Bu gün bölgədə Azərbaycan və Ermənistan arasındakı hərbi
güc balansının nisbəti çox dəyişib. İnanıram ki, qarşıdakı günlərdə
Azərbaycanın işğalçı Ermənistana qarşı təzyiqləri daha da
artacaq.
Bu fikirləri Publika.az-a eksklüziv açıqlamasında Türkiyə Hava
Təşkilatı Universitetinin rektoru, Türkiyə Hərbi Hava Qüvvələrinin
ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşad Atılqan
bildirib.
Türkiyəli general deyib ki, artıq Qarabağ münaqişəsi həllinin vaxtı
yetişib. Onun sözlərinə görə, indi bölgədə Azərbaycan Ermənistandan
qat-qat güclü dövlətdir: "İndiyədək Rusiya-Ermənistan münasibətləri
və Qərbin ikili standartlı siyasəti Qarabağın həll olunmasına imkan
vermirdi. Bütün bunlar Qarabağ münaqişəsini "dondurulmuş" vəziyyətə
gətirmişdi. Bu münaqişənin həlli ilə ciddi olaraq Azərbaycan və
Türkiyədən savayı maraqlanan dövlət yox idi. Ancaq son vaxtlar
münaqişənin həllində irəliləyişlərin olması barədə xəbərlər
eşidirik. Təbii ki, bu bizi çox sevindirir. İnşallah tezliklə
Qarabağ münaqişəsi də ədalətli həllini tapar, Cənubi Qafqazda da
sülh və sabitlik dövrü mövcud olar. Əks halda bu münaqişənin hərbi
yolla həlli ən çox Ermənistana zərbə vuracaq. Çünki hazırda
Ermənistan iqtisadiyyatı çökmək üzrədir. Eyni zamanda da
Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumi büdcəsindən
qat-qat çoxdur".
Kürşat Atılqan qeyd edib ki, adətən, müharibənin qalibi daha çox
müdafiəyə sərf olunan xərclər və hərbiçilərinin peşəkarlığı ilə
ölçülür:
"Türkiyə də Azərbaycan müstəqillik qazandıqdan bəri bu ölkəyə
ciddi hərbi dəstək verir, ordu quruculuğu və kadr hazırlığı işində
yaxından köməklik göstərir. Çünki Türkiyə və Azərbaycan bir millət,
iki dövlətdir. Ona görə də Türkiyə bölgədə Azərbaycanın öz
suverenliyini təmin etmək üçün müdafiəsi işinə böyük dəstək
göstərir".
General vurğulayıb ki, hazırda Azərbaycan ordusu bölgənin ən
güclüsünə çevrilib: "Ötən günlərdə Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində irəliləyiş əldə olunması ilə bağlı mediada
məlumatlar yer alıb.
Türkiyə hər zaman Azərbaycanın tarixi parçası və ayrılmaz
hissəsi olan Dağlıq Qarabağın işğaldan azad olunması üçün bütün
dəstəyi verir və bu dəstək bundan sonra da davam etdiriləcək.
Azərbaycan torpaqlarının işğaldan azad olunması və Dağlıq Qarabağ
probleminin tezliklə həll edilməsi Türkiyə üçün vacib əhəmiyyət
kəsb edir. Çünki Dağlıq Qarabağ türk dünyasının bir hissəsidir.
Ermənistan beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq,
Azərbaycan torpaqlarını işğal edib. Bu işğalın tezliklə sona
çatmasını təmin etmək lazımdır. İnşallah Azərbaycan ordusu daha da
irəli gedərək, Ermənistanın işğal etdiyi torpaqları geri
qaytaracaq. Burada əsas məsələni hərbi güc təyin edir ki,
Azərbaycanın da kifayət qədər hərbi büdcəsi var. Azərbaycan milli
hərbi sənayesini daha da genişləndirməlidir. Bilirsiniz ki,
Türkiyənin hərbi sənaye sahəsində böyük təcrübəsi var. Azərbaycan
bu sahədə Türkiyə ilə daha yaxından əməkdaşlıq etməli, birgə
layihələrdə təmsil olunmalıdır. İnşallah ən yaxın zamanda
Azərbaycanın haqlı mübarizədən qalib ayılacağına hər birimiz
şahidlik edəcəyik".
Sabiq millət vəkili vurğulayıb ki, Ermənistanın hərbi işğalı
nəticəsində Qarabağdan çıxarılan azərbaycanlıların başına gətirilən
faciələrə son qoyulmalıdır: "Ona görə də bu işğala dünya birliyi də
artıq "yox" deməlidir. İnanıram ki, Azərbaycan ən yaxın zamanda
işğal altındakı torpaqlarını azad edəcək".