Ermənistanın Geqarkunik vilayətində yerləşən Ağbulaq kəndinin tarixi, toponimi və əhalisinin etnik tərkibi ilə bağlı XIX-XX əsrlərə aid müxtəlif arxiv sənədləri və yazılı mənbələrdə məlumatlar əks olunub.
Kult.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə məlumat "Perished civilization"da öz əksini tapıb.
Qeyd olunub ki, XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: "tatarlar", "qafqaz tatarları", "türklər" və ya "müsəlmanlar". Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə "türklər", "türk-tatarlar", "islamlar" və ya "məhəmmədilər" adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı "azərbaycanlıların əcdadları", daha sonrakı dövr üçün isə "azərbaycanlılar" termini istifadə olunub.
Bildirilib ki, çar dövründə kəndin adı "Ağbulaq" "Ağbulax", "Ağ bulaq" formasında, sovet dövründə isə "Ağbulax" şəklində idi.
Kənd bir neçə əsr ərzində Ağbulaq adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı "Ağberk" olaraq dəyişdirilib.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geqarkunik vilayətinin tərkibindədir.
1724-cü ildə Rusiya və Osmanlı imperiyaları arasında bağlanmış Konstantinopol müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının ərazisi Rusiya tərəfindən Osmanlı imperiyasının torpaqları kimi tanınıb.
1728-ci ildə Osmanlı məmurları yaşayış məntəqələrinin adlarını göstərən "İrəvan əyalətinin icmal dəftəri"ni tərtib ediblər. Bu sənəddə Ağbulaq kəndinin adı qeyd edilir.
Bildirilib ki, XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.
1827-ci ildə Rusiya İrəvan xanlığının16 ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsi təsbit olunub. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində idi.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Ağbulaq kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla, 136 nəfər yaşayıb.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kəndin sakinləri yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları olub:
Qafqaz haqqında məlumat toplusunda kənd haqqında məlumatlar bu şəkildədir:
1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 422 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
"1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 575 nəfər yaşayıb".
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): "1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 806 nəfər yaşayıb".
1909-cu ilə olan Qafqaz təqvimi: "1906-cı ildə kənddə 940 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası: "1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 940 nəfər yaşayıb".
1912-ci ilə olan Qafqaz təqvimi: "1911-ci ildə kənddə 972 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".
1916-cı ilə olan Qafqaz təqvimi: "1915-ci ildə kənddə 1131 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə - Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistanda hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Ağbulaq əlçatan yazılı mənbələrdə erməni silahlı birləşmələri tərəfindən türk əhalisinin kütləvi qırğını haqqında məlumat olmayan azsaylı kəndlərdən biridir.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub.
1930-cu ildən kənd Dilican, 1937-ci ildən isə Krasnoselsk rayonlarının tərkibində olub.
Erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): "1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla, 1053 nəfər yaşayıb. 1926-cı ildə kənddə 1229 nəfər yaşayıb, onlardan 1221 nəfəri azərbaycanlı olub. 1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla, 1392 nəfər yaşayıb".
Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi: "1959-cu ildə kənddə 1154 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar".
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğətinə əsasən, 1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 1563 nəfər yaşayıb, 1989-cu ildə isə bu say 688 nəfər olub.
Bildirilib ki, 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən çıxarılıblar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə bir hissəsi salamat olan onlarla məzar daşlarının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Onlardan bəzilərinin üzərindəki yazılar XIX əsrə aiddir.
Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.