Oktyabrın 8-də Ədəbiyyat
üzrə Nobel Mükafatının sahibi açıqlanacaq.
İsveç Akademiyası üzvlərinin namizədlər arasından qalibi
açıqlamağına bir gün qalmış Axar.az Azərbaycanın
öncül simalarının kimi daha şanslı hesab etdikləri ilə bağlı sorğu
keçirib.
Yazıçı Kamal Abdulla Ədəbiyyat üzrə Nobel mükafatına italiyalı
yazıçı, tarixçi-medievist Umberto Ekonu layiq görür:
"Mənim bu il Ədəbiyyat sahəsində Nobelə ən çox layiq bildiyim
şəxs Umberto Ekodur".
Qismət Rüstəmovun fikrincə isə mükafata Nquqi va Tionqo layiq
görüləcək:
"Son illər ədəbiyyat üzrə Nobel mükafatı bizim ədəbi mühit üçün
təzə, dünya ədəbi ictimaiyyəti üçünsə belə deyək ki, çoxdan tanış
olan, lakin bir az diqqətdən kənarda qalmış imzalara verilir. Alis
Munro mükafata layiq görülən il yadıma gəlir, bizim sənət aləmində
qəribə fikirlər səsləndi ki, bəs biz bu qadını tanımırıq, bu nə
vaxtdan yazıçı oldu? Halbuki Munro böyük ədəbi jurnallarda az qala
30 ildir dərc olunan estet yazıçılardan biri sayılır. Neçə ildir
bukmekerlər Haruki Murakaminin şanslarını daha çox qiymətləndirir.
Amma ədəbiyyatsevərlər Milan Kunderanın, Umberto Ekonun mükafata
layiq görülməsini istəyirlər. Konkret nəsə demək çətindir, bir neçə
ildir adları 20-likdə olan müəlliflərdən alban İsmail Kadaredən,
suriyalı şair Adonisdən zaman-zaman nələrsə oxumuşam. Bir neçə
ildir belorus yazıçısı Svetlana Aleksieviçin adı da çox hallanır.
Konkret nəsə demək çətindir, amma gəlin maraqlı olması üçün
ortalığa bir variant atım. Məncə, mükafatı keniyalı romançı Nquqi
va Tionqoya verəcəklər".
Nobel araşdırmaçısı, həmçinin Nobel mükafatçıları barədə kitab
müəllifi olan Etibar Əliyev Ədəbiyyat üzrə Nobel mükafatına yazıçı
Kamal Abdullanı layiq görür:
"Nobel mükafatları içində ən çətin proqnozlaşdırılan
mükafatlardan biri Ədəbiyyat üzrə Nobeldir. Çünki tez-tez
gözlənilməz hallar baş verir. Məsələn, Mo Yan kimi dünyanın böyük
əksəriyyətinin tanımadığı yazıçının mükafata layiq görülməsi,
Kanada hekayə ustası Elis Munronun bu mükafatı alması xeyli təəccüb
doğurmuşdu. Ona görə də ədəbiyyat sahəsində mükafatın kimə
veriləcəyini proqnozlaşdırmaq müəyyən qədər çətindir. Amma artıq
neçə ildir ki, Azərbaycan yazıçısı Kamal Abdullanın namizədliyi də
Nobel komitəsində müzakirə olunur. Bu bizim üçün çox önəmli, müsbət
bir haldır. Mən hesab edirəm ki, Kamal Abdulla əsərləri ilə yanaşı,
ədəbiyyat sahəsində yazıları, publisistikası, yazıçı kimi
cəmiyyətdə tutduğu mövqeyi və dünyada tanınmasına görə mükafata
layiq olan şəxslərdən biridir. Ancaq seçim bir qədər mürəkkəb
xarakter daşıdığından və gözlənilməz halların çox baş verdiyindən
konkret demək mümkün deyil ki, Kamal müəllim bu il laureat olacaq,
gələn il, yoxsa ondan sonrakı il. Yenə də gözlənilməz bir vəziyyət
yarana bilər. Baxmayaraq ki, dünyanın böyük hesab etdiyi bir neçə
yazıçının adını təxminən çəkmək olar.
Amos Oz, müsəlman dünyasının düşməni hesab olunan Salman Rüşdi,
Julian Barnz, Mişel Uelbek, Mark Levi, Umberto Eko, o cümlədən,
Kamal Abdulla ən layiqli namizədlərdir.
Hesab edirəm ki, yenə də müəyyən sürprizlə qarşılaşacağıq. Nobel
mükafatçılarının tədqiqatçısı kimi deyə bilərəm ki, elm sahələri
üzrə proqnoz vermək çox asandır. Hər hansı bir kəşf var və
iqtisadiyyat, tibb, fizika və kimya sahəsində ən üstün olan kəşfə
mükafat verilir. Sülh və ədəbiyyat üzrə mükafatlandırma isə
müəmmalıdır.
Azyaşlı Malalaya, Obamaya Nobel sülh mükafatının verilməsi
bəşəriyyəti xeyli təəccübləndirmişdi. Sülh üzrə Nobel mükafatının
laureatları sırasında gördüyü işlərin həcminə görə Mehriban xanım
Əliyevanın adını çəkmək mütləqdir. İlk dəfə bu məsələni Aynur
Camalqızı qaldırmışdı. Aynur xanım öz versiyasını layiqincə
əsaslandırıb Mehriban xanımın həm ölkədaxili, həm də ölkə xaricində
gördüyü işlərə görə Nobel sülh mükafatına layiq olan şəxslərdən
biri olduğunu sübuta yetirmişdi. Mənə belə gəlir ki, yaxın
gələcəkdə Mehriban xanımın namizədliyi komitədə müzakirə oluna
bilər".