Xocalı hadisələrinin şahidi olmuş rus jurnalist
Viktoriya İvleva əsirlikdə tanış olduğu və 19 il sonra xilas etməyə
çalışdığı Xocalı əsiri ilə görüşü haqda yazıb.
Jurnalistin 2011-ci ildə yayımlanan məqaləsini "Axar.az" təqdim
edir.
"19 il sonra Qarabağdan qaçqın düşən qadın və qızı ilə görüşdüm.
Mən onunla düz 19 il qabaq, 26 fevral 1992-ci ildə görüşmüşdüm.
O, əsir idi, dörd uşağı da əsir düşmüşdü. Mən isə müharibəyə
onları əsir alan insanlarla gedən bir jurnalist idim. Əvvəlcə onu
deyil, bizə tərəf gələn qəribə qar buludunu gördüm. Sonra nalələr,
qışqırıqlar və uşaq ağlaması eşitdim. Sonra bulud parçalandı və mən
yarıçılpaq insanlar, əsasən də qadın və uşaqları gördüm. O
izdihamın içində sonuncu idi - yalın ayaqlarına geydiyi qaloşla
addımlayırdı, tez-tez dayanırdı ki, görsün uşaqları geri qalmayıb
ki.
Onun dörd uşağı vardı. İkisi arxasınca gedirdi, ikisini isə -
ayağından və başından yaralanmış oğlu və yeni doğulmuş qızını
qucağında aparırdı. Qızı yarımgünlük idi.
Kürəyimdən aldığım zərbə ömür boyu mənimlə
qaldı
Mən əsir düşmə anını görməmişdim. Həkimlərlə birlikdə, ikinci
eşelonda idim. Biz yanaşı gedirdik. Getmək çətin idi. Hər yer qar
idi. Sonra mən ondan körpəni alıb, gödəkçəmin altına sıxdım. Mənim
tünd qırmızı gödəkçəm vardı və elə bilirdim ki, məni müharibədən
qoruyur. Amma əslində əlbəttə ki, ölüm və yaralanmaq üçün əsl hədəf
idim. Bütün hücumçuların qolunda ağ sarğılar vardı. Məndə də vardı
amma haradasa düşmüşdü. Arxadan atın üstündə yaxınlaşan əsgər bir
neçə dəfə kürəyimdən itələyib, qulağımı deşən dildə nəsə qışqırdı.
Kürəyimdən aldığım zərbə ömür boyu mənimlə qaldı.
O zərbə mənə hər bir əsirin yer üzündə yaşadığı şeyləri hiss
etdirdi: tam ədalətsizlik. Mən heç nəyə dönmüşdüm, əsgər
ayaqqabısında toz kimi bir şey idim, sivilizasiya itmişdi, zaman
dayanmışdı, dünya sıxılmışdı, bircə mən və kürəyimdən vuran o əsgər
qalmışdı. Bir də qorumalı olduğum südəmər körpə.
Bütün bunlar, sadəcə, bir an davam etdi. Sonra məni tanıyan bir
nəfər yaxınlaşdı və o dəqiqə məlum oldu ki, mən əsir deyiləm, üzr
istədilər. Nə fərqi var... Axı yaddaşımda heç nə olmağım ki,
qalmışdı...
Oğlu ayaqyalın idi, qızı isə bircə corabda
Onların hamısını bir neçə gün əsir saxladılar. Mən onu ziyarət
edirdim, düzdür, xoş qarşılanmırdım. Sonra onları cəbhə xəttinə
apardılar və dəyişdilər. Dəyişmə şərtləri yaddaşımdan silinib,
deyəsən, onları eləcə azad etmişdilər. Onların heç bir qiyməti yox
idi, hər tərəfdə dəyişdirilmək üçün bərabər qiyməti olan əsgərlər
var idi. Mən onlarla dəyişmə xəttinə qədər yeridim. Böyük oğlu
ayaqyalın, qızı isə bircə corabda idi. Yaralı uşağı və yeni
doğulmuş qızı örtüyə bürümüşdülər. Onları silahlı kişilər
daşıyırdılar. Mən ona bir az pul vermişdim. Amma uzun müddət
düşünmüşdük ki, pulu harada gizlədək ki, axtarsalar tapmasınlar.
Sonra pulu paltarının qolunda gizlətmişdi.
Onları köhnə, sarı avtobusa otuzdurdular və o həmişəlik
həyatımdan itdi. Deyəsən, onun adı Mövluda idi. O, məhsəti
türklərindən idi. Açıq rəngli saçları və böyük mavi gözləri
vardı.
Həmin vaxt onun hadisəsini ölkənin ən yaxşı qəzeti olan "Moskva
xəbərləri" çap etmişdi. Jurnalın üzündə ayaqyalın gedən insanların
fotoları vardı. İçində isə Mövludanın fotosu. Jurnal ağ-qara idi
deyə, mavi gözlərini ayırd etmək olmurdu.
Qocalmışdı, amma mavi gözləri qalırdı
Yuxarıdakı hadisələrin baş verdiyi ərazi Xocalı idi. Mövluda ilə
Xocalıda görüşərkən artıq yüzlərlə yerli əhali öldürülmüşdü.
Onlardan əksəriyyəti qadın və uşaqlar idi. Xocalıda atışmalar və
küçə döyüşləri gedirdi. Mövluda və digərləri isə evlərindən
qaçırdılar. Amma düz hücumçuların üstünə. Xoşbəxtlikdən onlar ilk
əsir düşənlərdən oldular ona görə də sağ qaldılar. Bir neçə ay
qabaq azərbaycanlı jurnalist Şahin Hacıyev məni jurnalistlərin
münaqişə ocaqlarında davranışları barədə seminara dəvət etdi. Ona
Mövluda barədə danışdım və biz onu tapmağa qərar verdik və tapdıq
da.
Biz Azərbaycanda qaçqın kəndi - Ağcakəndin küçələri ilə
gedirdik. Həyətə girdik. Görüşümüzə həqiqətən o çıxdı. Qocalmışdı,
amma mavi gözləri qalırdı. Biz qucaqlaşdıq və uzun müddət həyətdə
ağladıq. Saçlarını və üzünü sığalladım, yanaqlarında barmaqlarımı
gəzdirdim. Qadınsayağı şeylər düşünürdüm, məsələn dərisinin uşaq
dərisi kimi yumşaq olması barədə fikirləşirdim.
Ona deyin ki, mən iki gün onu əllərimdə
gəzdirmişəm
- Rusca danışırsan? – soruşdum. – Axı onda danışırdın?
- Yox,- cavab verdi. (Şahin tərcümə edirdi), – daha danışmıram.
- Hamısı çıxıb başımdan.
- Evə girmək olar? Həm daşıdığım qızı da görmək istəyirəm.
Mehriban (Mövludə) razılaşdı.
Biz balaca qaçqın evinin pillələrini qalxırıq. Qızın adı
Günaydır. Qız kresloda oturub, ayaqlarını yığıb. Hamar saçlarını
arxaya toplayıb və hind döyüşçüsü kimi heç nə ifadə etməyən üzü
var.
- Salam, Günay! - deyirəm.
O, susur və imkan vermir ki, onu qucaqlayım.
- Xəstədir, - Mehriban deyir. – Əvvəllər az-maz danışırdı, amma
artıq beş ildir heç danışmır. Bilmirik ki, nəyi başa düşür, nəyi
yox.
Çaşqın halda qızın sakit üzünə baxıram. Sonra isə burnumda
sakitcə deyirəm:
- Vacib deyil ki, başa düşür, ya yox. Bəlkə indi başa düşmür,
amma nə vaxtsa başa düşəcək. Siz ona deyin ki, nə vaxtsa mən iki
gün onu əllərimdə gəzdirmişəm.
Şahin tərcümə edir. Günay isə yenə də sakitcə məndən kənara,
boşluğa baxır. Üzü yenə də heç nə ifadə etmir.
Zirzəmidən əsirliyə…
Mehriban danışır:
- Mən onu zirzəmidə dünyaya gətirdim. Biz bir neçə qonşu ilə
orada gizlənmişdik, çünki çox güclü atışma gedirdi. Elə hamının
qabağında doğdum. 23 fevralda. Sonra biz iki gün də orada qaldıq.
Atışma davam edirdi. Bizimlə olan iki kişi dedi: "Gəlin, burdan
çıxaq, ağ bayraq qaldıraq". Onlar öz tapdıqları cındırla çölə çıxan
kimi güllələndilər. Bizi isə əsir götürdülər. Həyat yoldaşım elə
həmin gün öldürülmüşdü, amma mən bilmirdim. O, traktorçu idi. Çox
güclü, idmançı adam idi. Onu polisə aparmışdılar ki, aeroportu
qorusun, elə orada da ölmüşdü. Sonra onun cəsədini dəyişdirdilər,
dəfn edə bildim. Bizi qovanda birdən sanki şüurumu itirdim. Sonra
gördüm ki, qızım yoxdu.
Əlimdən düşmüşdü. Geri qayıtdım, onu qarın üstündə tapdım.
Yaşadı, amma görürsən də necə. Hamımızı qarın üstündə otuzdurdular.
İcazə verdilər ki, ocaq qalayaq. Uşaqlar yemək istədilər, onlara
dedilər ki, qartopu düzəldib yeyin. Beləcə oturduq, sonra
bəzilərimizi seçib maşına mindirdilər və əsirliyə apardılar. Orada
mənə kolbasa-çörəklə çay verdilər. Çünki südəmər körpəm
vardı...
Vicdan ilahəsi
Mən əslində bu hadisədə istənilən sonluğa hazır idim, məsələn,
qızın xəstə olmasına, ölməsinə və ya ərə getməsinə. Amma Günayın
hissiyyatsız üzünü görmək məni didərgin etdi. Bütün həyat, sevinc,
qələbə lazımsız bir şeyə çevrilmişdi. Günayın başına gələnlər hər
şeyi heç nə etmişdi. Dəhşət, gücsüzlük və əzab çəkirdim.
Axı Günay sizə, əclaflara, güllələri sevənlərə nə etmişdi?!
Nə etmişdi axı nə?!
Bütün axşamı ayaqlarını altına yığıb qarşısına baxdı. Günay onun
həyatını məhv edən iyrənc həyatdan uzaqlaşmışdı, heç onun varlığını
hiss etmirdi.
O İttiham ilahəsi, Vicdan ilahəsi idi. Mənim vecimə də deyil
hansısa dində belə ilahələr var, ya yox. Bircə onu bilirəm ki, indi
var - Azərbaycanın dağlıq kəndi olan Ağcakənddə. Bu kənd anasının
onu doğduğu yerdən cəmi 60 kilometr uzaqlıqda yerləşir.
P.S. "Yadındadır, - birdən Mehriban nəyisə yadına salaraq deyir,
- sən mənə ünvanın və telefon olan kağız verdin ki, məni döysələr
və ya nəsə pis olsa, sənə zəng edim. Mən o kağızı Ağdamda itirdim,
heç sənə zəng eləmədim..."
P.P.S. Mehriban ilin dörd ayını çörək sexində çörək bişirir,
qalan vaxtlarda çörək bişirmək sərf eləmir. Günə altı manat
qazanır. Böyük oğlu Bakıda yaşayır, iki uşağı var. Ortancıl, o vaxt
yaralı olanı təmirxanada çalışır, nifrətlə doludur, döyüşüb intiqam
almaq istəyir. Böyük qızı beş sinif bitirib, ev işlərində kömək
edir. Tez-tez epileptik tutmaları olan Günay heç bir təqaüd və ya
dərman almır. Həkimlər deyirlər ki, onun müalicəsi Azərbaycanda
mümkün deyil, hesab edirlər ki, Mehriban qızını müalicə üçün xaricə
aparmalıdır. Məsələn, İsveçrəyə...
Təəssüf ki, material yayımlanandan az sonra Günay rəhmətə
gedir.