Lisenziyası ləğv edilən
banklar əmanətlərə verilən faizləri də dərhal dayandırırlar və
yalnız qoyulan əmanət əmanətçiyə geri qaytarılır. Ancaq sözügedən
bank müştəriyə verdiyi kreditə görə faiz hesablanmasını dayandırmır
və sonadək krediti faizlə tələb edir. Bu isə müəyyən anlaşılmazlığa
və bəzi hallarda narazılığa səbəb olur. Bəs, qanunvericilik
banklara verdiyi kreditlərə görə lisenziyası ləğv edildikdən sonra
faiz hesablamağa hüquq verirmi?
Məsələni Axar.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bankların
verdikləri kredit müqabilində lisenziyası ləğv olunduqdan sonra
faiz tələb etməyə hüququnun olmadığını bildirib:
"Bankın fəaliyyəti dayandıqdan sonra əmanətlərə faiz
hesablanmadığı üçün kreditlərə də faiz gəlməsi düzgün deyil. Çox
təəssüf ki, banklar hazırda bundan sui-istifadə edirlər, bank
bağlanan kimi əmanətlər üzrə faizlər saxlanılır, ancaq kreditlərə
faizlər gəlməsi davam etdirilir. Bu, qanuni deyil və bankların
özbaşınalığıdır. Ona görə də hesab edirəm ki, Maliyyə Bazarlarına
Nəzarət Palatası bu məsələyə baxmalı və müəyyən qərar verməlidir.
Palata hazırda bankların diaqnostikası üçün və yəqin ki, bu məsələ
ilə əlaqədar da müəyyən müraciətlərə baxılacaq. Problemin həlli
yolları barədə MBNP-nin Direktorlar Şurasının sədri ilə
danışacağam. Hesab edirəm ki, lisenziyası ləğv edilən bank
müştərilərindən kreditə görə faiz tələb etməməlidir".
Bank üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, bank ləğv
edildiyi andan onun öhdəlikləri dondurulur, artıq faiz də ödəmir,
yalnız əsas borc öhdəliyi qalır:
"Bank ləğv olunduqdan sonra Əmanətlərin Sığortalanması Fondu
əmanətçilərin hər birinə banka yerləşdirdikləri əmanətlərin
qarşılığını faiz verilmədən ödəyir. Hesab edirəm ki, qanun
əmanətlərlə kreditlərə eyni münasibəti bəsləməlidir. Yəni ya
faizlər hər iki halda - həm banka olan kreditlər üzrə, həm də
əmanətlər üzrə ödənilməlidir, ya da əksinə, nə müştəri götürdüyü
kredit borcuna görə, nə də əmanətlərə görə faiz ödəməlidir".
Hüquqşünas Pərviz Məmmədov məsələnin qanuni tərəflərinə aydınlıq
gətirib:
"Bağlanan bankın kredit portfelinin başqa maliyyə təşkilatına
satılma halını çıxmaqla, bütün hallarda lisenziyası ləğv edilən
banklar tərəfindən kreditə faiz hesablanması dayanmalıdır. Banklar
haqqında qanunun 18.2-ci maddəsinə əsasən, bank lisenziyası və ya
xarici bankın bölgə nümayəndəliyinin ləğvi haqqında qərar qüvvəyə
mindiyi gündən bankın lisenziya üzrə öncəki fəaliyyət növləri
qadağan edilir. Bankın fəaliyyət növlərinə isə kredit verilməsi və
verilən kreditlərə faiz hesablanması aiddir. Deməli, ləğv olunan
bankın verdiyi kreditlərə faiz hesablamaq ixtiyarı yoxdur. Bank
ləğv edilmə prosesinə girdiyi andan etibarən yalnız Mərkəzi Bankın
uçot dərəcəsinə uyğun olaraq illik 7 faiz həcmində faiz tələb edə
bilər. Çünki bank cəlb etdiyi əmanətlərə faiz hesablamır. Necə ki
banka depozitlərə görə faiz hesablamaq qadağan olunur, eləcə də
verilən kreditlərə görə də faiz tələbi olmamalıdır".
P.Məmmədov hesab edir ki, vətəndaşlar bunu əsas götürməklə tam
haqlı olaraq məhkəmədə həmin faizlərin ödənilməsinin
dayandırılmasını tələb edə bilərlər:
"Çox yaxşı olardı ki, prosesdə məhkəmə mühasibatlıq ekspertizası
təyin olunsun. Ekspertizanın nəticələrindən sonra isə qalıq borca
nə qədər faiz ödənilməli olduğu aydın olacaq. Bir sözlə, Mülki
Məcəllənin 449-cu maddəsinə əsasən, vətəndaşlar ancaq Mərkəzi Bank
tərəfindən müəyyənləşdirilən uçot dərəcəsinə əsasən faiz
ödməlidirlər, yoxsa 30 və ya 40 faiz deyil".
Hüquqşünas bildirib ki, bank ləğv edilmə prosesinə girdiyi andan
sonra vətəndaş borcu bağlayıbsa və faizləri ödəyibsə, məhkəməyə
müraciət edərək indiyə qədər haqsız ödədiyi faizləri geri ala
bilər:
"Əgər borcun müəyyən bir hissəsi qalıbsa, onda vətəndaş tələb
edə bilər ki, ödədiyi faizlərə görə ondan artıq alınan pul əsas
məbləğdən çıxılsın".