"Bakı-2015"-in məşəlinin birinci Avropa Oyunlarının
keçiriləcəyi paytaxt şəhərə daxil olmazdan əvvəl son dayanacağı
iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu oldu.
Qobustan Milli Parkı açıq səma altında qoruq-muzeydir. Dünya
əhəmiyyətli abidə kimi, 2007-ci ilin iyununda UNESCO-nun dünya
mədəni irs siyahısına daxil edilib. 2011-ci ildə istifadəyə
verilən, ümumi sahəsi 2 min 460 kvadratmetr olan muzey və inzibati
bina kompleksi innovativ metodlarla əks olunan məlumat bazaları ilə
Qobustan ziyarətçilərini heyran qoyur. Xüsusi multimedia
proqramları olan sensor ekranlarda həm maarifləndirici və əyləncəli
oyunlar, interaktiv stendlər, 3D film və sair nümayiş etdirilir.
Burada 360 dərəcə dövr edən xüsusi aparatla istənilən abidəni
izləmək mümkündür. Muzeyin fondunda 100 mindən çox arxeoloji
material toplanıb.
Qoruqda 283 kvadratmetr sahədə 2 teleskopun quraşdırıldığı
müşahidə meydançası var. Hazırda Qobustan qoruğunda 6000-dən artıq
qayaüstü təsvir aşkar olunub, 40-dan çox kurqan və 20-ə yaxın qədim
yaşayış məskəni qeydə alınıb, 105 min maddi mədəniyyət əşyaları
elmi cəhətdən tədqiq edilib.
Arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan
kənar son mərhələsi başlandı. 1,8 kilometr məsafəni əhatə edən
estafet yürüşünü "Sabahın alimləri" müsabiqəsinin, tarix fənni üzrə
olimpiadanın və "Heydər Əliyev-92" inşa müsabiqəsinin qalibi Səbinə
Qədirova başladı. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel
İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman
Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak etdilər. Yürüşü
yol üzərində qurulmuş səhnəyə çıxaraq "Bakı-2015"-in daha bir
çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, Prezident
təqaüdçüsü Leyla Zeynalova başa çatdırdı.
Mərasim "Bakı-2015"-ə həsr olunmuş bədii proqramla davam
etdirildi. "Bakı-2015"-in məşəli ilə yandırılan çırağı Qobustan
Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim
etdi.
Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüratlarını
bölüşərək deyib: "Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Min
illərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci
Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq
böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox
sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq.
Bütün idmançılarımıza uğurlar arzulayıram".
Beləliklə, "Bakı-2015"-in məşəli paytaxta qədəm qoymağa
hazırdır. İyunun 7-də məşəl paytaxt Bakıya çatdırılacaq və iyunun
12-dək – birinci Avropa Oyunlarının tarixi açılış mərasimi
başlayana qədər paytaxtın gəzməli-görməli yerlərinə səyahət
edəcək.
Xatırladaq ki, Bakı-2015 birinci Avropa Oyunlarının məşəli
Atəşgah Məbədindən götürülmüş alovla aprelin 27-də Bakıdan yola
salınıb və iyunun 7-də paytaxta qaytarılana qədər, təxminən 5500
kilometr məsafə qət edib. Məşəl səyahətində 150 nəfərlik yaradıcı
komanda, 132 nəqliyyat vasitəsi iştirak edir. Estafetə 1000
nəfərdən çox məşəlçi cəlb olunub. Səyahət boyunca hər regionu əhatə
edən məşəl estafetləri, eləcə də alov festivallarında Bakı-2015-in
ulduz elçiləri də iştirak edirlər. Festivallar Naxçıvan, Lənkəran,
Cəlilabad, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Mingəçevir,
Şəki, Qəbələ, Şamaxı və Qubada keçirilib. Qalan yaşayış
məntəqələrində isə qarşılanma mərasimləri olub.