2015-ci ildə Bakıda keçiriləcək güləş üzrə "Qızıl Qran
Pri"nin final mərhələsində yalnız Avropa və dünya çempionatlarının
mükafatçıları iştirak edə biləcəklər.
Report.az-ın
xəbərinə görə, bu barədə Dünya Güləş Birliyinin (UWW) yaydığı
xəbərdə bildirilir.
Əvvəllər həm sərbəst, həm də yunan-Roma güləşində "Qızıl Qran
Pri"nin finalından öncə 2 mərhələ olub. Amma final mərhələsinə
əvvəlki mərhələlərin bütün qalibləri qatılmayıb. UWW prezidenti
Nenad Laloviç deyib ki, yeni sistem turnirin statusunu artırmağa və
ən yaxşı güləşçilərin əlavə qazanc əldə etməsinə köməklik
göstərəcək.
Habelə, "Qızıl Qran Pri"nin final mərhələsinin vaxtında da
dəyişiklik edilib. Əvvəllər bu yarış dünya çempionatından öncə
olurdusa, indi mundialdan sonraya keçirilib. Bu isə təsnifat
mərhələlərini uğurla dəf edən pəhləvanlara hazırlıq üçün kifayət
qədər vaxt verəcək. Gələn il final mərhələsi 27 - 29 noyabrda baş
tutacaq. Mükafat fondu ayrı-ayrı çəki dərəcələri üzrə artırılacaq.
Yarış isə televiziya vasitəsilə bütün dünyaya yayımlanacaq.