Ermənistanda süni surətdə
qızışdırılan qarşıdurmalar uydurulmuş məsələlərdir. Sərkisyan
ölkəni məhz Qarabağa görə bir-birinə qatır. Ermənistanda belə bir
fikir formalaşıb ki, guya danışıqlar prosesində Rusiyanın təklif
etdiyi yol xəritəsi Azərbaycan üçün xeyli güzəştlər vəd edir. Ancaq
sözügedən güzəştlərin nədən ibarət olduğunu açıqlaya
bilmirlər.
Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
danışıb. Sabiq dövlət müşaviri bildirib ki, Dağlıq Qarabağın həlli
çoxdan tapılıb:
"NATO-nun son sammitində qeyd edildi ki, postsovet dövlətlərinin
ərazi bütövlüyü Helsinki yekun aktının müddəalarına uyğun surətdə
həyata keçirilməlidir. Yəni hər hansı bir ərazi, sərhəd
dəyişikliyinə gedilə bilməz. Beləliklə, Dağlıq Qarabağın taleyi də
öz həllini tapmış olur. Güman edirəm ki, prezidentlərin Paris
görüşündə Qarabağ məsələsi daha ciddi və sərt şəkildə qoyulacaq.
Çünki Fransa nə qədər ermənipərəst dövlət olsa da, NATO-nun üzvüdür
və sammitdə qəbul edilmiş qərarlara tabe olmaq məcburiyyətindədir.
Helsinki yekun aktının müddəalarının nizamlanma prosesinə tətbiq
edilməsi üçün həmsədr ölkə kimi Fransa da səy göstərməlidir".
Politoloqun sözlərinə görə, Azərbaycan dünya siyasətində baş
verən pozitiv dəyişiklikləri nəzərə almaqla inadla ərazi
bütövlüyünün bərpasını tələb edəcək:
"Danışıqlar prosesinin əsas məğzini erməni qoşunlarının işğal
edilmiş ərazilərimizdən çıxarılması, Azərbaycanın ərazi
bütövlüyünün tanınması və Ermənistan ətrafında yaradılmış
blokadanın götürülməsi, yəni kommunikasiya vasitələri, dəmir yolu
və qaz kəmərlərinin açılması, həmçinin Türkiyə tərəfdən də
blokadanın qaldırılması, Sürix protokollarının işə düşməsi təşkil
edəcək. Hətta danışıqlar uğurlu gedərsə, Ermənistanla diplomatik
münasibətlər də yaradılacaq. Əgər Sərkisyan bütün bu müddəalara
əməl etsə və sülhyaratma prosesində müəyyən kompromislərə getsə,
Ermənistan bölgədəki irimiqyaslı layihələrə qoşula, iki ölkə
arasında düşmənçilik aradan qalxa bilər. Bu, hər iki ölkəyə sərf
edən ən yaxşı variantdır. Hazırda Ermənistana təzyiq böyükdür,
İrəvanın qarşısına beynəlxalq hüquq normalarına əsaslanan faktlar
qoyulub və Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməsi tələb
olunur".
Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu
görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.
Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş
tutacağı gözlənilir.