səbəbi nədir? Şirvan aşıq məktəblərinin şərq qolu, Təbriz isə cənub qoludur...

- Mən bu bənzərliyi ruha bağlayıram. Zənnimcə, ruhları çox yaxındır. Şirvanda da ritm var, Təbrizdə də. Bizdə bir az fərqliliklər var. Bizim sazımız ifa məqamında Şirvan aşıqlarının sazından fərqlənir. Şirvanda saza o qədər də üstünlük verilməyib. Onların ifasına diqqət yetirsək, muğamla yaxınlığının şahidi olarıq. Güney Azərbaycanda isə bu nöqteyi nəzərdən fərq çoxdur. Bütün mühit və 72 adda aşıq havası var, bir-birlərinə qohumluqlarını göstərirlər. Elə havalar var ki, adları fərqlidir: Şirvanda bir cür, Təbrizdə başqa cür adlanır. Amma dinləyəndə onların əmioğlu-əmiqızı olduğunu görürük.

- Hər mühitin özünəxas xüsusiyyətləri var. Siz Təbrizdənsiniz, ustadınız Şirvan aşıq mühitindən, tələbəniz isə Qərb aşıq məktəbinin – Tovuzun nümayəndəsi. Şagirdinizə hansı məktəbin – Şirvan, Təbriz, ya Tovuzun təsiri daha çoxdur?

- Kəndlə kəndin belə ləhcəsində fərqlər var. Burda “stol”, bizdə “miz” deyirlər. Amma mahiyyət etibarı ilə hamısı eynidir. Kökümüz, ruhumuz və havacatlarımız eynidir. Sadəcə, bir az dəyişikliklər olub. Mənim təbrizli aşıq yoldaşlarımın hansına desəniz Şirvan, Borçalı, Qazax, Tovuz havasını ifa elə - bütün aşıq mühitlərindən çox da bilməsələr də, məlumatlıdırlar. Amma burda mənfi cəhətdən biri də odur ki, hər bir aşıq yalnız öz zonasının havacatlarına bələd olur. Məsələn, Şirvan aşığı qulağının dibindəki Tovuz aşıq mühitindən bir dənə də olsun hava bilmir, məlumatı yoxdur. Borçalı aşığını güllələ ki, Şirvandan bir hava oxu, eləyə bilmirlər, o mühitdən kənara çıxa bilmirlər. Amma cənubda tək Təbrizlə kifayətlənilmir. Məclislərdə aşıqdan muğam, Şirvan, Borçalı, Qazax havalarını istəyirlər. Ona görə Cənubi Azərbaycandakı aşıqlar dastanı da bilirlər. Aşıq bilməlidir ki, Kərəm bağda Əsli ilə rastlaşarkən, yaxud Abbas quyudan çıxandan sonra quyuçuya nə dedi. Aşıq var ki, bilmir, zarafat edir, deyir, mən orada deyildim ki. Belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün bəzən çıraq işığına şeir əzbərləmişəm ki, sabah dastan deyəcəm.

- Güneydə aşıqlardan dastan tələb edildiyini qeyd etdiniz. Burada isə azı 10-15 ildir dastan ənənəsi yığışdırılıb. Burada getdiyiniz hansısa bir toyda sizdən dastan tələb olunubmu?

- Yox. Ancaq xudmani yerlərdə, iki-üç nəfər yığışanda keçmiş günləri arzu edirlər. Məndən öncə ustadım deyirdi ki, biz bir toya yeddi gün, yeddi gecə gedirdik, elə toylar olurdu 10 gün çəkirdi. Gərək aşığın doyunca söz ehtiyatı ola ki, çətinliklə qarşılaşmasın. Elə aşıqlar var ki, 50 şeir əzbərləyir. Çevir tatı, vur tatı edib, eyni havanı, eyni sözləri nə qədər oxumaq olar? Aşıqlar günahkardır ki, öz sənətini dinləyiciyə çatdıra bilmir. Digər tərəflərdən isə insanların o çılpaq musiqilərə meyllənməsidir. Məsələn, sənin kökündə aşıq qanı var. Türkçülük sənin genində, qanındadır, ona görə də bu sənətə səndə həmişə maraq olacaq, amma ananda olan istək bir qədər çoxdur, səndən sonrakında isə daha az. Bəlkə də bir gün gələcək ki, aşıq sənətinə olan meyl və maraq 10-15 faiz təşkil edəcək.

- Aşıqlar deyişmələri ilə yadda qalırlar. Qafiyəyə dayanan şeirlərlə olan deyişmələrlə müqayisədə qıfılbəndli deyişmələr daha böyük maraq doğurur. Siz yaradıcılığınızda qıfılbəndə yer ayırmısınızmı?

- Özüm qıfılbənd də yazmışam. Amma indi o aşıqlar yoxdur. Çətin eşidərsiniz ki, filan yerdə iki aşıq deyişib. İndi düetlər var. Aşığın biri deyir ki, gəl eyni qafiyədə bir söz götürək, o da hansısa ustad aşıqların deyişməsini. Əvvəllər ustad aşıqlar deyərdi ki, 7 gün sən yerdən deyəcəksən, 7 gün mən göydən cavab verəcəm. Aşıq qıfılbəndi deyib, deyirdi ki, cavabını aç, biçin vaxtınacan zaman verirəm, get kimdən soruşursan, soruş. Sözünə cavab versə, sazını qaytarırdı, tapmadısa, bağlayıb sazını alardı. İndi bu, yoxdur.

- Hazırda neçə şagirdiniz var?

- Şagirdlərim çoxdur, burda da var, amma Təbrizdə daha çoxdur. Özümlə toylara aparıram. Ustad-şagird ənənəsi var. Şagirdə ustadının nəfəsi belə dəysə, təsiri olur. Ustad şagirdini yanında toylara aparmalıdır, on il, on beş il yanında hərləməli, səhnələrə çıxarmalıdır. Belə-belə görürsən ki, şagird ustaddan daha çox bilir.

- İndiki aşıqlara münasibətiniz...

- İndi hər saz çalan özünü aşıq hesab edir. Baxırsan gözəl barmaqları var, sazda çox yaxşı ifa edir, özünü aşıq adlandırır. Amma saz çalmaq aşıq olmaq deyil. Bu, sənət çox çətindir, onun hər janrına bələd olmaq lazımdır. Əlinə saz götürüb, bir-iki toya getməklə özünü aşıq adlandırmaq doğru deyil. Aşıq dastanı, havaları bilməlidir. Saz çalmaq isə ayrı şeydir. Mən heç indi də özümü aşıq adlandırmağa qorxuram.

Tarix
2017.10.06 / 08:30
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla