Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2018


“Kasıb saatsaz”, “yöndəmsiz meymun”un mövludu

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məşhur italyan aktyoru, estrada müğənnisi, bəstəkar, rejissor, ictimai xadim Adriano Çelentanonun doğum günüdür.

1938-in bu günü Milanda doğulub. Ailənin sonbeşiyi maddi ehtiyac üzündən təhsilini yarımçıq qoyub saatsazlıq edir.

Ağır həyat şərtləri, müharibədən sonrakı İtaliya... – Amma bütün bunlar daxilindəki sənət ehtirasını öldürmür. O, hələ gənc ikən gitarada ifa etməyi öyrənir. Özünü Elvis Presliyə oxşatmağa çalışırdı. Az qala, onun bütün mahnılarını əzbərləmişdi.

Eyni zamanda özünəməxsus rəqqaslığı, qeyri-adi rəqs elementləri tezliklə ona tanışları arasında “Moledjiato” ləqəbini qazandırdı. Qəribə plastikaya malik Çelentanoya hamı “prujin adam” deyirdi.

Yoxsulluqdan, uzun ağrı-acıdan sonra şirinlik “Şirin həyat” filmi ilə başlayır. Təsadüfi deyil ki, 21 yaşında ikən dünya şöhrətli rejissor Federiko Fellini onu “Şirin həyat” filminə dəvət edir.

Qeyd edim ki, Çelentano hələ saatsaz emalatxanasında işləyərkən sonralar həyatının ən önəmli anlarında ona təsir edəcək qəribə bir hadisə baş vermişdi. Belə ki, yaz günü günorta emalatxanaya sarışın bir xanım gəlir. Saatını təmir etmək üçün Çelentanoya verib gedir, ancaq bir də heç vaxt o saatın dalınca gəlmir.

Saatı unutsa da, Çelentanodan əl çəkmir, qəfil peyda olur, yuxularına gəlir həmin sarışın. Hətta “Şirin həyat” filminin çəkilişləri vaxtı qrim otağında Adrianonun gözünə görünür. Bu hadisədən sonra o çəkiliş meydançasını yarımçıq tərk edir.

Bu filmdən sonra ulduzu parlamağa başlayır Çelentanonun. O, filmdə təkcə oynamırdı, həm də oxuyurdu və bu debüt disklərinin kütləvi satışına səbəb oldu.

İlk filmdən sonra italyan qadınların sevimlisinə çevirildi. Yaraşıqlı olmayan bu qəribə adam haqda sonradan ailə quracağı aktrisa Klaudiya Mori “yöndəmsiz”, “meymun” demişdi. Hətta rejissora onunla öpüşməyəcəyi barədə etiraz da etmişdi.

Həyat elə gətirdi ki, onlar sevdilər, evləndilər və üç övladları oldu.

Zamanla bütün dünyada şöhrət qazanan, ən çoxda qadınların sevimlisinə çevirilən Çelentano “yöndəmsiz” olsa da, daxilindəki müsbət enerjini, sənət ehtirasını ekrandan tamaşaçıya ötürməyi bacarırdı. Heç bir qadın ona biganə qalmırdı.

Hətta məşhur aktrisa Arnella Muti Çelentanoya vurğunluğuna görə həyat yoldaşından boşanmışdı.

Ətrafındakı sevgi, heyranlıq bolluğuna baxmayaraq o, bu günə qədər Klaudiya Moriyə xəyanət etmədiyini söyləyir. Çelentano dəfələrlə müsahibələrində, çıxışlarında qeyd edib ki, Mori onun xilaskarıdı.

Doğrudan da, Mori Çelentanonun təkcə həyat yoldaşı yox, həm də prodüseri idi. Onun kino, musiqi dünyasındakı çəkisində, reklamında, ümumiyyətlə, dünya şöhrətli Çelentano imicinin yaranmasında Morinin əməyi danılmazdır.

Məsələn, Klaudiya yeni filmin reklamı üçün Çelentanoya şəhərdə vals etməyi tapşırmışdı. Çelentano “prodüserinin” sözündən çıxmır, küçələrdə vals edir, maşın yollarında tıxacların yaranmasına səbəb olurdu. Sonra polislər daxil olan şikayət ərizələrini nəzərə alaraq Çelentanonu vals oynadığı yerdəcə qandallayıb bölməyə aparırlar. Məlum olur ki, bu, tezliklə təqdim ediləcək filmin məşq prosesidir.

Morinin təklifi ilə filmin reklamı baş tutmuşdu. Artıq ölkədə hamı Çelentanonun oynayacağı filmdən, onun həbsindən danışırdı.

Klaudiya dayanmırdı, Çelentanonun daha çox məşhur olması üçün müxtəlif reklam ssenariləri düşünürdü. Bir gün, italyan mediasında Adriano ilə bağlı intihar xəbəri bomba kimi partladı. Xəbər çıxmışdı ki, guya Adriano intihar etməyə hazırlaşır. Qeyd edilirdi ki, Çelentano həyat yoldaşı ilə arasındakı qalmaqaldan bezib və dəmiryolunda intihar edəcək. Belə ki, o gecə paltarında relsin üstünə uzanacaq və qatarı gözləyəcək. Həmin gün minlərlə media işçisi, eləcə də sadə insanlar, Çelentanonun heyranları dəmiryoluna axışdı. Ancaq heç kim bu səhnənin Morinin qurduğu növbəti piar kampaniyası olduğunu bilmirdi. Cütlük ölkə mediasının diqqətini qazanmışdı, istədiklərindən artığına çatmışdılar. Bircə xoşbəxt son qalırdı. Ki, Mori onu da düşünmüşdü. Çelentano həyat yoldaşının yazdığı reklam ssenarisi üzrə qatarın çatmağına az qalmış, qəfil durub Morinin üstünə qaçdı və ağlaya-ağlaya ona sarıldı.

Tezliklə Klaudiya həyat yoldaşı üçün növbəti uğuru reallaşdırır. Olimpiya sarayında Adrianonun konsertini təşkil edir. Uğur selinə baxmayaraq emalatxanada saatını qoyub gedən sarışın qadın hələ də ondan əl çəkmirdi. Konsertə az qalmış divardakı saatlar yenə o sarışın qadını xatırladır aktyora. Halı pisləşir və onu xəstəxanaya aparmalı olurlar.

Adriano Çelentano siyasi məsələlərdə də fəal idi. O tez-tez atom bombası, müharibələrə qarşı sərt çıxışlar edirdi. Hətta dəfələrlə tamamilə yeni və fərqli siyasi partiya yaratmaq və İtaliya prezidenti olmaq eşqinə düşmüşdü.

Onun haqda danışan məşhur rejissorlar, musiqiçilər Çelentanonu səhnəyə sığmayan adam adlandırırdılar.

Çelentano içindəki sənət ehtirasına xəyanət etməyən nadir insanlardandı. Nəinki İtaliyada, dünyanın hər yerində məşhurlaşan “kasıb saatsaz”, “yöndəmsiz meymun” sənətə yeni bir nəfəs gətirdi. Hamının sevgisini qazandı.

Cənab Çelentano, əgər sən olmasaydın, sənət dünyası səni uyduracaqdı.

Mövludun mübarək!

Sən doğulmusan deyə, özüm başda olmaqla, dünyamızı təbrik edirəm!

Tarix
2018.01.06 / 12:46
Müəllif
Ömər Xəyyam
Şərhlər
loading...
Digər xəbərlər

Ölümündən sonra “İsmayıl”ın cibindən nə tapılmışdı? - Axar TV

Ömərova təhqirlərə cavab verdi: Alçaq, vicdansız...

Qulyabanı Azərbaycan kəndində üzə çıxdı - Video

Milli Qəhrəmanlarımız haqda filmlər təqdim edildi - Foto

Azərbaycan filmi beynəlxalq mükafat qazandı

“Ayla” Oskar komitəsini məhkəməyə verir

İnsan olmaq üçün Yer kürəsinə gələn robot - Video

Məşhur əsərə serial çəkilir - Aktyorlar açıqlandı

Fatih Akın “Qızıl qlobus”a layiq görüldü

“Keçəl Mahmud”un milyonları güldürən - Videosu

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla