(Ramiz Rövşənin doğum gününə)
Milləti, xalqı, ölkəni seçilmişləri tanıdar. Ölkəmizin
Üzeyir bəy, Mirzə Cəlil də daxil olmaqla seçilmişlər siyahısında
böyük şairimiz, əziz dostum Ramiz Rövşən şərəfli yer
tutur.
Ramiz Rövşən haqqında söz deyərkən çoxölçülü Ramiz Rövşən
zirvəsi göz önünə gəlir: metafizik şair, dəyərli yazar və esseist;
görkəmli ssenarist; ensiklopedik biliyə və nəticə çıxarma
qabiliyyətinə malik intellektual; nəfsinə cihad edə bilən, ümumi
mənafeyi fərdi mənafeyindən üstün tutan demokratik düşüncəli
ziyalı; peşə namusuna, ailə namusuna, torpaq və vətən namusuna
həmişə sadiq qalan vətəndaş; katarsisdən keçib durulmuş,
bütövləşmiş şəxsiyyət.
Tanrı yaratdıqlarına bu atributları balansda paylayar, birini
çox versə o birisinin payı azalar. Ancaq sevgisinə tuş gələnlərdən
çox şeyi əsirgəməz. Ramiz Rövşən bu sevgiyə tuş gələnlərdəndir. Ona
görə də Ramiz Rövşən zirvəsi belə çox sıldırımlıdır. Allaha yaxın
olduğu üçün Mövlanə kimi, insana yaxın olduğu üçün Dostoyevski
kimi.
Təsadüfi deyil ki, Allah və ölüm, insan Ramiz Rövşən
yaradıcılığında dominantlıq təşkil edir. Ramiz Rövşən klassik heca
vəznində də yazdı, əruzda da. Lakin o, Azərbaycan poeziyasına yeni
bir poetik sistem, düzüm gətirdi, Vaqif Səmədoğlu, Vaqif Bayatlı
ilə bir vaxtda. Bu poeziya düzümündə bir azadlıq var: bir şeirdə
11-dən 8-ə, sonra 4-ə, sonra sərbəst şeirə keçid var. Görünür bu
onun metafizik semantik-fəlsəfi təfəkkür tərzindən, bir də içinin
azadlığından doğur. Onun ən çox sevdiyim şeirlərindən birinə
baxın
Yeri-yeri qara paltarlı qadın
Kiri-kiri qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir
Baş daşımı bəsdir basdın bağrına.
Bütün məni ağlayanlar kiridi
Sən də kiri qəbrim damır, ağlama.
Bu fikir ancaq Ramiz Rövşənə məxsus ola bilən metafizik
fikirdir.
Ramiz Rövşənə bioloji ömrü Allah verib. O, Allahı çox sevir,
qarşılığında da Allah ona uzun mənalı ömür verər. Bir böyük şair
kimi, dəyərli ziyalı kimi, təpərli, yenilməz şəxsiyyət kimi özünün
qazandığı isə əbədi ömürdür.
Moderator.az
Qeyd: Ramiz Rövşən 1946-cı il dekabrın 15-də
Bakının Əmircan kəndində doğulub.