Artıq bəyan etdiyim kimi, mənim və Ermənistanın Baş naziri Nikol Paşinyanın nikahı başa çatıb. Baxmayaraq ki, müəyyən qarışıqlıq yarandı, çünki mən “vətəndaş nikahı” ifadəsini işlətmişdim. Belə demişdim, çünki bizim başqa nikahımız yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Anna Akopyan öz Feysbuk səhifəsində paylaşdığı videoda Ermənistan Baş naziri Nikol Paşinyandan ayrılması haqda deyib.
O, “naməlum şəxslərin haqqında müxtəlif məlumatlar yayması”nın gözlənilən olduğunu bildirərək, “bir neçə faktı şəxsən” diqqətə çatdırmağı zəruri hesab edir.
O xatırladıb ki, evi yoxdur, kreditlə aldığı ev isə hələ tikinti mərhələsindədir:
“Buna görə də kirayə mənzilə köçürəm. Mənim avtomobilim də yoxdur. Təbii ki, dövlət mühafizəm də olmayacaq. Buna görə də İrəvan küçələrində məni tək gəzərkən görsəniz, xahiş edirəm, təəccüblənməyin və təhqir etməyin. Çünki son səkkiz il ərzində kifayət qədər təhqir eşitmişəm.
Bu illər ərzində mənə verilmiş protokol xarakterli hədiyyələr olan bu zinət əşyalarını da sizə göstərməyi zəruri hesab edirəm. Antokorrupsiya Komissiyasının qərarına əsasən, onlar korrupsiya riski daşımır və təxminən yeddi ay əvvəl mənə təhvil verilib.
Onlardan bəzilərini taxmışam, bəzilərini isə ümumiyyətlə taxmamışam. Təbii ki, bütün bu hədiyyələri, zinət əşyalarını və düşünürəm ki, kifayət qədər bahalı olan bu geyimləri dövlətə təhvil verirəm.
Beləliklə, sağ olun, növbəti görüşədək. Hamınızı sevirəm demək istəmirəm, çünki məncə, sevgi sözlə deyil, əməl ilə, qayğı ilə, sevdiyin varlığa göstərilən diqqətlə sübut olunmalıdır”.
Qeyd edək ki, 17 fevralda Anna Akopyan sosial şəbəkə hesabında Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığı haqda məlumat paylaşmışdı. Onun statusuna yazılan rəylərdə isə bu ifadə Akopyan və Paşinyanın 30 ildən sonra nəhayət rəsmi nikaha girməsi kimi qəbul olunmuş və yüzlərlə təbrik yazılmışdı. Maraqlıdır ki, Anna Akopyan o təbriklərin qarşısında səhv anlaşılma olduğu və Nikol Paşinyandan ayrıldığı haqda heç bir söz yazmamışdı.
Həmçinin erməni mediası da Paşinyanla Akopyanın rəsmi nikaha girdiyi haqda məlumat tirajlamışdı.
Xatırladaq ki, Nikol Paşinyan artıq Anna Akopyanın bu paylaşımına reaksiya verib və ondan üzr istəyib.