Yuxarı

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

Bir neçə gün əvvəl Türkiyənin hava məkanına daxil olan naməlum bir PUA F-16-mız tərəfindən vuruldu. Tutaq ki, bu təsadüf idi. Bəs, İzmitdə ələ keçirilən Rusiyaya məxsus “Orlan-10” PUA-sı?

Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib.

Onun sözlərinə görə, ardıcıl hadisələr təsadüf ehtimalını zəiflədir:

“Müharibə aparan tərəflərin göndərdiyi PUA-lar texniki nasazlıq kimi səbəblərdən dolayı istiqamətini dəyişə bilər. Bu, adi müharibə vəziyyətidir. Qarabağ müharibəsində və xüsusilə, Ukrayna müharibəsində tez-tez müşahidə olunub. Ancaq ardıcıl bu tip hadisələr belə bir sual yaradır: Kimsə Türkiyə hava məkanına sızma mesajı vermək istəyir? Və ya kiminsə gərginliyi Qara dənizə daşımaq məqsədi ola bilərmi?

Qeyd etdiyim kimi, hava məkanımızda bir PUA-nın vurulması normal qarşılana bilərdi. Ancaq bundan dərhal sonra İzmitdə “Orlan-10” PUA-sının tapılması vəziyyəti dəyişir.

Çünki “Orlan-10” adi bir platforma deyil. Bu elektron müharibə, siqnal kəşfiyyatı, hava hücumundan müdafiə və radar yoxlaması, məlumat ötürmə qabiliyyətinə malik bir PUA-dır. İstanbula çox yaxın, sənaye, nəqliyyat, logistika, hərbi və mülki infrastrukturun sıx olduğu ərazi olan İzmitdə düşməsi isə düşündürücüdür.

Həmçinin bu, ilk vurulan PUA-dan sonra “texniki nasazlıq” fikrini zəiflədir. O halda sual ortaya çıxır: PUA haradan buraxılıb? Qara dənizdəki gəmilərdən ola bilərmi?

Bunun faktiki bir hücum deyil, strateji “nəbz yoxlaması” olduğu ehtimalını yüksək hesab edirəm. Qara dənizi qızışdırmaq, asimmetrik təxribat ehtimalı da yüksəkdir. Çünki Ukrayna müharibəsi quruda dalana dirənib. Rusiya – NATO – İngiltərə də dəniz məkanını sevir. Həmçinin Montrö Konvensiyası Türkiyənin əlində kilid rolundadır. Müharibə isə Baltik və Orta Avropa üzərində təzyiq yaradır. Rusiyanın hədəfində Avropa və İngiltərə var”.

Ekspert Qara dənizdə gərginliyin artacağı təqdirdə baş verəcəkləri də şərh edib:

“Gərginlik artarsa, Türkiyə “tərəf seçməyə” məcbur edilə bilər. Montrö təzyiq altına düşər. Ancaq burada Türkiyəyə qarşı birbaşa hücum yoxdur. Sadəcə Türkiyənin qərar alqoritmi, iradəsi, davranışları kənardan müşahidə olunur. Bəs, ən təhlükəli ehtimal nədir? Əgər bu hadisələr tək-tək yox, silsilə halını alarsa, o zaman bu, böyük bir geosiyasi tələ hesab oluna bilər.

Bu prosesin Rusiyaya aid gəmilərin Türkiyə sahillərinə yaxın yerlərdə Ukrayna tərəfindən vurulmasından, rusların Ukrayna limanlarında türk gəmilərini vurmasından, C-130 təyyarəmizin qəzasından, Türkiyənin dörd müharibənin tam ortasında yerləşməsindən dərhal sonra baş verdiyinə də diqqət yetirin. Amma nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsi bizim müharibəmiz deyil. Bu müharibə NATO-nu öz maraqları üçün istifadə edən və etmək istəyən Avropa, İngiltərə və Rusiya arasındadır.

Bizim görməli və diqqət etməli olduğumuz əsas məsələ müharibənin Orta Avropa və Baltikə yayılmasının qarşısını alıb, onu Qara dənizə sıçratmaq və Türkiyəni müharibədə istifadə etmək cəhdidir. Qarşılaşdıqlarınız “təsadüf” deyil, amma “müharibənin başlanğıcı” da deyil.

Bu, Türkiyənin sinir uclarına yüngül toxunuş əməliyyatıdır. Bu toxunuşlara verilən hər refleks, növbəti mərhələnin istiqamətini müəyyən edəcək. Ona görə də əsas məsələ təhdidin özü yox, verilən refleksin strateji yaddaşa necə yazıldığıdır”.

Tarix
2025.12.21 / 10:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla