Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində olan institut və tədqiqat mərkəzlərinin böyük hissəsinin Təhsil Nazirliyinə birləşdirilməsi və Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyinə çevrilməsindən 3 ildən çox vaxt keçir.
Axar.az xəbər verir ki, bu struktur dəyişikliyindən sonra AMEA-nın tərkibində yalnız 11 subyekt qaldı. Daha çox humanitar sahələri əhatə edən bu subyektlərlə AMEA-nın fəaliyyət istiqaməti də dəyişdi.
Struktur dəyişikliyinin səbəbi kimi həm də PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin bu quruma president təyin olunmasından sonrakı proseslər göstərilirdi. Belə ki, Ramiz Mehdiyevin AMEA prezidenti olması ilə bu qurumda intriqalar dərinləşmişdi, vaxtaşırı “struktur islahatı” adı ilə öz kadrlarının yerləşdirilməsi, nüfuzlu alimlərin sıxışdırılması baş verirdi, eyni zamanda, AMEA nüfuzunu sürətlə itirirdi, AMEA-nın saytı artıq bloq səviyyəsinə enmişdi.
Ramiz Mehdiyevin 2025-ci il 14 oktyabrda dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev həbsinə qərar veriləndən sonra AMEA da yenidən diqqət mərkəzinə düşdü. İddialara görə, AMEA ləğv edilə və yaxud statusu dəyişə bilərdi.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası mövcud strukturu və statusu baxımından SSRİ-nin ənənəsidir. SSRİ-nin ləğvindən sonra müstəqillik əldə edən respublikaların böyük əksəriyyətində Elmlər Akademiyasının statusu dəyişdirilib. Məsələn, Cənubi Qafqaz ölkələrində Gürcüstanda tam şəkildə Elm və Təhsil Nazirliyinə birləşdirilib, Ermənistanda da analoji proses baş verib – tədqiqat mərkəzləri və institutlar aidiyyəti üzrə ali məktəblərə və yaxud nazirliyə tabe etdirilib, kiçilən qurum isə QHT səviyyəsinə endirilib. Yalnız Rusiya EA keçmiş statusunu davam etdirməkdədir.
Ancaq AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə keçirilməsi və Prezident İlham Əliyevin tədbirdə iştirakı bu barədə gedən müzakirələrin istiqamətini dəyişdi.
Sabiq təhsil naziri və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov da saytımıza açıqlamasında bildirib ki, AMEA-nın bağlanması ehtimalları indi daha az inandırıcıdır:
“Prezidentin 80 illik yubileyə gəlməsi və bir qrup əməkdaşa orden və medallar təqdim etməsi göstərdi ki, AMEA yaşayacaq. Buna heç kimin şübhəsi olmasın”.
Qeyd edək ki, Prezident İlham Əliyevin AMEA-nın yubileyində iştirakından sonra orda mümkün islahatın ən azı bir müddət ertələndiyi haqda da fikirlər səsləndirilirı.