"Bu oyunlar tarixə çevriləndə onun Azərbaycanda
keçirilməsinin əhəmiyyətini daha dərindən hər kəs
anlayacaq".
"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı birinci Avropa
Oyunları, bu idman tədbirinin ölkəmiz üçün əhəmiyyəti, bəzi Avropa
ölkələrinin rəhbərlərinin oyunların açılışına qatılmayacaqlarını
bəyan etməsi ilə bağlı fikirlərini "Yeni Müsavat"a açıqlayıb.
Aynur Camalqızı bildirib ki, Avropa Oyunları ilə bağlı
Azərbaycanda gedən prosesi, işləri çox yüksək qiymətləndirir, 3 il
ərzində bu istiqamətdə Azərbaycanda çox böyük işlər görüldüyündən
qürur duyur: "3 il əvvəl Romada Avropa Olimpiya Komitəsinin Baş
Assambleyasında keçirilən səsvermə zamanı ilk Avropa Oyunlarının
Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul ediləndən sonra çox
böyük sürətlə, çox böyük işlər görülməyə başlandı. Sevindirici
haldır ki, Avropa Oyunları ilə bağlı tikilən binalar, idman
qurğuları, abadlıq işləri, bütövlükdə yaradılan infrastruktur bu
oyunlar bitəndən sonra Azərbaycan xalqına xidmət edəcək.
Azərbaycana çox böyük imkanlar açılacaq ki, belə möhtəşəm
yarışmalara, beynəlxalq tədbirlərə ev sahibliyi eləsin. Bu da
ölkəmiz üçün vacib məsələdir. Azərbaycanın dünyada tanıdılması
nöqteyi-nəzərindən düşünürəm ki, Avropa Oyunları çox böyük
hadisədir. Dünyada təbliğata böyük pullar xərclənir. Azərbaycan bu
oyunların keçirilməsinə ev sahibliyi etməklə həm də özünü Avropaya
təqdim edir. Bu, Avropaya inteqrasiyanın ən gözəl üsuludur.
Azərbaycan həm Avropaya inteqrasiya edir, həm Avropa insanına özünü
bir dövlət olaraq daha yaxından tanıdır. Bu gün bəlkə də ilk
baxışdan orta statistik azərbaycanlı üçün o qədər aydın şəkildə
görünmür, amma bu oyunlar tarixə çevriləndə onun Azərbaycanda
keçirilməsinin əhəmiyyətini daha dərindən hər kəs anlayacaq".
A.Camalqızı onu da dedi ki, bundan sonra keçiriləcək bütün
Avropa Oyunlarında Bakının, Azərbaycanın adı ilk Avropa Oyunlarının
keçirildiyi şəhər, ölkə olaraq çəkiləcək. Bunun özü böyük bir
əhəmiyyət daşıyır: "2 min il öncə ilk Olimpiya oyunları
Yunanıstanda, Afinada keçirilib. Üzərindən əsrlər keçib, amma yenə
də Olimpiya oyunları deyəndə Afina yada düşür. Bundan sonra Avropa
Oyunları da hansı ölkədə keçirilirsə-keçirilsin, hər dəfə Bakının
adı yada düşəcək, Azərbaycan xatırlanacaq. Azərbaycan Prezidenti
İlham Əliyev ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə
bağlı qərar qəbul ediləndə bax bu məqamları təbii ki, hesablayıb.
Çünki burda sadəcə iqtisadi və siyasi dividentlərdən söhbət getmir.
Burda çox böyük bir mədəni diplomatiyadan söhbət gedir. Mədəni
diplomatiyadan dünyanın bir çox inkişaf eləmiş ölkələri hər zaman
istifadə ediblər və bu gün də istifadə edirlər. Azərbaycanda mədəni
diplomatiyanı Mehriban xanım Əliyeva uğurla həyata keçirir. Heydər
Əliyev Fondunun yürütdüyü bu missiya, mədəni diplomatiya
Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsində,
Azərbaycana münasibətin yaxşıya doğru dəyişməsində çox önəmli işlər
görür. Avropa Oyunları başa çatdıqdan sonra bu oyunların
Azərbaycanda keçirilməsinin əhəmiyyətinə daha dərindən qiymət verə
biləcəyik".
Həmsöhbətimiz Avropa Oyunlarının başlanması ərəfəsində
Azərbaycanla bağlı xoşagəlməyən olayların da baş verməsindən
danışdı: "Düşünürəm ki, bu, xristian dünyasında müsəlman
ölkələrinə, türk dövlətlərinə olan ikili münasibətlərin
təzahürüdür. Azərbaycana qarşı bəzi xristian ölkələrindən tənqidi,
ögey münasibət də burdan qaynaqlanır. Ermənistanda insan haqlarının
durumu sıfırın altındadır, ölkəni kriminal hakimiyyət idarə edir,
insanlar ac-yalavac durumdadır, xarici siyasətdə Ermənistan
Rusiyanın forpostudur. Amma Ermənistan xristian dövləti olduğu üçün
ona havadarlıq edirlər. Bu da dünyadakı ikili standartların bir
təcəssümüdür. Biz bu gün Ukraynaya verilən dəstəyi Azərbaycana
Qarabağ məsələsində görmürük. Bütün bunlar təəssüf doğurur. Bununla
belə, Azərbaycan özünün təbliğatı yönündə işlərini davam
etdirməlidir. Xristian təəssübkeşliyini ilk Avropa Oyunlarında da
Azərbaycana münasibətdə görürük. Sizi əmin edirəm ki, bu oyunlar
Ermənistanda keçirilsəydi, Fransanın və Almaniyanın rəhbərləri
insan haqlarına zərrə qədər məhəl qoyulmayan Ermənistana
gedəcəkdilər. Çünki xristian təəssübkeşliyi var".