Rusiya bayrağı dalğalanan avtomobil ölkə üçün ənənəvi
həndəsi naxışları olan qırmızı xalçanın salındığı Azərbaycan Xarici
İşlər Nazirliyinin geniş pillələrinin düz önündə dayandı. "Beş
dəqiqə tez gəlmisiniz" deyə Elmar Məmmədyarov qonağı salamladı.
"Yaxşı, bağışlayın" Lavrov cavabında güldü.
Publika.az xəbər
verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşrinin Sergey Lavrovun
Bakı səfəri ilə bağlı reportajında deyilir.
Nəşrin müxbiri Qalina Dudina qeyd edir ki, Lavrov beş dəqiqə
əvvəl gəlməsinə baxmayaraq, diplomatlar ləngimədi: "Sergey Lavrov
"Xəzər beşliyi" ölkələrinin nazirlərinin toplantısına çatmaq üçün
Astanaya uçmağa tələsirdi. Yekun konfransda Məmmədyarov
azərbaycanlı jurnalistlərdən üzr istəyərək, rus dilində danışdı.
Vaxta qənaət etmək üçün tərcümədən imtina olunmuşdu. Nazir Dağlıq
Qarabağ münaqişəsinin nizama salınması perspektivlərinin müzakirə
edildiyini, onun qonağı isə İrəvana bu yaxınlarda etdiyi səfər
haqda danışdı. "Sergey Viktoroviçin bizə verdiyi informasiyaya
görə, pozitiv ahəng yaranıb". Lakin nazirlər təfərrüatları
açmadılar. Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada
və Sankt-Peterburqda görüşünü xatırladaraq izah etdi ki, məlum
səbəblərə görə, danışıqların detallarını açıqlamırlar. "Üç
prezident ümidin cücərtilərinə ehtiyatla yanaşmaq haqda
razılaşdılar. Lakin bizdə güman etməyə əsas var ki, bu dəfə daha
çox uğura yaxınıq", - deyə diplomat jurnalistləri təmtəraqla
arxayın etdi".
Jurnalist qeyd edir ki, danışıqların kuluarlarında təmkinliliyi
belə izah edirlər: "Ermənistan və Azərbaycan tərəfi nizama
salınmanın prinsipial məsələlərində razılığa nail olmağı
bacarıblar. Lakin hələlik bəzi məsələləri də razılaşdırmaq
lazımdır".
"Kommersant"a danışan Azərbaycan Xarici İşlər Nazirliyinin
mətbuat katibi Hikmət Hacıyev deyib ki, hazırda status-kvonun
dəyişilməsi haqda söhbət gedir: "Aprel hadisələri göstərdi ki,
mövcud status-kvo vəziyyətin gərginləşməsinə səbəb ola və regional
təhlükəsizlik üçün ciddi problemlər yarada bilər. Ona görə də indi
status-kvonun dəyişilməsindən söhbət gedir".
H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yeni
görüşün imkanları müzakirə edilir: "Həmçinin, növbəti görüşün
Parisdə keçirilməsi ideyası var. Prinsip etibarilə Azərbaycan
həmişə belə görüşlərə açıqdır və yer bizim üçün xüsusi əhəmiyyət
kəsb etmir. Ən vacib olan budur ki, bu, görüş xatirinə görüş
olmasın".
Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov nəşrə
açıqlamasında bildirib ki, Sergey Lavrovla Prezident İlham Əliyevin
görüşündə Dağlıq Qarabağ münaqişəsi əsas məsələ idi.