Müdafiə Nazirliyində Əlahiddə Ümumqoşun Ordusu, birlik,
birləşmə, qoşun qismləri, hərbi hissələrin, Müdafiə Nazirliyinin
xüsusi təyinatli təhsil müəssisələrinin komandir və rəislərinin
şəxsi heyətlə iş üzrə müavinlərinin metodiki toplantısı
keçirilib.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, toplantıda Şəxsi Heyət Baş İdarəsi, Tibb Baş İdarəsi,
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi, Hüquq
İdarəsi nümayəndələri və qonaq qismində dəvət olunan Qafqaz
Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru
cənab Simran Həsənov iştirak ediblər.
Tədbirdə Silahlı Qüvvələrdə son zamanlar baş verən bəzi
nizmnamədən kənar hadisələr təhlil olunub, tərbiyə işinin
təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı
səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər
ruhunda tərbiyə edilməsi nə dair bir sıra məsələlər, şəxsi heyətlə
iş üzrə vəzifəli şəxslərə gələcək fəaliyyətlərinin daha da
gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanması üçün
təkliflər müzakirə edilib.
Metodiki toplantıda həmçinin Vətənə, dövlətə sədaqət,
nizamnamələrin tələblərinin şəxsi heyətə öyrədilməsi, qanunlara
hörmətlə yanaşılması, hüquq pozuntularının, nizamnamədən kənar
hərəkətlərin qarşısının alınması və s. məsələlər barədə fikir
mübadiləsi aparılıb.
Sonra tədbir iştirakçılarının müdafiə naziri general-polkovnik
Zakir Həsənovla görüşü olub. Müdafiə naziri tərbiyəvi və
mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı geniş
və ətraflı təhlil aparıb, görülən tədbirlər, onun daha da yüksək
səviyyədə təşkili və gücləndirilməsi istiqamətində tövsiyələrini
verib.
Müdafiə naziri qabaqcıl təcrübədən istifadə, şəxsi nümunə,
sosial ədalət və bərabərlik mühitinin yaradılması, kollektivlərdə
münasibətlərin sağlam mühit şəraitində qurulması, hərbi hissələrdə
xidmətin günün nizam qaydalarına uyğun təşkili üçün normal şəraitin
yaradılması, sağlam rəqabətin, hərbi hissələrdə əsgər yoldaşlığı,
hərbi xidməti münasibətlərin qarşılıqlı dostluq, hörmət və gənc
əsgərlərə qayğı əsasında qurularaq davam etdirilməsinin
formalaşdırılması və bir çox məsələlərlə bağlı fikirlərini görüş
iştirakçılarına çatdırıb.
Bildirilib ki, qeyd olunan bu fəaliyyətlər Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin tələb və tapşıpıqlarına, Müdafiə nazirinin
əmrlərinə müvafiq olaraq daha da yüksək səviyyədə təşkil edilib
həyata keçirilməli, eyni zamanda komandirlərin və onların şəxsi
heyətlə iş üzrə müavinlərinin daim diqqət mərkəzində olmalıdır.
Görüşdə şəxsi heyətin Azərbaycan Respublikasının
Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq olaraq
ölkəmizin ərazi bütövlüyünün bərpası və qorunması, düşmən
təxribatlarının qarşısının alınmasında vəzifə borclarını şərəflə
yerinə yetirmələri məqsədilə tərbiyəvi işin və mənəvi-psixoloji
hazırlığın təşkil edilib həyata keçirilməsi məsələsi xüsusi
vurğulanıb.
Nazir bildirib ki, milli-mənəvi dəyərlərimizə yaxından bələd
olan, tariximizi yaxşı bilən, Vətənimizi, torpağımızı, xalqımızı
ürəkdən sevən, silah və texnikanı müasir tələblər baxımından
dərindən öyrənən, əmrləri layiqincə yerinə yetirən kiçik
komandirlər tərbiyə edilib yetişdirilməli və əsgərlər
hazırlanmalıdır.
Sonda Müdafiə naziri general-polkovnik Zakir Həsənov görüş
iştirakçılarına təlim-tərbiyə işinin daha yüksək səviyyədə təşkili
və mənəvi-psixoloji hazırlıq işinin gücləndirilməsi ilə bağlı
konkret tapşırıqlar verib.