Mətbuatda müğənni Mətanət İsgəndərlinin sabiq MTN
generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi barədə
məlumat yayılıb.
Politika.az saytının yaydığı məlumata görə, buna səbəb ABU-nun
rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə Mətanət
İsgəndərlinin münasibətlərinə görə A.Çovdarovun pul tələb
etməsidir.
Eyni zamanda, bunda Mətanət İsgəndərlinin rolunun olduğu da
iddia edilir. Vaxtilə bu ittihamları Mahir Abdullayevin qardaşı
Elşad Abdullayev öz açıqlamalarında səsləndirib. Onun iddialarına
görə, Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin
əvvəllərində Rusiyanın Sverdlovsk vilayətinin Verxuturye şəhərində
generala məxsus taxta-şalban zavodunun alınması ilə bağlı
sövdələşmə olub. A.Çovdarov M.Abdullayevə 300 min dollar borclu
qalıb. Və Mətanət İsgəndərli A.Çovdarovla əlbir olub.
E.Abdullayevin açıqlamasına görə, A.Çovdarovun Mahirdən Hacı
Məmmədova məxsus "Qarabulaq" restoranında müğənni Mətanət
İsgəndərliylə "sərgüzəştləri" ilə bağlı 2 milyon dollar tələb
etdiyi iddia edilir.
E.Abdullayev yuxarıda sadalananların müqabilində qardaşının bir
neçə dəfə oğurlamaq cəhdinin baş tutmadığını vurğulayıb: "Nəhayət,
Akif Çovdarov qardaşımı müğənni Mətanət İsgəndərlinin əli ilə
aldadaraq, 13 oktyabr 2003-cü ildə Bakı şəhərində şəxsən paqonlu
bandasının əli ilə oğurlatdırıb".
E.Abdullayev öz açıqlamasında qardaşının oğurlanmasında
iştirakçı kimi milli təhlükəsizlik nazirinin birinci müavini Hilal
Əsədovun qohumu Sənan İbrahimovun, Akif Çovdarovun biznes və
cinayət ortağı Qulu Cəfərovun, Rövşanə və digər şəxslərin adlarını
da çəkib. Sabiq rektorun ifadələri məhkəmə üçün əsas ola bilər. Ona
görə də, A.Çovdarovun məhkəməsində müğənni Mətanət İsgəndərlinin
iştirak edə biləcəyi istisna edilmir.
Musavat.com
xəbər verir ki, sözügedən məsələ müğənni Mətanət İsgəndərli ilə
bağlı ilk qalmaqal deyil. M.İsgəndərlinin adı daha öncə də ABU-nun
rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin
oğurlanmasında çəkilib. Elşad Abdullayev dönə-dönə qardaşının
oğurlandığı gün məhz M.İsgəndərlinin evində olduğunu demişdi.
Mətbuata göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir
Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət
edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər
Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə
gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün
olmayıb.
Həmin ərəfədə "Təzadlar" qəzeti ABU-nun sabiq rektoru Elşad
Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı
aparılan istintaq zamanı müğənninin verdiyi ifadəni yayımlayıb.
M.İsgəndərli öz ifadəsində öncə M.Abdullayevlə tanışlıq
hekayəsindən danışıb: "Abdullayev Mahir İslam oğlu ilə təxminən
1996-cı və ya 1997-ci ildə tanış olmuşam. Həmin dövrdə tanışım,
AzTV-də operator işləyən Asim Cəlilov mənə Mahir adlı dostunun
oxuduğum "Anam, hardasan?" mahnısına qulaq asdığını və anası vəfat
etdiyindən bu mahnının onu kövrəltdiyini söyləyərək, klip çəkdirmək
istədiyini bildirdi. Daha sonra Mahirlə öz prodüserim, bəstəkar
Asif Kərimovu tanış etdim. Həmin vaxtdan Mahirlə mənim aramda
dostluq münasibəti yarandı və biz tez-tez görüşməyə başladıq.
Mahirin özü də şeir yazmaq istedadına malik olduğundan mənim ifamda
səslənən "Kürdəmir", "Küsmə məndən", "Ülvi balam", "İlk məhəbbət
kövrək olur" mahnılarımın sözlərini yazıb. Mahir ümumiyyətlə,
incəsənət sahəsində inkişaf etməyim üçün mənə maliyyə dəstəyi də
göstərib və hətta Asiflə birlikdə 1998-ci ilin 16-17 mart
tarixlərində solo konsertlərimi təşkil edib".
M.İsgəndərli deyib ki, tanınmış insan olduğundan E.Abdullayev
qardaşının yoxa çıxması ilə bağlı ictimaiyyətin fikrini yayındırmaq
və diqqəti ona yönəltmək üçün onu ittiham edir: "Elşadla təklikdə
olan görüşümüz zamanı o, mənimlə mehriban danışıb, irad
bildirməyib, Mahirin sağ olduğunu söyləyib, salamını çatdırıb, məni
heç bir şeydə ittiham etməyib. Sonradan Elşadın nə səbəbə, nə
məqsədlə mənə qarşı bu cür ittihamlar etməsinin səbəbini
bilmirəm".
M.İsgəndərlinin adı keçmiş polis zabiti Hacı Məmmədovla yanaşı
da çəkilib. Hacı Məmmədov həbs olunandan sonra o dövrün bir sıra
gündəlik qəzetlərində müğənni Mətanət İsgəndərlinin Hacı Məmmədovla
şəkilləri dərc olunsa da, Mətanət İsgəndərli indiyə kimi bu barədə
heç nə deməyib.
O, yalnız M.Abdullayevin itkin düşməsi ilə bağlı aparılan
istintaq zamanı verdiyi ifadədə DİN-in sabiq əməkdaşı Hacı
Məmmədovla bağlı sualı cavablandırıb: "Hacı Məmmədovla yaxın
münasibətim olmasa da, onu bir dəfə Qusar rayonunda sahibi olduğu
"Qarabulaq" istirahət mərkəzində görmüşəm. Özüm bir neçə dəfə
ailəmlə birlikdə həmin istirahət mərkəzinə dincəlmək üçün getmişəm.
Həmin səfərlərimin birində Hacı Məmmədov bir sənət adamı kimi məni
öz ailəsi ilə birlikdə əyləşdiyi masaya dəvət edərək, ailəsi ilə
tanış etdi və təxminən 1 saata yaxın onlarla birlikdə oturub ümumi
söhbətlər etdim. Bundan təxminən 2 ay sonra Hacı Məmmədov
prodüserim Ələddinə zəng edərək tanımadığım qohumunun hazırda adı
yadımda qalmayan şadlıq sarayında keçirilən toy məclisində müğənni
kimi iştiraka dəvət etdi. Hacının ailəsi ilə bir süfrə arxasında
oturub çörək kəsdiyimizdən həmin toyda oxudum, pul almadım. Bundan
əlavə Hacı Məmmədovla hər hansı münasibətim olmayıb. Hacı
Məmmədovla tanışlığım bununla da bitib. Bu hadisənin Mahir
Abdullayev itməmişdən qabaq, yaxud bundan sonra olduğunu hazırda
xatırlaya bilmirəm".
2014-cü ildə isə müğənninin narkoman olması barədə xəbərlər
yayılıb. Tanınmış gitara ifaçısı, əməkdar artist Rəmişin (Rafiq
Hüseynov) verdiyi "şou biznesin 99 faizi narkomandır"
açıqlamasından sonra müğənninin narkoman olduğu da iddia olunub.
Hətta, M.İsgəndərlinin narkotiklərdən istifadə etməsi ilə bağlı
iddiaların ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı, itkin
düşmüş MTN zabiti Mahir Abdullayevlə münasibətlərinin yaranmasından
sonraya təsadüf etdiyi də deyilib.
Mətanət İsgəndərli haqqında yayılan narkoman iddiasıyla bağlı
xəbərə münasibət bildirərək deyib: "Nəyə əsasən bu sözləri
danışırlar? Onlara kim ixtiyar verib, bu sözləri deməyə..? Mən
həmin şəxsi tapsam, saçlarından tutub, sürüyəcəyəm. Bu,
bağışlanılmaz yalandır. Məni xalq tanıyır, bilir ki, mən necə
biriyəm. Kim görüb məni narkotikdən istifadə edərkən? Ayıb
olsun".
Qeyd edək ki, müğənninin özü A.Çovdarovun məhkəməsində iştirak
edəcəyi barədə mətbuatda yer alan iddialarla bağlı açıqlama
verməkdən yayınsa da, onun mətbuat katibi Zəminə Rüstəmova
saytımıza açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti
əks etdirmir: "Neçə gündür ki, Mətanət xanım barədə bu cür xəbərlər
yayılır. Özüm bu barədə şəxsən dəfələrlə Mətanət xanımla
danışmışam. O, deyir ki, mətbuata bu haqda açıqlama verməyəcək,
olmayan hadisə haqda danışmaq istəmir. Mənə bildirdi ki, yayılan
məlumatlar əsassızdır. O, Akif Çovdarovu tanımır, onunla heç bir
əlaqəsi olmayıb, bu cür xəbərlərin necə yayıldığını, kimdən
qaynaqlandığını bilmir. Özü də çaşıb, qalıb. Akif Çovdarov
məsələsində Mətanət xanımın adı hallansa idi, ona məhkəmədən kağız
gələrdi. Hazırda belə bir durum yoxdur. Mətanət xanım əməkdar
artistdir, xalqın sənətçisidir. Onun adını ləkələmək doğru deyil.
Özü də mənə dedi ki, jurnalistlərə bildirim ki, yalan kampaniyalara
qoşulmasınlar. Bu xəbərlər Mətanət xanıma zərbə vurmaq istəyənlərin
işidir. Bir daha deyirəm ki, onun A.Çovdarovla əlaqəsi yoxdur".