İyulun 9-da Varşavada NATO Sammiti çərçivəsində "Dövlət
və hökumət başçıları səviyyəsində "Qətiyyətli dəstək" missiyası
çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş
dövlətlərlə Əfqanıstan üzrə görüş" keçirilib.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunması
istiqamətində dünya birliyinin irəli sürdüyü təşəbbüslərə
Azərbaycan da öz dəstəyini verir. Ölkəmiz Əfqanıstana sülhməramlı
qüvvələrimizin orada təmsil olunması, müəyyən təlimlərin
keçirilməsi ilə və digər müxtəlif proseslərdə dəstək göstərir.
Prezident İlham Əliyev NATO Sammiti çərçivəsində "Dövlət və
hökumət başçıları səviyyəsində "Qətiyyətli dəstək" missiyası
çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş
dövlətlərlə Əfqanıstan üzrə görüş"dəki çıxışında da bu məsələlərə
toxunaraq deyib:
- Cənab baş katib, həmkarlar.
Əfqanıstanın təhlükəsizliyi və davamlı inkişafı regional və
qlobal sabitlik üçün olduqca əhəmiyyətlidir.
NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi
Azərbaycan "Qətiyyətli dəstək" missiyasına əsgərləri vasitəsilə
verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcək və müxtəlif növ
tranzit daşımalarını təmin edəcək.
Azərbaycan Əfqanıstanın milli ordusunun Qəyyumluq Fonduna artıq
bir neçə dəfə əhəmiyyətli yardımlar göstərib. Biz götürdüyümüz
öhdəliklərə uyğun olaraq, həmin Fondu maliyyə baxımından
dəstəkləməkdə davam edəcəyik.
Biz Əfqanıstan ilə uzunmüddətli siyasi tərəfdaşlığa və praktiki
əməkdaşlığa sadiq qalırıq və "Qətiyyətli dəstək" missiyası başa
çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində
töhfəmizi verməyi nəzərdə tuturuq.
Azərbaycanın Əfqanıstanda sabitliyə və inkişafa verdiyi töhfə
NATO əməliyyatlarındakı iştirakımızdan əlavə olaraq həyata
keçirilir.
Biz hərbi tədris, təhsil, infrastruktur, daşıma, sərmayələr və
qadınların cəmiyyətdə rolunun artırılması kimi sahələrdə praktiki
yardım göstərməklə, Əfqanıstanı etibarlı gələcəyə doğru islahatlar
yolunda ikitərəfli qaydada dəstəkləyirik.
Azərbaycan yaxın gələcəkdə başa çatdırılacaq Bakı-Tbilisi-Qars
dəmir yolu layihəsinin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə
maliyyə və texniki dəstəyini göstərib. Bu layihə Avropa və Asiyanın
dəmir yolu xətlərini Azərbaycan vasitəsilə birləşdirəcək.
Əfqanıstan, həmçinin bu mühüm daşımalar şəbəkəsinə qoşula
bilər.
Xəzər regionunda ölkəmizin ən iri Beynəlxalq Ticarət Limanının
tikintisi Avrasiyada əməkdaşlıq üçün yeni imkanları yaradır. Əminəm
ki, Əfqanıstan, həmçinin bu layihədən faydalanacaq.
Azərbaycan–NATO tərəfdaşlığı beynəlxalq hüququn və
təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar
olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin
təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir
milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi
cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə
gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o
cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır.
İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının
Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və
qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə
yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan
edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in
fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik.
Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad
edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha
qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə
və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək
dəyərləndiririk".