Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova parlaq şəxsiyyəti, misilsiz istedadına və qeyri-adi xarici gözəlliyinə görə bu gün də sevilir.

Axar.az xatırladır ki, Fatma Abbas qızı Rzayeva 1893-cü il, fevralın 26-da Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olub. O dövrdə Cənubi Azərbaycandakı ağır həyat şəraitinə məhkum olunmuş həmvətənlərimiz acından ölməmək üçün Şimali Azərbaycana, Rusiyanın müxtəlif şəhərlərinə qazanc dalınca gedirdilər. Bu baxımdan Fatma xanımın uşaqlığı çox çətin keçib. O, uşaqlıq illərindən musiqi istedadına, səsinə və gözəl rəqs etməsinə görə sevilirdi. Atasının ölümündən sonra onun atalığı Səttar Muxtarov öz nəğmə və rəqsləri ilə insanları cəlb edərək qəpik-quruş qazanan qızı tez-tez qazanc dalınca göndərir. Belə hallarda gənc Fatma qatarda gizlənərək bir sıra şəhərləri gəzir. Bir qədər pul toplayaraq özünə şarmanka – "katerinka" alır. Elə məhz buna görə də şarmançı Fatma Muxtarovanı Katya Muxtarova çağırmağa başlayırlar.

Məni öyrətməkdən imtina etdilər...

İfaçılığa böyük həvəslə yanaşan Fatma musiqi təhsili almaq üçün konservatoriyaya müraciət edir, lakin gözlədiyi cavab gəlmir. O, həmin günləri sonralar belə xatırlayırdı:

"Saratov konservatoriyasının bütün professorları, mənim yeddi notdan ibarət şaxta və istidə oxumaqdan xırıldayan səsimdən bir şey çıxmayacağını deyərək, məni öyrətməkdən imtina etdilər".

Təkcə professor M.Medvedyev qızla məşğul olmağı və nəticəni bir aydan sonra aydınlaşdırmağı qərara alır. Möcüzə elə göz qabağında baş verir, təbiətən istedadlı olan qız heyrətləndirici uğurlar əldə edir, hər iki gündən bir diapazonda növbəti not meydana gəlir.

Konservatoriyanın tələbəsi olduğu müddətdə Fatma Muxtarova konservatoriyadan qovulmaq təhlükəsi altında qazanc dalınca qastrollara gedirdi. "Kaspi" qəzetinin 21 iyun 1913-cü il tarixli sayında belə bir xəbər yayımlanır:

"Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetlərinin yazdıqlarına görə, onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək".

Bir neçə gündən sonra "Kaspi" qəzetində yenə bir elan verilir:

"Məşhur müğənni Katya (Fatma xanım) Muxtarova yenə bir konsert verəcək (kontralto)".

Tağıyev Fatma xanıma niyə kömək etmədi?

Maddi çətinliklər yaşayan Fatma Muxtarovanın konsertinə Müslüm Maqomayev və Hüseynqulu Sarabski kimi şəxsiyyətlər diqqət yetirir və gənc müğənninin ağır vəziyyəti barədə xəbər tutaraq ona kömək edirlər. Hələ onda müğənninin istedadını duyan Hüseynqulu Sarabski bu işdə çox canfəşanlıq edir. Fatma Muxtarovanı H.Z.Tağıyevin bağına gətirir və o bağda Tağıyev üçün bir neçə mahnı oxuyur.

Şövkət Məmmədovanın İtaliyada təhsil alması üçün əvvəlcə təqaüd ayıran, sonralar isə kəskin tənqidlərə görə yardımını kəsməyə məcbur olan Tağıyev Fatma xanıma yardım göstərməkdən imtina edir. Belə olan halda H.Sarabski digər Bakı mesenatına – Murtuza Muxtarova müraciət etməyi qərara alır. F.Muxtarova Bakı milyonçusu və onun xanımı Liza ilə tanış olur. Öz xalqına yardım göstərən səxavətli insan kimi tanınan M.Muxtarov Fatma xanımın təhsilini davam etdirməsi üçün hər ay Saratova təqaüd göndərməyi öhdəsinə götürür.

Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında yazır ki, M.Muxtarov Katya Muxtarovanı qızlığa götürür. Lakin onun nəvəsi bu faktı inkar edərək, söhbətin M.Muxtarovun istedadlı aktrisaya hamiliyindən getdiyini deyir.

Yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi

H.Z.Tağıyevdən fərqli olaraq, M.Muxtarov bu məsələdə daha davamiyyətli olur və müntəzəm olaraq Saratova təqaüd göndərir. F.Muxtarova Saratov konservatoriyasını müvəffəqiyyətlə bitirərək Moskvaya köçür, orada o, ərinin qohumlarının köməyi və məsləhəti ilə məşhur rus müğənnisi Şalyapinlə görüşmək imkanı əldə edir. Fatma xanımın yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi baş rolda Şalyapinin çıxış edəcəyi, V.Serovun "Yudif" operasında ona Oloferni partiyasını ifa etməyi tapşıranda baş verdi. Bu, Fatmanın peşəkar müğənni kimi opera səhnəsində ilk çıxışı idi.

O, həlledici anda öz performansı ilə tamaşanın bütün iştirakçılarının diqqətini cəlb edir. Bu tamaşadan sonra Fatma xanım Rusiya və Qərbi Avropa operalarında müxtəlif partiyaları ifa edərək, 1917-ci ilə qədər teatrda işləyir.

Tembrinə görə çox xoşagələn, eyni zamanda qüvvətli metso-soprano səsin sahibi Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan "Qaratoxmaq qadın" operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun partiyası, "Çereviçki" operasından Saloxanın partiyası, "Qar qızı" operasından Baharın partiyası, "Faust" operasından Zibelin partiyasını qeyd etmək olar. Ancaq müğənninin yaradıcılığında Azərbaycan tarixinə daxil olan "Karmen" obrazı xüsusi yer tutur.

Dünyanın ən gözəl Karmeni

1923-cü ildə Bakıya gələn rus rəssamı Brodski opera teatrında J.Bizenin "Karmen" tamaşasında iştirak edir. Karmen rolunu Muxtarovanın ifasında dinləyir və Fatma Muxtarovanı dünyanın ən gözəl Karmeni adlandırır.

Karmen rolu Fatma xanımı əlçatmaz yüksəkliyə qaldırır. Xanım sənətçinin tərəf-müqabili Ağababa Bünyadzadə öz xatirələrində bununla bağlı yazırdı:

"Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu ifaçılarını görmüşəm. Lakin onun yaratdığı obraz mənim ürəyimdə əbədi iz qoyub gedib. Bütün varlığı ilə səhnədə oynayan F.Muxtarova qəhrəmanın daxili aləmini açırdı. Onun baxışları həmişə dediyi sözlərlə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi".

Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında "Karmen"i Azərbaycan dilində oxuyan yeganə şəxs idi. Bu tamaşada olan məşhur Azərbaycan bəstəkarı Qara Qarayev "Karmenin" (Fatma Muxtarovanın) vokal və səhnə ustalığını yüksək qiymətləndirmişdi.

Sen-Sansın "Samson və Dalila" operasında Dalila obrazını yüksək ustalıqla yaradan Fatma Muxtarova haqda gürcü rejissoru İ.Kvaliaşvili öz xatirələrində yazırdı: "Sen-Sansın "Samson və Dalila" operası bizim opera səhnəmizdə həddən az qoyulurdu. Yəqin ki, buna səbəb Dalila rolunun ləyaqətli ifaçısının olmaması idi. Fatma Muxtarova sanki bu rol üçün yaranıb. Onun insanı heyran edən ahəngdar səsi, gözəl xarici görkəmi sanki ona təbiət tərəfindən bu rolu ifa etmək üçün bəxş edilib".

Həyatının son illəri...

Opera sahəsində böyük uğurlar qazanan Fatma xanım 1928-ci ildə Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi fərqli obrazlar yaradaraq, 1953-cü ilə qədər dövlət opera teatrında işləyir. Sonralar Muxtarova bir çox mükafatlara, o cümlədən, Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülür. Nəvəsi Svetlana Kuroçkinanın sözlərinə görə, Fatma xanım ömrünün son günlərinə qədər öz dostlarını – Müslüm Maqomayevi, Hüseynqulu Sarabskini və ən ağır günlərində onun köməyinə gələn Murtuza Muxtarovu tez-tez xatırlayırdı.

Fatma xanın ömrünün sonlarında evdən bayıra çıxmırdı. "İstəmirəm qocalığımı görsünlər. İstəyirəm, məni həmişə gözəl Fatma kimi xatırlasınlar", - deyirdi... İllər keçsə də, Azərbaycan tamaşaçısı öz Karmeninin – Fatma xanımın arzusunu yerinə yetirir, onu daim gözəl Fatma kimi yada salır.

Korifey sənətkar Fatma xanım Muxtarova 1972-ci il, oktyabrın 19-da vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

Tarix
2015.11.01 / 08:37
Müəllif
Nigar An
Şərhlər
loading...
Digər xəbərlər

Bir zamanlar Təbrizdə: Banunun “Göy gözü” - Video

“Oyna, oyna”nın qəhrəmanı Bakıda: Faiq Ağayevlə... – Foto

Barış Mançonun son görüntüsü ortaya çıxdı - Foto

Azərbaycan modeli Cenevrədə müzakirə edildi – Foto

Avroviziya təmsilçimiz məlum oldu

Leyla Əliyeva Tofiq Quliyevin yubiley gecəsində - Foto

Dahi bəstəkarlarımızın əsərləri Kaliforniyada - Video

Bir zamanlar Təbrizdə ... – “Falçı qardaş”

İsfar Sarabski Reymsi valeh etdi - Foto

Rəşid Behbudova dediyi sözə görə şok oldum - Axar TV

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla