Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 May 2018


Mərkəzi Klinik Gəncə Xəstəxanasında nə baş verir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk günlər uşaqda heç bir problem müşahidə etmirdik. İki dəfə də həkim müayinəsində olmuşduq. Həkim bizə heç nə deməmişdi".

Bu sözlər Axar.az-a Gəncə şəhərindən daxil olan şikayət məktubunda yer alıb. Məktubda deyilir ki, martın 10-da Gəncə sakini Məftunə Xudiyevanın Mərkəzi Klinika Gəncə Xəstəxanasında doğuşu həyata keçirilib. Əvvəlcədən 700 manat ödənilərək normal doğuş nəzərdə tutulsa da, doğuşun gecikməsi və ananın təzyiqinin yüksək olması qeysəriyyə əməliyyatını zərurətə çevirib. Bu səbəblə xəstəxanaya əlavə ödəniş edilib və ailənin xərci 1000 manata qalxıb. Lakin bu məbləğə reallaşan doğuşun nəticəsi də ailəni əlavə problemlərdən sığortalamayıb və keyfiyyət göstəriciləri ilə öyünən xəstəxananın heç də digərlərindən üstün olmadığı üzə çıxıb.

Məlumatda bildirilir ki, hamiləliyə xəstəxananın ginekoloqu Adilə Abbasova nəzarət edib. Həmin müddətdə hər hansı ciddi problem yaşanmayıb. Lakin doğuşun gecikməsi və ananın təzyiqinin yüksəlməsi ailənin narahatlığını artırıb. Növbəti dəfə müraciət edərkən həkim–ginekoloq qeysəriyyə əməliyyatına qərar verib. Ailənin sözlərinə görə, sonradan baş verənlər də göstərib ki, həkim doğru qərar verib: "Ananın təzyiqini sabitləşdirmək mümkün olmurdu. Bütün müdaxilələrə baxmayaraq M.Xudiyevanın zülal səviyyəsi də qalxmışdı. Əməliyyatı cərrah Aydın həkim reallaşdırdı. Uşağın ağciyərlərinin açılması da xeyli vaxt aparıb. Bizə təqdim olunan video görüntülərdən də görünür ki, uşaq xeyli müddət ağlamayıb. Orada bizə uşağın maye udduğunu, ananın suyunun isə kifayət qədər çirkli olduğunu dedilər. Bir sözlə, nəzərdə tutulan 3 günün tamamında "hər şey yaxşı qurtardı" deyib, sevincək xəstəxanadan çıxdıq".

Gecikən diaqnoz

Lakin ailənin sevinci uzun çəkməyib: "İlk günlər uşaqda heç bir problem müşahidə etmirdik. İki dəfə də həkim müayinəsində olmuşduq. Həkim bizə heç nə deməmişdi".

M.Xudiyevanın sözlərinə görə, doğuşda uşaq həkimi Mina Qocayeva iştirak edib. Ancaq nədənsə, uşağı həmişə Sevda Əsgərova müayinə edib: "Xəstəxanada 2 uşaq həkimi var. Mənimlə bərabər başqa 2 ana da vardı. Yəni 3 yeni doğulmuş uşağı S.Əsgərova müayinə edirdi. Başqa sözlə, S.Əsgərova digər həkim həmkarına imkan vermir. Mənim uşağımı da həmişə S.Əsgərova müayinə edib. Xəstəxanadan çıxandan sonra 2 dəfə - martın 15-də, və 19-da uşağımla birgə məhz onun qəbulunda olmuşuq".

Ananın sözlərinə görə, martın 21-i gecədən başlayaraq uşaqdan bəlğəm gəlməyə başlayıb. Sonradan vəziyyət daha da ağırlaşıb, hətta uşaqda boğulmalar müşahidə edilib. Bu dəfə uşağı qohum həkim müayinə edib və ağır dərəcəli pnevmoniya diaqnozu qoyub.

M.Xudiyevanın sözlərinə görə, uşağının həyatının təhlükədə olması səbəbindən səhvə yol verib: "Mənim səhvim onda oldu ki, zəng edib telefonla məlumat aldım. Oradan elə qiymətlər oxudular ki, dilim-damağım qurudu. Düşündüm ki, həmin qiymətlərin altından qalxa bilməyəcəm. Halbuki "Xəstəxananın yaratdığı, ya da vaxtında üzə çıxarmadığı problemdir", - deyib qapısına dirənməli və onlarla mübarizəyə elə o andan başlamalıydım. Lakin ilk övladım olduğundan nə edəcəyimi bilmədim. Qalıb müalicə almaq bir yana, hətta uşağa ilkin yardım göstərilməsi və onun Bakıya göndərilməsi üçün mənə elə qiymətlər oxudular ki, ora getməklə vaxt itirmək istəmədim. Məncə, deyilən həmin qiymətlər sağlamlığa yox, xəstəxananın xidmətindən istifadə edənləri uzaqlaşdırmağa xidmət edir".

Çatışmayan oksigen

Çarəsiz ana Azərbaycanın ən böyük şəhərlərindən birində ən böyük uşaq xəstəxanalarının qapısını döyüb. 2 saylı Gəncə Uşaq Klinik Xəstəxanasında aldiği cavab həyəcanlı ailənin ümidsizliyini daha da artırıb. Xəstəxana qapısına gələn çarəsiz ailəyə oksigen olmadığı bildirilib.

Qeyd edək ki, regionların əksəriyyətində bu problem özünü göstərir. Bir sıra uşaq ölümü faktlarında xəstəxanalarda məhz oksigenin olmaması problemi mətbuatda dəfələrlə hallanıb. Hər dəfə də ənənəvi olaraq, xəstəxanalar bu faktı təkzib edib. M.Xudiyeva da eyni situasiya ilə qarşılaşıb. Xəstəxanaya müraciəti zamanı məlum olub ki, klinik tibb ocağında uşağı müvəqqəti vəziyyətdən çıxartmaq üçün də şərait yoxdur: "Axır ki, başqa bir özəl xəstəxananın xidmətlərindən istifadə etdim və sonradan öz imkanlarım hesabına uşağımı Bakıya çatdırdım. Elmi Tədqiqat Pediatriya İnstitutunda reanimasiyada intensiv müalicə aldıqdan sonra əlavə 1000 manat xərc çəkməklə uşağımı yenidən qucağıma aldım".

İndi ailə üçün də maraqlıdır ki, xəstəxananın kadr heyəti və müasir avadanlıqları yeni doğulan uşaqda mövcud olan problemi niyə vaxtında üzə çıxarmayıb? Onların sözlərinə görə, uşağı müayinə edən bütün həkimlər problemin bir neçə gün deyil, doğuşdan meydana gəldiyini söyləyib: "Hətta həkimlərdən biri doğuş zamanı çirkli su udması və pnevmoniyanın buradan qaynaqlanması ehtimalını da qeyd etdi. Həmin vaxt başa düşdüm ki, uşağım pnevmoniyaya məhz xəstəxanada tutulub".

Odur ki, başına gələnlərdən "Mərkəzi Klinika" Gəncə Xəstəxanasını sorumlu bilən ailə həkimin kəskinləşmiş formada olan pnevmoniyanı mart ayının 19-da da müəyyən etməməsinin səbəbi ilə maraqlanıb. Lakin bu səbəb hətta Mərkəzi Klinika MMC-nin Rəhbərliyinin elektron poçtuna ünvanladığımız sorğuya göndərilən cavabdan sonra da qaranlıq olaraq qalır.

Etiraf və inkar

Xəstəxanadan göndərilən cavabda etiraf edilir ki, yeni doğulmuş uşaq 2 dəfə həkim-pediatr kontrolunda olub. Uşağın həyat göstəriciləri normal olub və çəki artımı qeyd edilib: "10.03. 2014- cü il tarixində Mərkəzi Klinika Sağlamlıq Qurumu Gəncə Xəstəxanasında Xudiyeva Məftunə Turman qızı hamiləliyin 41 həftəsində normal doğuş üçün müraciət edib. Lakin doğuş fəaliyyətinin zəif olması və ananın arterial təzyiqinin yüksəlməsi səbəbilə tibbi göstərişə uygun olaraq Məftunə Xudiyeva üzərində qeysəriyyə əməliyyatı icra olunub. Yeni doğulmuş uşaq Apqar şkalası üzrə 7/8 balla qiymətləndirilib. Xəstəxanada yatış müddətində (3 sutka) yeni doğulmuş uşaq normal rejimdə pediatr təqibində olmuş, peyvəndləri müvafiq qaydada icra olunmuş və 13.03.2014-cü il tarixində praktik sağlam olaraq evə yazılıb. Evdə uşaq aktiv olmuş və normal qidalanıb. Körpə həyatının 5-ci sutkasında MKSQ Gəncə Xəstəxanasında həkim-pediatrın kontrol müayinəsində olmuş və heç bir patologiya aşkarlanmayıb. Həyatının 9-cu sutkasında (19.03.2014 tarixində) yenidoğulmuş Dr. S. Mustafayeva tərəfindən təkrar kontrol müayinə olunmuş, çəkisində 200 qr. artım olduğu və heç bir patologiya aşkarlanmadığı qeyd edilib. Kontrol müayinələr zamanı həkim tərəfindən anaya yenidoğulmuşa qulluq və qidalandırılma haqda tövsiyyələr verilib. Ananın dediyinə əsasən həyatının 10-cu sutkasından yenidoğulmuşda burun axmaları qeyd edilib, ertəsi gündən xışıltılı tənəffüs artmağa başlayıb. 22.03.2014-cü il tarixində yenidoğulmuş qohum pediatr tərəfindən müayinə olunub və "Pnevmoniya" diaqnozu qoyulub".

Cavab məktubunda xidmətlərin tamamilə tibbi təyinatlar çərçivəsində aparıldığı, müalicə həkimi tərəfindən hər hansı tibbi səhvə, səhlənkarlığa yol verilmədiyi bildirilir.

M.Xudiyeva isə iddia edir ki, xəstəxanada S.Əsgərovaya qarşı xüsusi münasibət var. Onun Gəncə Xəstəxanasına Bakıdan gəldiyi deyilir. S.Əgərova bütün xəstələri özü müayinə edir. Mən xəstəxanada olarkən 3 yenidoğulmuşun hamısını S.Əsgərovaya yazmışdılar. M.Qocayeva doğuşda iştirak edən pediatr olsa da, mənim uşağımı da məhz S.Əsgərova müayinə edirdi. Mənim şikayətimdən sonra zəng edənlər mənə deyirdi ki, S.Əsgərovaya bir şey olan deyil. Olan bizə olacaq. Xəstəxananı bağlayacaqlar, onu isə aparıb daha yaxşı yerdə yerləşdirəcəklər. Səbəbini bilmirəm, ancaq S.Əsgərova xəstəxanada "himayə olunur".

Həkim pediatr S.Əsgərova Axar.az-a açıqlamasında "uşağın həkimi olaraq adının niyə yazıldığını" anlamadığını bildirib: "Mən doğuşda iştirak etməmişəm. Doğuşda başqa pediatr olub. Mənim adımı niyə yazıblar, bilmirəm. Ancaq olsun, uşağı mən müayinə etmişəm. Müayinə etdiyim zaman uşaqda pnevmaniya olmayıb".

Xatırladaq ki, Mərkəzi Klinikanın Gəncədə ayrıca Qadın və Uşaq Xəstəxanası da fəaliyyət göstərir. Ümumiyyətlə, hər il ən ucqar rayonlarda belə müasir tibb mərkəzləri açılır. Ancaq təəssüf ki, uşaqların sağlamlığı üzrə ixtisaslaşan çoxsaylı tibb müəssisələrinin ya qiymətləri, ya da xidmət səviyyələri uşaqları ora daxil olmağa, ya da oradan sağlam çıxmağa imkan vermir.

Tarix
2014.06.02 / 18:19
Müəllif
Ruhiyyə Daşsalahlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ürəyi cavanlaşdırmağın asan yolu

Kərə yağları ziyanlıdırmı? - Mütəxəssis açıqladı

Bakıda klinika türk həkimləri işə götürdü və adını dəyişdi

Tibb Universitetinin tələbələrinə - Şad xəbər

Arıqlamaq üçün bu meyvədən yeyin

Bu yolla doğulan uşaqların əqli inkişaf indeksi aşağı olur

Bağırsaq xərçəngindən qorunmaq üçün bunları edin!

Pediatrdan məsləhət: Uşaqları təmiz saxlamayın

Nazir məşhur həkimi niyə işdən çıxartdı?

Bu dərmanlar ürəktutmasına və insulta səbəb olur

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla