Yuxarı

İlham Əliyev Şamaxıda açılış etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:17

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gedib.

Axar.az xəbər verir ki, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

***

Prezident İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.

Bildirilib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Yolun uzunluğu 53 kilometrdir. Görülən işlər nəticəsində Qazax-Kosalar avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Bundan başqa, yol boyunca müxtəlif diametrli 53 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 795 metrdir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 363 yol nişanı quraşdırılıb, 132,5 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.

Bildirilib ki, bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi zamanı rayonun Adnalı və Çarxan kəndlərinə giriş yollarında təmir işləri aparılıb. Adnalı kəndinin dörd kilometrlik giriş yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunub. Çarxan kəndinin eyni texniki dərəcəyə uyğun inşa edilən giriş yolunun uzunluğu isə 3,2 kilometrdir. Adnalı və Çarxan kəndlərinə giriş yollarının təmiri 4,2 min nəfər əhalinin yaşadığı 2 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

Prezident İlham Əliyevə Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Dövlətimizin başçısının 2017-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat vəsait ayrılıb. Yol-tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri çərçivəsində Az-Qranata MMC-yə məxsus üzüm bağları ilə tanış olub.

Az-Qranata MMC-də Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə “Az-Qranata”nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib.

Dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.

Qeyd edilib ki, üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən “Şardane”, “Cabarne”, “Cabarne Frans”, süfrə növlərindən “Prima”, “Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci məhsul ilində “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır. Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ilə hədəf texniki üzümdə 10-11 ton, süfrə üzümündə isə 17-18 tondur. 2015-ci ildə süfrə üzümü bağında ən müasir suvarma sistemi qurulub. Texniki üzüm isə dəmyə şəraitində yetişdirilir. Hazırda “Az-Qranata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.

Bildirildi ki, təsərrüfatda istehsal edilən üzüm sortları Bakı şəhərində fəaliyyət göstərən “Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydada satılır. Texniki sortlar isə Az-Qranata MMC-nin nəzdində fəaliyyət göstərən şərab emalı zavoduna təhvil verilir. Ümumilikdə, 2012-2020-ci illəri əhatə edən üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində bölgələrdə həm sahibkarlıq inkişaf edəcək, həm də Azərbaycanın üzümçülük şöhrəti bərpa olunacaq.

***

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, yolun uzunluğu 8 kilometrdir. Pirqulu-Dəmirçi avtomobil yolu uzun müddət təmir olunmadığı, həmçinin burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin xüsusən payız-qış mövsümündə hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılıb, 24 min metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 3 yerdə avtobus dayanacağı tikilib.

Pirqulu-Dəmirçi avtomobil yolunun tikintisi dövlət başçısının tapşırıqlarına əsasən Azəravtoyol ASC tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Şamaxı rayonunda dağlıq ərazidə yerləşən bu avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdıracaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.

Turizm sahəsi ölkəmizdə böyük perspektivlərə malikdir. Bu gün Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, otellərin və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının dayanıqlı, səmərəli və rəqabətədavamlı sahəsinə çevrilməsindən ibarətdir.

Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bununla bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, istirahət zonaları, beynəlxalq səviyyəli turizm kompleksləri açılır. Son illərdə ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Zəngin potensialı olan paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektlərinin yaradılması kompleks xarakter daşıyır və regionlarda inkişafın mühüm amillərindən biri kimi çıxış edir. Şamaxı rayonunun Dəmirçi kəndində turizm infrastrukturunun yenilənməsi, tarixi abidələrin bərpası və abadlıq-quruculuq işlərinin aparılması da bu qəbildən olan işlərdən biridir.

Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Maraqlı adət-ənənələri, özünəməxsus mədəniyyəti olan yerli əhali elmə, təhsilə böyük maraq göstərir. Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin bu nadir abidəsini qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm tədbirlərdən biridir.

Görülən işlər bir neçə istiqamətdə həyata keçirilib və kompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki məscid bərpa olunub. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır. Bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı Cümə Məscidində bərpa və yenidənqurma işlərinin aparılması da bu məqsədə xidmət edirdi.

Dəmirçi məscidində dövlətimizin başçısına “Quran” hədiyyə edilib.

Yerli əhalinin və turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün burada bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti də daxildir. Burada turistlərə müxtəlif suvenirlər, əl işləri təqdim olunur və hazır məhsullar bütün regionları əhatə edir. Kənddə turistlər üçün maraqlı əyləncə və istirahət yerləri də təşkil olunub. Bunlardan biri də bir neçə yerdə qoyulan təndirdir. İl ərzində turistlər Dəmirçi kəndinin özünəməxsus qonaqpərvərliyinin şahidi olacaqlar. Onlara məhz bu bölgəyə aid olan milli yeməklər təqdim ediləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq olublar. Kənddə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradacaq. Burada turistlərdə maraq doğuracaq sərgi-kompozisiyalardan da istifadə olunacaq. Bundan əlavə, müxtəlif məişət obyektləri əhalinin və turistlərin istirahətinə maraqlı anlar qatacaq.

Dövlətimizin başçısını və birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət ediblər.

Dəmirçi turizm infrastrukturunda “Azərxalça” ASC də yer alıb. Burada toxunacaq xalçalar sonradan turistlərə satılacaq ki, bu layihə Azərbaycan xalçalarının şöhrətini daha da artıracaq.

Bərpa və yenidənqurma işləri zamanı yeni xalq sənəti obyektlərinin tikilib istifadəyə verilməsi diqqət mərkəzində saxlanılıb. Kənddə dəmirçilik sənətinin dirçəldilməsi və bu sahəyə marağın artırılması məqsədilə dəmirçi dükanı və emalatxanası yaradılıb.

Azərbaycan Prezidenti və birinci xanım dəmirçi dükanı və emalatxanası ilə tanış olublar.

Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi də təqdim edilib.

Layihə çərçivəsində Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişi barədə məlumatlar və eksponatlar sərgilənəcək, açıq səma altında muzey salınacaq. Qeyd edək ki, ötən il Dəmirçi kəndindən Lahıc qəsəbəsinə yol çəkilişi zamanı saxsı və insan skeleti fraqmentləri aşkar olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının Dəmirçi-Lahıc yolunun 4-cü kilometrliyində, Gəgəli yaylağı adlanan ərazidə apardıqları araşdırmalar nəticəsində 1,5 hektar ərazidə nekropol olması müəyyən edilib. Qazıntılar zamanı ərazidən qızıl və gümüşdən bəzək əşyaları, muncuqlar, sikkələr və digər maddi-mədəniyyət qalıqları aşkarlanıb. Bu il nekropolda aparılan qazıntılar zamanı 18 qəbir açılıb. Əldə edilən maddi-mədəniyyət nümunələri əsasında Gəgəli nekropolunun son antik və ilk orta əsrlərə aid edildiyi məlum olub.

Beləliklə, Dəmirçi kəndində turizm infrastrukturunda yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycanın müxtəlif bölgələrində qısa müddətdə turist marşrutları üzrə mükəmməl infrastrukturun və müasir turist yerləşdirmə obyektlərinin yaradılması artıq öz bəhrəsini verir. Bu isə Azərbaycanın qədim və zəngin mədəniyyətini, milli mətbəximizin müxtəlifliyini, xalqımızın qonaqpərvərliyini turistlərə təqdim etməyə geniş imkanlar açır.

Dəmirçi kəndi ilə tanışlıq zamanı xatirə şəkilləri çəkdirilib.

***

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. “Safari” sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib. Bu gün safari turizmi ovçuluq və ya foto-ovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə “sakit ov” da adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bununla bağlı məsələlər yer alıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq. Yaradılacaq marşrutlar üzrə əlverişli fəaliyyət cədvəli tərtib ediləcək. Buraya milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəuyğun hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər. Qeyd edək ki, sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunmuşdu. Artıq Şamaxı Safari Parkı hazırdır.

Parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyasi məqsədilə 2014-cü ildə yaradılan Azər Ekov MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. Azər Ekov MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-a üzv olub. Bununla da Azər Ekov MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən Azər Ekov MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.

Bildirildi ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda pakda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muffonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub. İnzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılıb

Tarix
2017.10.02 / 17:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla