Tənqidçi
Tehran Əlişanoğlunun Feysbuk səhifəsində yazdığı
fikirlər qalmaqal yaradıb.
Axar.az xəbər verir ki, Tehran Əlişanoğlu öz statusunda
həmkarlarını hədəfə alıb.
"Ədəbiyyat qəzeti"ndə klassik irs ətrafında tutaşma. Mübariz
diletantizm və separatçı peşəkarlar. E.akimova, i.musayeva,
s.şıxıyeva, i.həmidov, a.mirzəyev, a.turan. Görüş ən nəhayət baş
tutdu", - yazan Tehran Əlişanoğluna ilk irad tənqidçi Səadət
Şıxıyevadan gəlib. O, həmkarını əsassız fikir səsləndirməkdə
ittiham edib:
"Tehran müəllim, klassik irsin problemlərini məndən yaxşı
bilirsinizsə, buyurun, rəy bildirin. Əsaslı dəlillərlə, təbii ki.
Yoxsa ki, ironiyanız yersizdir. Mən ölkədən kənarda da peşəkar
sayılıram. Təvazökarlıqdan uzaq olsa da. Adlarımızı kiçik,
söhbətimizi tutaşma adlandırmağınız isə problemi həll etmir.
Problem isə var. Separatçılığın əlaməti o söhbətlər deyil".
Polemikaya İradə Musayeva da qoşulub:
"Tehran müəllim! Siz alim adamsınız. Dərəcəniz,
adınız-sanınız... Qorxmursunuz dediyiniz, yazdığınız sözün
məsuliyyətinə cəlb olunasınız? Bu ədəbiyyat müzakirəsində elmi
dərəcəsi və elmi olmayan adam varmı? Siz öz qələm və iş
yoldaşlarınızı, görün nədə qınayır və istehza edirmiş kimi bir
"yuxarılıq" mövqeyindən "atəş" açırsınız... Klassik ədəbiyyatın
tədrisində problem görməmisinizmi bir müəllim kimi? Konfranslarda
olanda, dünya mətbuatında klassiklərimizin başqa xalqların adına
çıxılmasının şahidi olmamısınızmı? Bizim nümayəndələr isə çox
hallarda susublar... Elə burda bizi də susmağa təhrik edən adamlar
kimi... Diletant sözü, bilirsiniz, kimə aiddir?! Diletant da olmaq
olar belə məsələlərdə, qorxulu deyil, amma liberal və "qlaflı"
olmaq çox sarsıdıcıdır... Hər tərpənişə, hərəkətə, düşünmək istəyən
adama bir daş atsaq, həmin o "yuxarılıq" təpəsindən nə qazanarıq?
Axı siz də ədəbiyyatı və bu milləti sevirsiniz, məncə, bəs bu
narahatlıq niyə?!
Birimizin bircə məqaləsini əlimizdən alan olsa, dünyanı
dağıdarıq. "Mənimdir!" - iddiası... Nizamini, Nəsimini, Füzulini
ədəbiyyat tariximizdən silirlər, İran, Türkiyə, Türkmən və s.
ədəbiyyat tarixi kitablarına, dərsliklərinə salırlar öz şairləri
kimi... Hələ ermənilər... Biz səsimizi çıxarmaq istəyəndə separatçı
deyirsiniz... Alimi aliminə separatçı deyən xalqın bir gündə bir
yox, 10 şairini də əlindən almaq olar. (Y.Səmədoğlu necə demişdi
"Qətl günü"ndə? Şairi şairinin başını istəyən xalqın bir gündə bir
qalasını yox, 100 qalasını almaq olar...)"
Yazıçı Əyyub Qiyas İradə Musayevanın şərhinə cavab olaraq Tehran
Əlişanoğlunun xəstə olduğunu bildirib:
"İradə xanım, Tehran xəstədir, üstünə getməyin! Bir neçə həftə
əvvəl özü xəstə olduğunu mənə şəxsən etiraf etdi".
Qeyd edək ki, "Ədəbiyyat qəzeti"nin "Müzakirə Saatı" layihəsində
"Çağdaş
ədəbiyyatşünaslıqda klassik irs məsələləri" mövzusunda dəyirmi
masa keçirilib. Dəyirmi masada "Ədəbiyyat qəzeti"nin baş redaktoru
Azər Turan, tənqidçilərdən Elnarə Akimova, İradə Musayeva, Səadət
Şıxıyeva, İmamverdi Həmidov, Ataəmi Mirzəyev iştirak edib. Müzakirə
Axar.az saytında yayımlanıb.