Axar.az Elçin Aslangilin yeni hekayəsini təqdim
edir:
Markes və pampers
- Evdə quru çay qurtarıb, uşağı arada bayıra çıxardıb gəzdirsən
yaxşı olar. Uşağın başını qatan olsaydı, mən də işlərimi rahatca
görüb qurtarardım. Sənin kitab rəfin də tozlanıb, silib təmizləmək
lazımdır.
- Tüpürüm mənim kitab
rəfimə!
"Magellanla birlikdə dünyanı dolaşan Florentina dənizçisi
Antonio Piqafetta Amerikanın cənub sahillərinə səyahətindən bəhs
edən, macəradan çox xəyalı xatırladan, son dərəcə səliqəli və dəqiq
yol qeydlərinin müəllifidir".
- Görəsən bacım özünə paltar almağa getdi?
- Getməyibsə, cəhənnəmə getsin.
"Müasir dövrün ən görkəmli
abidələrindən biri Çili şairi Pablo Neruda on bir il əvvəl
dinləyicilərini marifləndirdi. O vaxtdan bəri mərhəmətli bəzənsə
bədxah avropalılar, tükənmək bilməyən inadkarlıqları əfsanəyə
çevrilən qadınların və narahat kişilərin vətəni olan Latın
Amerikasının qəribə müammaları ilə daha çox maraqlanmağa
başladılar".
- İndi yaxşı toy ola, təzə aldığım paltarı geyinib gedəm toya.
Səidə məni o paltarda görsə, dəli olar.
- Səidə ölər, yasına geyinib gedərsən.
"Varlıqlarını həqiqətə uyğunlaşdırmaq üçün zəruri vasitələrdən
məhrum olduqlarına görə ramedilməz reallığın yaratdıqları – şairlər
və dilənçilər, sərkərdələr və əclaflar, musiqiçilər və peyğəmbərlər
yaradıcı təxəyyülə ehtiyac duyurlar".
- Amma mən arvadımın dır-dırından təngə gələrək öz təxəyülümün
içinə zad eləyib səhərdən axşama kimi özümə söyməklə
kifayətlənirəm. Varlığımı həqiqətə uyğunlaşdırmaq kimi bir fikrim
olsaydı, ömür boyu subay qalardım. Evə quru çay da lazım olmazdı.
Cənab Markes, indi vəziyyət belədir ki, on aylıq qızımın içinə
etdiyi beş nömrəli pampersdən heç bir fərqim yoxdur.
- Bunu o kitabda yazıblar? Səhərdən axşama kimi silirəm,
süpürürəm, ev təmizə çıxmır. Uşağın paltarlarını yumaq ayrı bir
işgəncədir. Sənsə adama əl yetirməzsən. Nə olar, o uşağa heç
olmazsa arada ilıq su ver, yazıqdır.
- Əziz həyat yoldaşım, mənim təmiz tumanım var?
- Var. Nə olub ki?
- Mən bu it oğlu Markesin Nobel nitqini yarımçıq qoymamaq üçün
tumanımı islatmağa razı oluram, başa düşürsən? Əl çək məndən. İmkan
ver, bu zibili oxuyum!
- Oxu daa, mən sənə deyirəm, oxuma?
- Demirsən, mane olursan.
"Ədəbiyyatda imdadımıza yetişən orijinallıq nə üçünsə sosial
dəyişiklik cəhdlərimizin qarşısını kəsir".
- Görürsən, yazıçılara ev verdilər. Bəs sənə niyə vermirlər?
Yəqin onlar televizora çıxırlar, ona görə. Ya da, səndən yaxşı
yazırlar. Sənsə ancaq kitab oxuyursan. Adam da hər gün kitab
oxuyar? Yazdıqlarını niyə ora-bura göndərmirsən? Atam deyir ki,
böyük yazıçılar haqda yazmaq lazımdır. Belə etsən, onlar da, sənin
haqqında gözəl fikirlər səsləndirərlər. Sən də, məşhurlaşarsan.
Böyük adamlar haqda yazmaq lazımdır. Bax, bu əlimdəki süpürgəni
görürsən?
- Hə, görürəm.
"Ustadım Uilyam Folkner eyni ilə buna bənzər günlərin birində
demişdi: "Mən insanlığın sonunu qəbul etməkdən imtina
edirəm".
- Bu süpürgəni əlinə alıb, başının içində nə varsa, hamısını
süpürüb atmalısan zibilqabına. Özünə doğru-düzgün bir iş
tapmalısan. Başa düşdün? Cavab ver də-ə. Gözünü kitabdan çək,
gözlərimin içinə baxıb de ki, mən səni başa düşdüm.
- Poxa düşdüm, poxa! Əl çək!
- Vallah, mən sənin yaxşılığına deyirəm. Çıxartdığın kitablardan
neçə yüz dənəsi satılıb? Amma mən o gün avtobusa minəndə, bir oğlan
əlində Varisin, Elxan Elatlının kitablarını satırdı. Soruşdum ki,
gün ərzində neçəsini satırsan? Dedi: Azı 20–30 dənə.
İndi gör onların kitablarından ay ərzində neçəsi satılır e-e.
Bir aya, yəqin, ən azı 500 dənəsi satılar. Hər kitabdan iki manat
qalsa, aya 1000 manat edər. Az pul deyil ha-a. Amma sən səhərdən
axşama kimi yazırsan, oxuyursan, bu iki ildə görmədim ki,
yazdıqlarına görə bir qara qəpik qazanasan.
- Qara qəpiklər boyda daşlar yağaydı göydən, başımı pəəncərədən
çölə tutub it kimi gəbərəydim!
"Utopiyanı xatırladan bu ağrılı reallıqla qarşılaşdıqda, biz –
hər şeyə inanmağa hazır olan nağılçılar – hiss edirik ki, cavab
utopiysı yaratmaq gec deyil".
- Onu nə vaxt oxuyub qurtaracaqsan?
- Hələ təzə başlamışam. Nə olub?
- Quru çay alardın evə. O kitabda nə yazılıb?
- Mən sənin ağzına-ağzına vursam, səsin kəsilər? – bu yazılıb!
- Uşağı da götürüb gedib oturaram atamın evində! Boşanaram səndən!
Səni rusvay edərəm! Məni vurmaq elə bilirsən sənə sərf edər? Mən
yiyəsiz deyiləm e, atam da var, qardaşlarım da, hələ üstəlik
qohumlarımı da yaxşı tanıyırsan. Bu dəqiqə gedərəm. Elə lap bu
dəqiqə!
- Taksi çağırım?
* * *
- Siz məhkəməyə müraciət edərək boşanmaq istədiyinizi
bildirmisiniz. Bir övladınız var. Qərarınız qətidir?
- Bəli, qərarım qətidir, cənab hakim.
- Vətəndaş, nə səbəbə və nə vaxt belə bir qərara gəldiniz?
- Qabriel Qarsia Markesin Nobel nitqini oxuyarkən.
- O kimdir?
Kişi ağzını açmamış həyat yoldaşı dilləndi:
- Ailəmizin dağılmağına səbəb olan gədəni deyir, cənab hakim.
Hakim üzünü qadının həyat yoldaşına tutub sualı təkrarladı:
- Vətəndaş, o uzun-uzadı adı olan kişi kimdir?
- Mənim kimi varlığını həqiqətə uyğunlaşdırmaq üçün zəruri
vasitələrdən məhrum olduğuna görə ramedilməz reallığın yaratdığı
əclafın biridir.
Yerində bir az qımışan hakim kişidən kobud danışmamağı və söyüş
söyməməyi tələb edərək:
- Mən sizə övladınıza görə bir ay vaxt verirəm, yaxşıca
düşünməyiniz məsləhətdir. Hər hansı problemin yaşanmaması üçün
xanımınız atası evində qalacaq bu vaxt ərzində, – deyib, məsələyə
bir ay sonra baxacağını bildirdi.
* * *
- Evdə quru çayımız var? – Kişi soruşdu.
- Hə var, narahat olma.
- Elə bil bayaq uşaq ağlayırdı.
- Yeməyini verdim yatdı.
- Bu kitabı bu gün bitirəcəm. Herman Hessenin "Yalquzaq"
əsəridir.
- Mən atamgildə qalanda Kafkanın "Çevrilmə" hekayəsini oxudum,
düşündüm ki, yəqin sən hansısa bir həşərata çevriləcəksən tezliklə.
Məsələn, hər gün silinib təmizlənməyən hamamda çimdiyinə görə
tarakana çevrilə bilərsən. Maraqlı idi. Sonra Çexovun "Qara
Rahib"ini oxudum. "Qara Rahib"i oxuyanda bilirsən nə
düşünürdüm?
- Nə?
- Sən hər gün süpürülməyən tozanaqlı evin havasını udmaqdan, çirkli
qabda balıq konservi yeməkdən vərəmə yoluxa bilərsən.
- Yox, mən az qala sənsizlikdən vərəmləyəcəkdim...